Şəxsi iddialar, maddi çətinliklər, laqeydlik, məsuliyyətsizlik və intizamsızlıq, pis vərdişlər, ailədaxili konfliktlər –bütün bu xüsusiyyətlərə malik bir ailədə böyüyən məktəbli qarşınızda dayansa, nə edərsiniz?
 
Situasiya:
 
“N” adlı 5-ci sinif şagirdinin oxu sürəti çox zəifdir, yazını üzündən doğru köçürə bilmir, gözlərini tez-tez qırpır, səbəbsiz yerə müəllimdən qorxub çəkinir. Şagirdin valideyni (ana) məktəbə fərdi görüşə dəvət olunur. O bildirir ki, oxumadığı üçün övladını tez-tez döyür, bəzən buna görə qızının epilepsiyası da tutur. Valideyn özünün də “əsəb xəstəsi” olduğunu deyir. Belə situasiyada müəllim hansı addımları atmalıdır?
 
Müasir cəmiyyətdə şagirdlərlə bağlı xoşagəlməz videolar sosial şəbəkələrdə gündəm olan kimi günahkar axtarışında ilk ağıla gələn məktəb olur. Problem yaşayan şagird bir tərəfdə qalır, təhsil sistemi ittiham olunmağa başlanır. Bəs, uğurlu şagird yetişdirib cəmiyyətə təqdim etmək üçün müəllim və valideyn, məktəb və valideyn tərəfdaşlığı necə tənzimlənməlidir?! Məktəblərdə effektiv məktəb-valideyn əməkdaşlığını necə qurmaq olar?
Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, şagirdin yetişməsində məsuliyyət və bütün yük təhsil müəssisələrinin üzərindədir. Xeyr, bu yanaşma kökündən yanlışdır. Uşaqların zehni, əqli inkişafında, formalaşmasında məktəb əsas məkandır, amma yeganə məsuliyyət daşıyan qurum deyil. Ailənin, eləcə də bütün özəl və dövlət qurumlarının uşaqlarla bağlı sosial aksiyaları, xüsusi proqramları olmalıdır. Məktəbli turları, düşərgələr, gəzintilər təşkil etmək müxtəlif maraqlı tərəflərin diqqət mərkəzində saxlanılmalıdır.  Çünki cəmiyyət gələcəyin qurucuları olan uşaqlara görə tam məsuliyyət daşıyır. Onlarda ətraf mühitə hörmət, məsuliyyət hissinin formalaşmasında, vətənpərvərlik duyğularının aşılanmasında bu cür sosial kompaniyalar mühüm əhəmiyyətə malikdir.
 
Ailə şagirdin həm fiziki, həm də mənəvi cəhətdən formalaşması üçün məktəb qədər vacib mühitdir. Uşaqların dəyərlər sisteminin yaranmasında, ehtiyaclarının istiqamətlənməsində, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, Vətənə, tarixə və mədəni irsə münasibətinin formalaşmasında ailə mühitinin əhəmiyyətli rolu var.
 
Valideyn-müəllim tərəfdaşlığının və şagird uğurunun təkcə məktəbdə deyil, bütün həyatı boyu müsbət təsiri ilə bağlı çoxlu araşdırmalar var. Araşdırmalarda qeyd olunur ki, valideynlərinə “əl uzatmadan” uşaqları tərbiyə edə bilmərik. Məktəblər və ailələr birlikdə işlədikdə uşaqların təkcə məktəbdə deyil, həm də həyatda uğur qazanmaq şansları daha yüksək olur.  Tədqiqatlarda yüksək nəticə əldə etmək üçün 3R  (Relationship, Respect, Responsibility), yəni üç keyfiyyət – düzgün münasibət, hörmət, məsuliyyəti bölüşmək  ön plana çıxarılır.
 
 
Məktəb və valideyn şagirdin ən yaxşı nəticəni əldə etməsini istəyirsə, o zaman onlar şagirdin uğuru üçün məsuliyyəti paylaşmalıdırlar. Bu zaman nə məktəb, nə də valideyn uğursuzluğa görə digərini günahlandırmayacaq. 
 
 
Cons Hopkins Universitetində Valideyn Məktəbi və İcma Tərəfdaşlığı Mərkəzinin direktoru Coys Epsten deyir: “Bizim vəzifəmiz valideynlər üçün əlverişli məktəblər və məktəbə uyğun evlər yaratmaqdır”. C.Epsten valideynlər üçün əlverişli məktəblər dedikdə, şagirdlərin  fərqlərini qiymətləndirən, onları olduğu kimi qəbul edən, hər şeyi əhatə edən məktəblərdən danışır. Məktəbə uyğun evlər deyərkən, o, təlimi yenidən gücləndirən, ev tapşırığına kömək edən, evdə məktəbin əhəmiyyətini qabardan ailə mühitini nəzərdə tutur. C.Epsten tərəfindən hazırlanmış tədqiqata əsaslanan çərçivədə valideynlərlə ünsiyyətin valideynə dəstək, ünsiyyət qurmaq, könüllülük, evdə öyrənmə mexanizminin hazırlanması, qərarların qəbulunda dəstək kimi yollar təklif edilir.
 
