Dil siyasəti milli kimliyin formalaşdırılmasını hədəf götürdü
Xalqların milli-azadlıq mübarizəsində təhsilli, dünyagörüşlü insanlar həmişə ön sıralarda durmuş, xalqı öz ardınca aparacaq ideyaların yaranması və yayılması məhz onlara məxsus olmuşdur. Şərqin ilk demokratik cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çar Rusiyası əsarətinə qarşı azadlıq mübarizəsinin nəticəsi idi. AXC-nin yaranmasına qədər ölkədə xalqın maariflənməsində çox mühüm əhəmiyyəti olan üsuli-cədid məktəbləri mövcud idi. 1869-cu ildə Azərbaycanın mütərəqqi ziyalılarından olan Seyid Əzim Şirvaninin ilk dəfə Şamaxıda açdığı bu məktəblərdə əlifba təlimi, dünyəvi elmlərin geniş tədrisi, təhsilin ana dili olan türk-cədə aparılması, rus dilinin ayrıca fənn kimi tədrisi çox mühüm hadisə idi. Tədrisdə yeni metodların tətbiqi, əzbərçilikdən imtina, ən mühümü isə qavramayan şagirdlərə verilən cismani cəzaların qadağan edilməsi təhsilə maraq göstərənlərin sayının sürətlə artmasına gətirib çıxardı.
Üsuli-cədid məktəbləri düşünməyi bacaran, yaşadıqları cəmiyyətin eybəcərliklərini görən və onları aradan qaldırmaq uğrunda mübarizə aparan gənc nəslin, xüsusilə də ziyalı təbəqəsinin yetişdirilməsində mühüm rol oynayıb. Artıq XX əsrin əvvəllərində Azərbaycanda yeni milli düşüncəyə sahib olan ziyalılar ordusu var idi. Elə bunun nəticəsidir ki, Azərbaycan Şərqdə ilk dəfə demokratik respublika quran dövlət kimi tarixə adını yazdırdı.
Milli kimliyin formalaşmasında ciddi addımlar
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın tarixində baş verən ən böyük və mühüm hadisələrdən biri təhsil sahəsində aparılan islahatlar idi. Bu dövr-də ölkədə mövcud olan ictimai-siyasi şərait milli kimliyin, milli təfəkkürün formalaşmasını, dil məsələsinin həllini tələb edirdi. Cümhuriyyət yarandığı ilk gündən milli kimliyin formalaşmasında rol oynayan ciddi addımlar atır. Dövlət dili, vətəndaşlıq, bayraq haqqında qərarları burada xüsusi qeyd etmək yerinə düşər. 27 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası “Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında” qərar verdi: “Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”. Qərarı Nazirlər Kabinetinin sədri Fətəlixan Xoyski imzalamışdı. Hələ Gəncədə olan hökumətin bu qərarı türk dilinin mövqeyinin möhkəmləndirilməsi istiqamətində çox mühüm addım idi. Qərardan sonra daxili işlər naziri Rəşid ağa Behbud “Azərbaycan” qəzetinə açıqlamasında yazırdı:
“Azərbaycan müəssisələrində rus dilinin istifadəsi onu sevməkdən yox, bu dövrün zərurətindən qaynaqlanmaqdadır. Əlbəttə, bu çox davam etməyəcəkdir. Yüksək vəzifələrdə çalışan və türk dilini bilməyənlər uzun müddət çalışa bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün qurumları milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməmək üçün bizim dili öyrənməli olacaqlar”.
Qərardan sonra qeyri-türk Azərbaycan vətəndaşlarının hökumətin rəsmi dilini öyrənmələri üçün kurslar açılmışdı. Ən maraqlı məqam isə parlamentin müzakirə dili ilə bağlı idi.
Rəsmi dil türk dili olsa da, başlanğıcda hökumət parlamentdə müzakirələrin rus dilində aparılmasına icazə verirdi. Ancaq bütün rəsmi sənədlər rəsmi dövlət dili olan türk dilində hazırlanırdı. Dövlət dilində olmayan sənədlərin üstündə isə parlament sədrinin müavini Həsən bəy Ağayev aşağıdakı məzmunlu dərkənar qoyurdu: “Ərizə türk dilində olmadığından əncamsız qalır”.
Türk dilinin mövqeyi gücləndirilirdi
Dövlət müəssisələrində türk dilinin mövqeyinin gücləndirilməsi təbii ki, ibtidai və orta təhsil müəssisələrində təhsilin hansı dildə aparılmasından asılı idi. Buna görə də 1918-ci il avqustun 28-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar qəbul edir. Qərara görə, bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində, ikinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində isə tədris dövlət dili olan türk dilində aparılmalı idi. İkinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində 1918-1919-cu tədris ilində, tədris şagirdlərin ana dilində davam etdiriləcək, lakin türk dilinin tədris həcmi artırılacaqdı ki, növbəti tədris ilində dövlət dilində təhsil almayan şagirdlər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər. Orta təhsil müəssisələrinin siniflərinin bütünlüklə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilir və bu müəssisələrdə dövlət dili olan türk dilində tədrisə keçilirdi. Xalq maarif nazirinə bir vəzifə olaraq tapşırılmışdı ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin .
