Təlim prosesində əməkdaşlığın tətbiq edilməsi: - Təlim prosesində əməkdaşlıq iki istiqamətdə həyata keçirilir: Müəllim-tələbə və tələbələrarası əməkdaşlıq.
Əməkdaşlığın hər iki formasının həyata keçməsində müəllimin rolu böyükdür. Onları ayrı-ayrılıqda izah edək:
Müəllim-tələbə əməkdaşlığı: Müəllim-tələbə əməkdaşlığı tələbələrin tədqiqatçılıq fəaliyyətinin ilkin şərtidir. Universitetlərdə tədris prosesində yeni innovativ metodların tətbiqi tələbələrdə tədqiqatçılıq bacarıqlarının formalaşması üçün geniş imkanlar açır.
Müasir təlim konsepsiyaları tələbələrə hazır bilik vermək deyil, onların müstəqil olaraq bilik əldə etməsi üçün şəraitin yaradılmasını tələb edir. Tələbəni müstəqil bilik əldə etmə prosesinə cəlb etdikdə müəllimin yeni, mentorluq funksiyası meydana gəlir. Mentorluq funksiyası tələbənin müstəqil olaraq bilik əldə etməsinə, səriştələrə yiyələnməsinə rəhbərlik etməkdir.
Müəllim mentor kimi tələbəyə rəhbərlik edərək, onu müstəqil olaraq, bilik və səriştələr əldə etməyə istiqamətləndirir. Bu isə yalnız müəllim-tələbə əməkdaşlığı çərçivəsində mümkündür. Tədqiqat universitetlərində isə bu əməkdaşlıq daha da aktuallaşır. Əməkdaşlıq prosesində fərdiləşmiş təhsili həyata keçirərək, tələbəyə informasiya əldə etməyin yollarını, rəqəmsal öyrənmə vasitələrindən istifadə etmək bacarıqlarını, tələbələr arasında əməkdaşlığı, müəllim və tələbə arasında əks əlaqəni təşkil etmək üçün yeni yolları açılır.
Müəllim-tələbə əməkdaşlığı müxtəlif yollarla həyata keçirilə bilər. Mühazirə məşğələlərində dialoq, əqli hücum, problem situasiyasının yaradılması və bu kimi metodlardan istifadə etdikdə tələbələr yeni biliyi “kəşf” edə bilirlər. Məşğələnin belə təşkili tələbələrdə analiz, sintez, müqayisə etmə, sistemləşdirmə, modelləşdirmə, ümumiləşdirmə, nəticə çıxarma və bu kimi əqli əməliyyatların inkişafına təkan verir. Bu əqli əməliyyatların inkişaf etdirilməsi tələbələrdə tədqiqatçılıq bacarıqlarının formalaşmasını şərtləndirir.
Tələbələrarası əməkdaşlığı isə seminar məşğələlərində həyata keçirmək imkanları daha genişdir. Düzdür kiçik mühazirə qruplarında (bir qrupdan ibarət olan) tələbələrarası əməkdaşlığı həyata keçirmək mümkündür. İki və ya üç qrupdan ibarət olan böyük birləşmələrin isə bu imkanları məhdud olur. Seminar məşğələlərində və kiçik mühazirə qruplarında interaktiv təlim metodlarının təşkili vasitəsilə tələbələrə yaradıcı tapşırıqlar verməklə onlarda tədqiqatçılıq bacarıqlarını aşılamaq üçün yeni üfüqlər açılır. Lakin tələbələr arasında əməkdaşlıq təkcə tədqiqatçılıq bacarıqlarını deyil, qrupla işləmək, bir-birindən öyrənmək, özünü təsdiq etmək, fikirlərini sübut etmək, idarəçilik və s. bacarıqlarının formalaşmasına da yol açır. Bu, həm tələbənin şəxsiyyət keyfiyyətlərinin, həm də kadr kimi hazırlanmasını daha da yaxşılaşdırır.