Effektiv məktəb-valideyn əməkdaşlığı üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qarşımıza kifayət qədər öhdəliklər qoyur. Belə ki, tərəflər səriştəli valideyn + səriştəli müəllim + öyrənmə mühiti = səriştəli şagird “riyazi düsturunu” unutmamalı, məlumatlı olmalı, ünsiyyət müntəzəm, davamlı, ikitərəfli, o cümlədən verilən rəylər mənalı və konstruktiv olmalıdır. Bunun üçün onlayn platformada açılan hansısa rəsmi veb sayt dəyərli resurslar təqdim edə bilər.  Məktəbdə və evdə şagirdin özünü daha rahat ifadə edə biləcəyi, ehtiyaclarını rahat dilə gətirəcəyi bir iqlim olmalıdır. Nümunə üçün qeyd edək ki, Yaponiyada valideynlər uşaqlarının təhsilində o qədər yaxından iştirak edir ki, xəstələnmiş uşağın əvəzinə, onlardan birinin, xüsusən də ananın dərsə getməsi, qeydlər götürməsi normal hal kimi qəbul edilir.
 
Valideynlər övladlarının ilk müəllimləri olduğundan şagirdin təlim-tərbiyəsində onların rolu danılmazdır. Valideynlərdə uşaqları ilə müsbət və sağlam münasibət qurmaq, onlara nümunə olmaq, onlara rəhbərlik etmək məsuliyyəti olmalıdır. Şagird müsbət iqlimi gördükdə özü də məmnun olur. Valideynlər də təhsil prosesində tərəfdaş olmaqla məlumat mübadiləsi apara və övladları ilə bağlı qərarların qəbulunda iştirak edə bilərlər. 
Yuxarıda göstərilən real situasiyada müəllim valideynə övladının müsbət cəhətlərini (dərsi dinləməyə çalışması, məktəbin daxili nizam-intizam qaydalarına əməl etməsi) vurğulayır, uşağa qarşı şiddət göstərmədən daha çox nəticə əldə edəcəyini (bütün tərəflərin) bildirir. Bu yanaşma valideyndə övladına qarşı inamı artırır. Çünki bəzən valideyn məsuliyyətsizlikdən deyil, övladının gələcəyi ilə bağlı keçirdiyi narahatlıqlara görə gərginlik yaşayır və nəticədə doğru olmayan addımlar (məsələn, verbal və fiziki buillinq) atır, bulliyə “çevrilir”. 
 
Texnologiya valideynlər və müəllimlərin qarşılıqlı əlaqə tərzini dəyişdirmiş (mətn mesajları, e-poçt və sosial media kimi), bu da öz növbəsində müəllim-valideyn qarşılıqlı əlaqəsinin yeni dövrünü formalaşdırıb. Yəni, valideynlərlə ünsiyyətin indi daha çox yolları var.
 
“Harvard Graduate School of Education”un müəllim-valideyn ünsiyyətinin şagirdin fəaliyyətinə təsiri ilə bağlı hesabat açıqlamasında qeyd olunur ki, mütəmadi müəllim-valideyn ünsiyyətinin olması şagirdin məktəbdəki performansını yaxşılaşdırır. Orta hesabla, müəllim-ailə ünsiyyəti şagirdlərin ev tapşırığını yerinə yetirmə ehtimalını 40 faiz artırıb, müəllimlərin şagirdlərin diqqətini tapşırığa yönəldərkən ortaya çıxan neqativ halları 25 faiz azaldıb və sinifdə iştirak nisbətini 15 faiz artırıb.
 
Ailə uşaqların intellektual inkişafında da təsirli rola sahibdir. Amerikalı tədqiqatçı Hovard Blum çox ciddi hipotezlə bütün dünyanın diqqətini özünə cəlb edə bilib. Onun tədqiqatlarına görə, maddi və mənəvi təminatlı ailədə böyüyən uşaqlarla bu sahədə problemləri olan ailələrin uşaqlarının əqli inkişafındakı fərq əmsalı 20 balı ötür.
 
Uğurlu müəllim – valideyn tərəfdaşlığı üçün nələrə diqqət etməliyik?
 
Müəllim artıq, sadəcə 45 dəqiqəlik akademik saatı idarə edən şəxs yox, eyni zamanda şagirdin dostu, ona istiqamət verən şəxs olmalıdır. Unutmaq olmaz ki, müasir təsildə müvəffəqiyyət qazanmaq istəyiriksə, uşağı həm intellektual (IQ), həm də emosional (EQ) inkişaf etdirməliyik. Bir şagirdin həm emosional, həm idraki bacarıqlarını inkişaf etdirmək üçün nədən başlamalı? 
İlk iş anonim sorğu, müsahibə, fərdi söhbətlər, onlayn görüşlər, konfranslar vasitəsilə məlumat toplamaq, əldəki nəticələrə uyğun strategiya seçməkdir. 
 
