Koreya Respublikası 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir. Təhsil magistratura, doktorantura və tədqiqat səviyyələrini əhatə edir. Proqramdan 40 yaşadək şəxslər yararlana bilər. Təqaüdün müddəti magistratura təhsil səviyyəsi üzrə 3 il, doktorantura təhsil səviyyəsi üçün 4 il, tədqiqat proqramı üçün 6 ay təşkil edir. Tələbələrin aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta və s. xərcləri qarşı tərəfdən təmin olunur. Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidir. İngilis (TOEFL və IELTS Academic) və Koreya (TOPİK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir. Təqaüd proqramı ilə daha ətraflı edu.gov.az/az/page/228/14729 səhifəsindən məlumat əldə etmək olar.
Təqaüd proqramı əcnəbi tələbələrin Koreya universitetlərində müvafiq istiqamətlər üzrə təhsil alması, ölkədə beynəlxalq təhsilin inkişafı və ölkələr arasında sıx dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Qeyd edək ki, Cənubi Koreya hökumətinin təqaüd proqramı istedadlı əcnəbi tələbələrin ali təhsil alması üçün ölkə universitetlərinə dəvət olunması yolu ilə gələcək qlobal liderlərin dəstəklənməsi və təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə yaradılmışdır.
Oruc MUSTAFAYEV