Universitetin yaradıcılıq funksiyasının yaradılması: - Ali təhsil müəssisəsinin tədqiqat universitetinə çevrilməsi və ya tədqiqat universiteti kimi fəaliyyət göstərməsi üçün onun kadr potensialı olmalıdır. Təbii ki, söhbət müəllim kadrlarından və onların alimlik potensialından gedir. Artıq alimlər yeni innovativ problemlər üzərində tədqiqatlar aparmalıdırlar. Uzun illər ərzində, xarici ölkələrdə aparılan hər hansı yeni elmi istiqamət alimlərimizin diqqətini cəlb etmiş, onların ideyalarından faydalanaraq tədqiqat aparmışlar. Təbii ki, bu yanaşma öz mövqeyini hazırda da saxlayır. Amma dünya üçün yeni olan tədqiqat istiqamətlərinin açılmasını da həyata keçirmək tələb olunur. Axı nə üçün biz ancaq xarici ölkə alimlərinin apardığı tədqiqatlara üstünlük verməliyik. Özümüz yeni tədqiqat istiqamətləri müəyyən edə bilmərik? Əlbəttə, bizim alimlərin bu imkanları var. Fikrimizcə bu yanaşmaya üstünlük versək, daha böyük nailiyyət əldə edə bilərik. Nə üçün biz “ilk”lərə imza atmamalıyıq? Məsələnin belə qoyuluşu universitetlərin yeni funksiyasının - yaradıcılıq funksiyasının yaranmasını şərtləndirir.
Yaradıcılıq funksiyası tədqiqat universitetinin fəaliyyətinin özəyini təşkil edir. Bu funksiya universitetin innovasiyalara imza atması üçün yol açır. İnnovasiyalar çoxaldıqca və istehsala tətbiq edildikcə universitetin nüfuzu artır. Universitet ölkənin inkişafına təkan verməyə başlayır, onun lazımlılıq dərəcəsi artır. O, cəmiyyətin texnoloji və sosial-iqtisadi sifarişini reallaşdırmağa başlayır. Bu onun kadr hazırlığının da yaxşılaşması imkanlarını artırır. Nəticədə elm və təhsili birləşdirərək, onların vəhdətində elmi nəticələrin kommersiyalaşdırılması yolu ilə universitetin həm mənfəət əldə etmək, həm də innovativ bacarıqlara malik mütəxəssislər yetişdirmək imkanları çoxalır.
Tədqiqatlar innovativ məzmun daşıdıqca universitetdə yeni biliklərin yaranma prosesi reallaşmağa başlayır. Məsələn, Amerikanın, Yaponiyanın və başqa ölkələrin tədqiqat universitetləri məhz belə fəaliyyət sayəsində yeniliklərə imza atırlar. Bu gün dünyanın inkişafına nəzərəçarpacaq təsir edəcəyi gözlənilən “süni intellekt” ideyası universitetlərin bu cür fəaliyyəti nəticəsində yaranmışdır.
Müasir dövrdə tələbələrə tədricən daha çox dar ixtisas biliklərinin verilməsinə başlanmışdır. Amma unutmaq olmaz ki, hətta dar ixtisas sahələri üzrə biliklər belə indi həcm etibarı ilə çox genişdir. Bu universitetlərin yaradıcılıq funksiyasına qucaq açmasının nəticəsidir. Artıq hər bir dar ixtisas sahəsində yeni innovativ biliklər əldə olunur.
Yaradıcılıq funksiyası universitetin fəaliyyət sahəsini genişləndirir. Universitet müstəqil olaraq öz fəaliyyət sahəsinə innovasiyalar tətbiq edə bilir. Məsələn, tədris prosesini təkmilləşdirmək üçün müstəqil olaraq, modul təhsil proqramları hazırlaya bilər. Bu proqramların əsas mahiyyəti ondan ibarətdir ki, təhsilalanların əmək fəaliyyətinə daha asan adaptasiya olması üçün onlara peşə istiqamətində zəruri olan səriştələr aşılansın. Hər bir modulda tələbələrə müxtəlif problemləri praktik tapşırıqlar və qrupla iş forması vasitəsilə həyata keçirdikdə daha yaxşı nəticələr əldə olunur.