Əlifba islahatı
Hökumət orta təhsil müəssisələrinin milliləşdirilməsi və türk dilində icbari təhsilə keçilməsilə yanaşı, əlifba islahatı haqqında da düşünürdü. 1919-cu il martın 21-də Nazirlər Şurası “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında” qərar verir. Qərara əsasən, ərəb əlifbası islahatı haqqında xüsusi komissiyasının yaradılması Xalq maarif nazirinə və hökumət üzvü X.Məlik-Aslanova həvalə edilir. Komissiyanın nəticələri Nazirlər Şurasına təqdim edilməli idi. Təhsilin milliləşdirilməsi yeni kadr siyasəti və dərsliklərin yazılması məsələsini də ortaya qoyurdu. Müəllim çatışmazlığı ən mühüm problemlərdən biri idi. Bu məqsədlə 1918-ci ildə Gəncə, Şəki, Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş, Qori seminariyasınn Azərbaycan şöbəsi müstəqil seminariya kimi Qazaxa köçürülmüş, daha sonralar Göyçayda, Ağdamda, Nuxa qəzasının Qutqaşen kəndində ali ibtidai məktəblər açılmışdı. Məktəb dərsliklərinin hazırlanması və nəşrinə ciddi diqqət yetirilirdi və bu məqsədlə Maarif Nazirliyinin xüsusi komissiyası təşkil olunmuşdu.
1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr edildi. Dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Məktəblər Türkiyədən alınmış dərsliklər və tədris vəsaitləri ilə də təmin olunurdu.
1919-cu ilin əvvəllərində Azərbaycanda hökumətin ixtiyarında 23 orta məktəb var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbləri, Bakıda politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdi. Daha sonralar “Müqəddəs Nina” qadın məktəblərinin adı dəyişdirilərək yerləşdiyi bölgənin adına uyğun qadın gimnaziyaları olaraq adlandırıldı.
Avropa ilə Asiyanın qovuşağmda yeni məşəl
AXC hökumətinin öz qarşısına qoyduğu ən ümdə məsələlərdən biri ali təhsil müəssisələrinin açılması idi.l919-cu il sentyabrın 1-də Bakıda universitetlərin təşkili barədə 10 maddəli qanun işlənib hazırlandı. Üç ali məktəbin-Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması nəzərdə tutulsa da, yalnız bir universitetin, bu gün hər birimizin təhsilində müstəsna rolu olan Bakı Dövlət Universitetinin açılmasına nail olundu. Mövcud ictimai-siyasi şərait, maliyyə çətinlikləri və kadr çatışmazlığı bu böyük tarixi hadisəyə mane ola bilmədi. Bakıda ali təhsil müəssisəsi açmaq və xalqın təhsil səviyyəsini yüksəltmək, milli kadrların yetişdirilməsi müstəqil dövlətini yaşatmaq və ucaltmaq istəyən hər kəsin əsas məqsədlərindən biri idi. Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik”.
Lakin Azərbaycanda hər şey arzu edildiyi kimi getmədi. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin hakimiyyətə gəlməsi respublikanın, o cümlədən Bakı Dövlət Universitetinin də tarixində mürəkkəb bir dövrün başlanğıcını qoydu. Dövlət universiteti ilk fəaliyyətə başladığı vaxtlarda cəmi dörd fakültə: tarix-filologiya,fizika-riyaziyyat, hüquq və tibb fakültələri mövcud idi. Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, 100 nəfər tələbə İngiltərə, Fransa, Türkiyə, bir neçə nəfər isə Rusiya ali təhsil ocaqlarına göndərilmişdi. Onlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıtmalı və 4 il müddətində məcburi təyinatla Vətənə xidmət etməli idilər.
Tarix təkrarlanır deyirlər. AXC-ni müstəqil dövlətimizin sələfi hesab etməklə şərəf duyuruq. Müasir Azərbaycan Respublikasının yaranma dövründəki ictimai-siyasi şərait, xalqın azadlıq arzusu, öz milli kimliyinə qayıtmaq istəyi və s. ilə yanaşı təhsil siyasətində də olan bənzərliklər buna əyani sübutdur. Biz, təhsil almaq yaşı məhz bu mürəkkəb tarixi şəraitə təsadüf etmiş vətəndaşlar kimi təhsilimizin hansı çətinliklərdən keçdiyinin canlı şahidləriyik. Milli dirçəliş, latın əlifbasına keçid, Türkiyə universitetlərinə tələbələrin göndərilməsi, Azərbaycanda türk liseylərinin açılması, Azərbaycan dilinin bütün dövlət müəssisələrində və sənədlərində dövlət dili kimi tətbiq olunması və s. məsələlər müstəqil dövlətimizin atdığı mühüm addımlar idi və bu gün öz bəhrəsini verməkdədir. Şərqin ilk demokratik cümhuriyyətinin 100 illiyini qeyd edərkən onun varisi olan gənc müstəqil dövlətimizin vətəndaşları olmaqdan qürur duyur, müstəqilliyimizin əbədi və dönməz olacağına inanırıq.
Kəmalə İslam,
Bakı şəhəri Həbibulla Hüseynov adma 83 nömrəli məktəb-liseyin biologiya müəllimi