Valideynlə əlaqə yaratmağa kömək edən bir çox texnologiyalar mövcuddur ki, bunlardan bir neçəsini qeyd etmək olar: 
 
Sinif veb-saytı və ya məktəb veb-saytı;
Qiymətlərin müzakirəsi (fərdi);
Davamiyyət cədvəli;
Sinif dəftərləri;
Sinif layihələrindən fotoşəkillər və videolar;
SMS/Mətn dəstəyi ilə ikitərəfli söhbət;
Həftəlik məlumat məktublarının paylanması və s.
 
Müəllimlər və valideynlər arasında müntəzəm ünsiyyət şagirdlərlə bağlı uğurlu təcrübə əldə etmək üçün çox vacibdir, ona görə ki, müəllimlərin 25-30 valideynlə ünsiyyət qurması çox zaman tələb etsə də, nəticəsi mükəmməl olur. 
 
Həmçinin valideynlərin övladlarının təhsilini müzakirə edərkən emosional olmaları normaldır. Valideynlərin həmişə sinifdə nə baş verdiyini bilmədiklərindən övladı ilə bağlı gərginlik yaşaması çox təbiidir. Bu zaman valideynlərin bu narahatlığının səbəbini aradan qaldırmaq lazımdır.
 
Bəzi valideynlər üçün övladının imkanlarına obyektiv baxmaq çətin ola bilər və müəllim video-rolik, dəstəkləyici söhbətlər vasitəsilə izah etməlidir ki, hər uşaq fərqli və özünəməxsusdur. Yəni, hamıdan eyni performansı gözləmək onların mövcud bacarıqlarını məhdudlaşdırmaq deməkdir. Heç kəs lalə gülündən qızılgül çiçəyi açmasını gözləməz. Eynilə şagirdlər də individual bacarıq nümayiş etdirirlər. Yetər ki, məktəb və ailə mühiti onları dəstəkləsin. Müəllim şagirdə qarşı bu dəstəyi, hörmət və səmimiyyəti nümayiş etdirdikdə, valideynlər daha rahat olur, müəllimin dediklərini dinləməyə və qəbul etməyə şagird də, valideyn də daha açıq olurlar. 
“Müsbət valideyn-müəllim münasibəti uşağınızın məktəbdə özünü yaxşı hiss etməsinə və məktəbdə müvəffəqiyyət qazanmasına kömək edir”- deyə Vhelock Kollecinin professoru Diana Levin belə məsləhət görür: “Bu, uşağınızın müəlliminə etibar edə biləcəyini nümayiş etdirir, çünki siz onlara inanırsınız. Bu müsbət münasibət uşağa həyatındakı mühüm insanların birlikdə işlədiyini hiss etdirir”.  Şagirdə inam, qayğı, hörmət onun bütün potensialını ortaya qoymasına gətirib çıxarır. 
 
Təhsil mütəxəssisi Tom Brassington isə deyir: “Müəllim yoldaşlarımdan birinin sinfindəki bir şagird ona “Cavabı bilmirəm” deyəndə o, sadəcə deyir ki, mənə faydalı ola biləcək saydığın bir şeyi de”. 
Bütün sadalananlar ümumiləşdirilsə, yuxarıda göstərilən real situasiyada müəllimin necə reaksiya verməyi ilə bağlı belə bir qənaətə gəlirik: 
 
- Təhsilverən olaraq müəllimin belə məqamda şagirdə qarşı davranışının təməlində bu ideya olmalıdır: “Nə olursa-olsun, gedəcək bir yerin, sözünü deyəcək bir şəxs bu dünyada olmasa belə, sənin bir müəllimin var”;
- Müəllimin valideynə deyəcəklərinin təməlində isə bu məzmun əks olunmalıdır: “İstedadından, bacarığından asılı olmayaraq sizin övladınız çox dəyərlidir”.
 
Müəllimlərə və valideynlərə ünsiyyət qurarkən nəzərə almalı olduqları psixoloji tövsiyələr:
 
• Özünüz nümunə olun;
• Danışarkən onların sözünü kəsməyin, aktiv dinləmə metodundan istifadə edin;
• Öz həyat təcrübələrinizi onlarla bölüşün;
• Onların davranışını idarə edən səbəbləri araşdırın;
• Onların problemləri ilə maraqlanın;
• Bacarıqlarını, bilik səviyyələrini müəyyən edin;
• Qarşılıqlı hörmət mühiti yaradın;
• Qaydaları uşaqlarla birlikdə müəyyənləşdirin;
• Ən kiçik təşəbbüslərini belə dəstəkləyin və onları ruhlandırın.
 
Unutmayaq ki, şagirdlərin hər biri potensial bacarıq daşıyıcılarıdır. Bunu üzə çıxarmaq üçün həm valideyn, həm məktəb, sadəcə lazım olan mühiti – sevgi, qayğı, etibar, dürüstlüklə çevrələnmiş mühiti yaratmalıdır. 
 
 
 
 
 
 
 
Aygün ƏLİYEVA
 
Biləsuvar rayon Əli Almasov adına Səmədabad kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi