Təhsil hər bir cəmiyyətin və dövlətin gələcəyini müəyyənləşdirən əsas faktorlardan biridir. Bu prosesdə biliklərin ötürülməsi ilə yanaşı, gənclərin psixoloji cəhətdən sağlam formalaşması və təhsil alması da vacib şərtdir. 
 
Psixoloji xidmətlər çağdaş təhsil sistemində əhəmiyyətli bir komponentə çevrilərək cəmiyyətin birbaşa gələcəyi ilə əlaqəli taleyüklü məsələlərin inkşafına xidmət edir.
 
Son illər tədris müəssisələrində keyfiyyətli, müasir tələblərə cavab verən psixoloji xidmətin təşkili və effektiv fəaliyyəti problemi daha da aktuallaşıb. Cəmiyyətdə gedən proseslər, təhsil sistemində aparılan islahatlar nəticəsində  peşəkar psixoloqlara ehtiyac da artıb. Aparılan tədqiqatlar onu deməyə əsas verir ki, məktəb həyatında baş verən müxtəlif hadisələr məktəb heyəti və şagirdlər arasındakı münasibətlərdə psixoloji problemlərin yaranmasına gətirib çıxara bilər.
 
Məktəbdə ortaya çıxan bir sıra neqativ hadisələr, müəllim-şagird, şagird-şagird, müəllim-valideyn arasında gedən proseslər, eyni zamanda digər amillər müəyyən psixoloji problemlərin yaranmasına səbəb olur. Məlum olduğu kimi, müasir pedaqogika hafizə məktəbindən təfəkkür məktəbinə, subyekt-obyekt münasibətlərindən subyekt-subyekt münasibətlərinə keçidi, psixika və davranışda əsaslı dəyişikliklərin olmasını zəruri edir. Digər bir cəhət isə bütövlükdə məktəb həyatının psixologiya yönümlü edilməsi zərurəti ilə bağlıdır.
 
Azərbaycanda məktəb psixoloqlarının hazırlanmasına ötən əsrin 90-cı illərindən başlanılıb. Keçən dövr ərzində psixoloji xidmət inkişaf edərək genişlənib, ilbəil təkmilləşərək bu sahə ilə məşğul olanların sayında yüksəlmə ilə nəticələnib.
 
Hazırda ölkəmizdə bir çox ali təhsil müəssisəsində yüksək hazırlıqlı psixoloqlar yetişdirilir. Belə müəssisələrdən biri də məhz Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Bu sahədə kadr hazırlığı ADPU-nun məktəbəqədər təhsil fakültəsində həyata keçirilir. Fakültəmizidə üç – “Məktəbəqədər təhsilin pedaqogikası”, “Təhsildə sosial-psixoloji xidmət “və “Korreksiyaedici təlim” ixtisasları üzrə peşəkar kadr hazırlığı aparılır. ADPU Azərbaycanda ilk və yeganə ali təhsil müəssisəsidir ki, “Korreksiyaedici təlim” ixtisası üzrə kafedra da fəaliyyət göstərir.
 
Son illərdə ADPU-da aparılan köklü islahatlar bu fakültədə də tədrisin keyfiyyətinin yüksəlməsinə şərait yaradıb. Yeni tədris materiallarının hazırlanmasında müasir tələblərin nəzərə alınması, mühazirə, seminar məşğələlərin yeni təlim texnologiyaları əsasında aparılması və s. tələbələrin psixologiya sahəsində müasir biliklərə yiyələnmələrində mühüm rol oynayır. Bununla yanaşı, tələbə qəbulunun inkişaf dinamikası nəzərə alınarsa, ixtisaslara qəbul ballarının ilbəil artması müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, ADPU-nu, o cümlədən, fakültəmizi seçənlər daha hazırlıqlı və tədrisin keyfiyyətindən əmin olan abituriyentlərdir. Eyni zamanda, fakültənin hər üç ixtisasının müasir dövrdə tələb edilən peşələr olması və rəqabət mühitinə davamlılığı bu ixtisaslara marağın daha da artmasına səbəb olub. 
 
