Elmi-biblioqrafik fəaliyyət informasiya ilə işləyən müəssisələrin prioritet istiqamətlərindən biridir. Milli, elmi-köməkçi və tövsiyə biblioqrafiyasının inkişafına istiqamətlənmiş bu fəaliyyətin tərəflərindən biri tədqiqatçıların biblioqrafik araşdırma işini yaxşılaşdırmaq naminə informasiya xarakterli nəşrlərin, biblioqrafik göstəricilərin tərtibidir.
Biblioqrafik informasiya fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edən biblioqrafik vəsaitlərin tərtibi və nəşrinin həyata keçirilməsi bu gün çox fəal sahədir. Bu biblioqrafik göstəricilər müxtəlif mövzuları əhatə etməklə istifadəçilərin informasiya tələbatının ödənilməsi məqsədi ilə yaradılır. Bu gün sənədlərin biblioqrafiyalaşdırılması, ölkənin biblioqrafik vəsaitlər sisteminin formalaşması sahəsində geniş, əhatəli və səmərəli fəaliyyət nəzərə çarpır. Nəşr olunan müxtəlif növlü biblioqrafiyaların tərtibi ilə əsasən biblioqraflar, həmçinin müxtəlif alimlər məşğul olur.
Milli biblioqrafik vəsaitlər sistemində ölkənin müxtəlif tanınmış ictimai və siyasi xadimlərinə, elm və mədəniyyət nümayəndələrinə həsr edilmiş elmi-köməkçi xarakterli şəxsi biblioqrafik vəsaitlər xüsusi yer tutur. Bu vəsaitlərin nəşrində məqsəd informasiya tələbatçılanm fəaliyyəti araşdırılan şəxslə bağlı ölkənin bütün sənəd fondlarında mühafizə edilən hər növ materiallarla tanış etməkdir. Gərgin əməyin və hərtərəfli axtarışların nəticəsi kimi ərsəyə gələn bu vəsaitlər milli biblioqrafiyanın formalaşması və inkişafında əvəzsiz rol oynayır.
Dilçilər, ədəbiyyatşünaslar, filoloqlar, elm xadimləri, biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş növbəti biblioqrafik tərtib işi Azərbaycan Nobel İnformasiya Mərkəzi tərəfindən “Adiloğlu” nəşriyyatında çap olunmuş “Professor Buludxan Əziz oğlu Xəlilovun biblioqrafiyası” kitabıdır. Tarix üzrə elmlər doktoru Bəybala Ələsgərovun tərtibçi-müəllifliyi ilə bu günlərdə işıq üzü görmüş bu vəsait ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Əziz oğlu Xəlilov haqqındadır. Şəxsi biblioqrafik göstəricilər sisteminə bu günlərdə daxil olmuşdur. Kitab dəyərli ziyalımız haqqında hazırlanmış ilk biblioqrafik işdir.
Azərbaycan biblioqrafiya elminə yeni bir töhfə olan bu vəsaitin elmi redaktoru AMEA Məhəmməd Füzuli adma Əlyazmalar İnstitutunun doktorantı Aygün Hacıyeva, ixtisas redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, bədii və texniki redaktoru Aybəniz Sultanovadır. Bu tərtib işi 789 mənbənin biblioqrafik məlumatlarını özündə əks etdirməklə tanınmış alimin yaradıcılığı ilə maraqlanan tədqiqatçılar üçün mühüm məxəz rolunu oynayır.
Göstərici “Tərtibçi-müəllifdən”, “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri”, “Elm, mədəniyyət xadimləri və dostları Buludxan Xəlilov haqqında”, “Professor Buludxan Xəlilovun kitablarının nəşri”, “Buludxan Xəlilovun müxtəlif illərdə çapdan çıxmış kitablarının biblioqrafik təsviri, mündəricatı və annotasiyası”, “Tərcümələri”, “Tərtib etdiyi kitablar”, “Elmi redaktoru, redaktoru, ön söz, rəy verdiyi, rəyçi olduğu kitablar və proqramlar”, “Rəhbəri, rəy verdiyi və opponenti olduğu dissertasiyalar”, “Kitablarda, məcmuələrdə və toplularda çap olunmuş materiallar”, “Konfranslarda çıxışlar”, “Dövri mətbuatda çap olunmuş materiallar”, “Müsahibələr”, “Rus və başqa dillərdə”, “Buludxan Xəlilovun özü və əsərləri haqqında” adlı bölmələrdən ibarətdir.