Modul təhsil proqramları ilə yanaşı, universitetlər konstruktor büroları, biznes inkubatorları və başqa biznes strukturları yaratmaq imkanına malik olur. Bu strukturların yaranması elmi işlərin kommersiyalaşması məqsədi daşısa da, onların fəaliyyətinə müəllimlər tədqiqatçılıq qabiliyyətinə yiyələnmiş yuxarı kurs tələbələrini də cəlb edə bilirlər. Tədrisin belə təşkili nəticəsində tələbələrin həm tədqiqatçılıq bacarıqları inkişaf edir, həm də innovasiyaların yaradılmasında onlar pay sahibi olurlar. Bu, onların yaradıcı fəaliyyətinin daha da genişlənməsi üçün stimul yaradır.
Tələbələrin biliyi ilə yanaşı səriştələrinin qiymətləndirilməsi. Yuxarıda qeyd edilən şərtlər qiymətləndirmənin düzgün təşkil edildiyi vaxt daha səmərəli xarakter daşıyır. Lakin onu qeyd etmək zəruridir ki, ali təhsil müəssisələrində qiymətləndirmə strategiyasının təkmilləşdirilməsinə ehtiyac vardır. Bu gün ali məktəblərin əksəriyyətində semestr imtahanlarında tələbələrin yalnız biliyi yoxlanılır. Halbuki, tələbənin biliyi ilə yanaşı səriştələrinin qiymətləndirilməsi tələb olunur. Bu, həm də tədqiqat universitetlərinin tələbidir.
Ali məktəbdə dünya təcrübəsində uğurla tətbiq edilən diaqnostik, formativ və summativ qiymətləndirmədən istifadə etmək daha məqsədəuyğun olardı. Əslində bugünkü qiymətləndirmə sistemində bu və ya digər dərəcədə bu qiymətləndirmə formalarından istifadə imkanları var və qabaqcıl müəllimlər ondan yararlanırlar.
İlk məşğələlərdə müxtəlif suallarla tələbələrin bilik səviyyələrini müəyyən etmək o qədər də çətin deyil. Təbii ki, belə yoxlamadan sonra fənnin tədrisini daha səmərəli həyata keçirmək üçün müvafiq metodika və texnologiyaları müəyyən etmək asanlaşır.
Semestr ərzində tələbələrlə seminar və laborator məşğələlər, sərbəst işlər həyata keçirilir. Bu məşğələlərdə tələbələrlə formativ qiymətləndirmənin həyata keçirilməsi imkanları genişdir. Qeyd olunan məşğələ formalarında tələbələrin biliklərini yoxlamaqla bərabər, onların bu bilikləri tətbiq edə bilmələrini, analiz-sintez və s. bacarıqlarının yoxlanmasına yönəldikdə uğurlu nəticələr əldə olunur. Bu zaman interaktiv təlim metodları - əqli hücum, problemli situasiyanın yaradılması, qruplarla iş, layihə, müzakirə, dialoq və s. metodlar vasitəsilə müəllim tələbələrin inkişafını izləmək imkanı əldə edir.
Hər bir semestr ərzində tələbələrlə keçirilən kollokviumları (semestr ərzində bakalavriat səviyyəsində hər bir qrupda üç, magistratura səviyyəsində isə iki kollokviumun keçirilməsi nəzərdə tutulub), semestrin sonunda isə imtahan təşkil olunur. Qiymətləndirmənin bu formalarını summativ yoxlama kimi dəyərləndirə bilərik. Qabaqcıl müəllimlər kollokviumlar zamanı müxtəlif texnologiyalardan istifadə edərək, tələbələrin həm bilik, həm də səriştələrini yoxlaya bilirlər. İmtahanlarda isə hələlik yalnız bilik yoxlanılır. Fikrimizcə, ali məktəblərdə imtahanların keçirilmə texnologiyasının təkmilləşdirilməyə ehtiyacı var.