Ümumi olaraq məktəbəqədər təhsilin pedaqogikası, ümumi psixologiya, pedaqoji psixologiya və xüsusi təhsil kafedraları üzrə 97 professor-müəllim heyəti çalışır. Hazırda fakültəmizdə təhsildə sosial-psixoloji xidmət ixtisasında bakalavriatura üzrə 527 tələbə, magistratura üzrə isə 27 magistrant təhsil alır. Onların peşəkar psixoloq kimi formalaşması ilə iki ixtisas kafedrası - ümumi psixologiya və pedaqoji psixologiya kafedralarının professor-müəllim heyəti fəal məşğul olur. 
 
Fəxrlə qeyd etmək istəyirəm ki, məzunlarımız Bakı və regionlarımızda fəaliyyət göstərən 4500-dən artıq həm orta məktəbdə, həm də müxtəlif özəl müəssisələrdə uğurla əmək fəaliyyəti ilə məşğuldurlar. 
 
Məzunlarımızın bir qismi 44 günlük Vətən müharibəsində həm döyüşçü kimi, həm də peşəkar psixoloq kimi müharibə iştirakçılarının reabilitasiyası işində yaxından iştirak edib. Fakültəmizdə Psixoloji xidmət mərkəzi də fəaliyyət göstərir. Universitetimizin 5 tədris korpusunda ixtisas kafedralarının mütəxəssisləri psixoloji problemləri olan tələbələrimizə peşəkar konsultasiya imkanı təqdim edir, həmçinin ilk dəfə ali məktəbə qədəm qoyan I kurs tələbələrinə universitet həyatına adaptasiya üçün dəstək olurlar. 
 
Məktəbəqədər təhsil fakültəsinin akademik məsləhətçiliyi ilə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının Psixologiya klubu tələbələrin sədrliyi və fakültənin müəllim heyətinin tövsiyələri, tələbələrin maraqları əsasında idarə edilir. Belə ki, sözügedən klub, nəinki universitet daxilində, hətta universitetdən kənarda tədbirlər, layihələr təşkil edir və digər klublarla, birliklərlə əməkdaşlıq əlaqələri qurur.
 
Universitetimizin rektoru professor Cəfər Cəfərovun dəstəyi ilə məktəbəqədər təhsil fakültəsinin nəzdində pedaqoji-psixoloji xidmət laboratoriyasının açılması da bu sahədə atılan mühüm addımlardandır. Laboratoriyanın yaradılmasının əsas məqsədi fakültənin ixtisas profilinə uyğun olaraq təhsil alan tələbələrin əldə etdiyi akademik biliklərin mütəxəssislərin dəstəyi ilə praktiki qaydada mənimsənilməsidir. 
 
Bu mövzunun cəmiyyətdə aktuallığı baxımından müasir dövrdə psixologiyaya dair forumları təhsil sahəsində əhəmiyyətli məlumat mübadiləsi və peşəkar inkişaf platforması kimi dəyərləndirə bilərik. Məhz bu tendensiyanın davamı kimi 27 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə psixoloji xidmətin aktual problemləri” I Respublika Forumunun keçirilməsi də təsadüfi deyildi. Forumda əsas məqsəd təhsildə psixoloji xidmətlə bağlı alim və tədqiqatçıların, peşəkar psixoloqların, məsul şəxslərin problemlərə münasibət bildirmələri, yeni yanaşma və metodikaların təklif edilməsindən ibarət idi. 
 
Təhsil sahəsində psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, ümumiləşdirilmiş fikir və təkliflərin irəli sürülməsi və mövcud problemlərin effektiv şəkildə həllinin müəyyən edilməsi forumun əsas məqsədləri sırasında  yer aldı. Beləliklə, təhsil sahəsində psixoloji xidmətin bu günün reallıqlarına cavab verməsinə, bu mövzu üzrə psixologiya elminin son nailiyyətlərinə, onun praktik əhəmiyyətinə bir daha elmi nəzər salındı. Müxtəlif universitetlər və psixoloji mərkəzlərin nümayəndələri, məktəb psixoloqları daxil olmaqla, ümumilikdə 400 nümayəndənin qatıldığı forum gözəl təcrübə mübadiləsi yaratdı. Bu baxımdan ümid edirik ki, faydalı işbirliyinə xidmət göstərən belə tədbirlərimiz davamlı olacaq.   
 
 
Nailə  Hüseynova,
ADPU-nun məktəbəqədər təhsil fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, dosent