Birinci bölmədə Buludxan Xəlilovun həyat və fəaliyyətinin əsas tarixləri, ikinci bölmədə elm, mədəniyyət xadimləri və dostlarının Buludxan Xəlilov haqqında fikirləri, düşüncələri öz əksini tapıb. Burada alim haqqında 60-dan çox məqalə və ona həsr edilmiş şeirlər verilib.
Üçüncü bölmədə alimin müəllifi olduğu kitablar haqqında ümumi məlumat verilib. Buradan həm kitabların biblioqrafik məlumatları, həm də geniş annotasiyası əksini tapıb.
Dördüncü bölmədə Buludxan Xəlilovun müəllifi olduğu 39 kitab haqqında məlumatlar, kitabın içindəkilər və annotasiyalar yer alıb. Beşinci bölmədə tərcümə etdiyi, qeyd və izahların müəllifi olduğu 1 kitab, altıncı bölmədə elmi redaktoru, tərtibçi və redaktoru, ön sözün müəllifi olduğu 3 kitabın həm biblioqrafik təsvirləri, həm annotasiyaları, həm də kitabların içindəkilər haqqında ətraflı məlumat əks olunub.
Yeddinci bölmədə elmi redaktoru, redaktoru, ön söz yazdığı, rəy verdiyi 153 kitab və proqramın təsvirləri öz əksini tapıb.
Səkkizinci bölmədə rəhbəri və opponenti olduğu, rəy verdiyi 16 dissertasiya, doqquzuncu bölmədə kitablarda, məcmuələrdə və toplularda çap olunmuş 99 məqalə, onuncu bölmədə 25 konfransda çıxış, on birinci bölmədə dövri mətbuatda çap olunmuş 287 məqalənin təsviri öz əksini tapıb.
On ikinci bölmədə 76 müsahibə, on üçüncü bölmədə rus və başqa dillərdə olan 6 məqalə (1 türk, 3 ingilis, 2 rus) əks olunub. Sonuncu bölmədə Buludxan Xəlilov və əsərləri haqqında kitablarda dövri mətbuatda çap olunmuş 84 adda material verilib.
Məlum olduğu kimi, biblioqrafik vəsaitlərin əsas xüsusiyyətlərindən biri müəyyən əlamətlər üzrə qruplaşdırılmış materialların axtarışını operativləşdirmək məqsədilə müxtəlif parametrlər əsasında yardımçı aparatın tərtibidir. Bu kitabda da vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda zəngin informasiya-axtarış aparatı verilib. Bunlara Buludxan Xəlilovun əsərlərinin, onun haqqında yazmış müəlliflərin, kitablarının elmi redaktor və rəyçilərinin, müsahibə aparan şəxslərin, nəşriyyatların və dövri mətbuatın əlifba göstəriciləri aiddir.
“Buludxan Xəlilovun əsərlərinin əlifba göstəricisi”nə kitabların, kitablarda, məcmuələrdə və toplularda, dövri mətbuatda çap olunmuş materialların, konfranslardakı çıxışların, müsahibələrin, həmçinin rus və başqa dillərdə olan məqalələrin əlifba göstəriciləri daxil edilib.
İnformasiya-axtarış aparatına əsasən təhlil aparmaqla bir sıra maraqlı məlumatlar da əldə etmək mümkündür. Məsələn:
- alimin dilçiliyin hansı istiqamətinə dair daha çox kitab çap etdirdiyini,
- dövri mətbuatda çap olunmuş materiallarının ən çox hansı mövzuda olduğunu,
- tədqiqatçı haqqında hansı müəllifin ən çox yazdığını,
- kitablarına ən çox kimlərin elmi redaktor və rəyçi olduğunu,
- ən çox kimə müsahibə verdiyini,
- hansı nəşriyyatda daha çox çap olunduğunu,
- hansı dövri mətbuat orqanında ən çox dərc olunduğunu (qəzet və jurnallar ayrılıqda) və s.
Biblioqrafik vəsaitin mühüm və fərqli cəhətlərindən biri kitabda dinamik elmi fəaliyyəti ilə seçilən alimin yaradıcılığı haqqında Azərbaycan elm və mədəniyyətinin çoxsaylı nümayəndələrinə məxsus məqalələrin, Buludxan Xəlilovun hər bir kitabı haqda geniş annotasiyanın, indiyə kimi çox az sayda biblioqrafik göstəricidə olmuş nəşriyyatların, dövri mətbuatın və müsahibə aparan şəxslərin əlifba göstəricilərinin tərtibidir.
Aygün Hacıyeva,
AMEA-nm doktorantı, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri,
Bəybala Ələsgərov,
tarix üzrə elmlər doktoru