Təhsil prosesində ənənəvi (əyani) dərslərlə bərabər onlayn dərslərin, həmçinin distant təhsilin imkanlarından istifadə edilməsi. Onlayn dərs anlayışı ölkəmizdə pandemiya dövründə təhsil həyatına və pedaqoji leksikologiyaya daxil oldu. Onun üstünlükləri ilə yanaşı, nöqsanları da az olmadı. Əsas nöqsanı kimi tələbələrin dərsdə lazımi səviyyədə iştirak etməməsi və internet resurslarının tələblərə uyğun olmaması idi. İkinci çatışmazlıq obyektiv səbəb idi, onu aradan qaldırmaq mümkündür və heç də bütün hallarda bu çatışmazlıq böyük xətalar yaratmırdı, internetdə, xüsusən yükləndiyi hallarda, çətinliklər yaranırdı. Amma birinci səbəb təhsilin keyfiyyətinə köklü dərəcədə təsir göstərdi.
Amma bütövlükdə onlayn dərslər təhsil sferasında inklüzivlik imkanlarının geniş olduğunu göstərdi. Hətta bu gün mətbuat səhifələrində qarışıq dərslərin - həm əyani, həm də onlayn dərslərin keçirilməsi təqdir olunur. Bu fikri biz də dəstəkləyirik. Məsələn, fikrimizcə, ilk dövrlərdə tədqiqat universitetlərində cədvəl üzrə dərsləri (mühazirə və seminar məşğələlərini) ənənəvi formada, fərdi işləri isə onlayn formada təşkil etmək mümkündür. Tələbə ilə birlikdə həyata keçirilən tədqiqatlarda isə onlayn görüşlərin təşkili faydalı ola bilər. Konstruktor büroları, biznes inkubatorlarının və digər tədqiqat və biznesyönümlü fəaliyyətləri də onlayn formada həyata keçirmək mümkündür. Onu qeyd edək ki, bu gün artıq qabaqcıl müəllimlər dərsdənkənar məşğələ kimi həyata keçirdikləri məsləhət saatlarını (ilboyu seminar məşğələlərinə hazırlaşarkən) onlayn platforması əsasında həyata keçirirlər. Düşünürük ki, tədris prosesində ənənəvi və onlayn formatın qarışıq təşkili bu gün üçün təhsilin səmərəli təşkili baxımından faydalı ola bilər.
Dünya ali məktəblərində distant təhsil formasından da geniş istifadə olunur. Distant təhsilin təşkili inklüzivliyi daha çox artırır. Bu gün distant təhsil təkcə ali təhsil sahəsində deyil, cəmiyyətin müxtəlif sferalarında - işləyənlərin istehsalatdan ayrılmamaqla (iş saatının 1-2 saat qısaldılması şərti ilə) ixtisaslarını artırmaq, onlara yeni tədqiqatlar, texnologiyalar, iş üsulları və s. haqqında məlumatların verilməsi baxımından istifadə olunur. Bu fəaliyyət universitetin maliyyə resurslarını artırmaqla bərabər, cəmiyyət həyatında, işçilərin inkişafında rolunu artırır. Fikrimizcə, bu yaxşı yanaşmadır, artıq onu həyata keçirmək mümkündür. Bunun üçün universitetlərin nəzdində tədris studiyalarından ibarət olan distant təhsil mərkəzlərinin yaradılması vacibdir.
Son söz əvəzi
Ölkəmizdə ali təhsilin inkişafının növbəti mərhələsi tədqiqat universitetlərinin yaradılmasını tələb edir. Bu istiqamətdə universitetlərimizdə innovativ işlər həyata keçirilir. Fikrimizcə, yaxın gələcəkdə tədqiqat universitetlərinin fəaliyyətini müşahidə edə biləcəyik. Hesab edirik ki, həmin universitetlərin yaradılması ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirəcəkdir. Bu vəzifənin öhdəsindən gəlməklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil qarşısına qoyduğu tələbləri tam yerinə yetirilmiş olarıq.
Hikmət ƏLİZADƏ,
BDU-nun professoru