Xəbər verildiyi kimi, may ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının (Programme for International Student Assessment) sınaq mərhələsi təşkil olunacaq. İlk növbədə, qeyd edək ki, PISA tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə təhsil sahəsində aparılan ən böyük beynəlxalq monitorinq hesab olunur.


 PISA tədqiqatı aşağıdakı xüsusiyyətlərə malikdir:

 

  • *tədqiqatda ümumtəhsil müəssisələrinin 15 yaşlı şagirdləri iştirak edir;
  •  *tədqiqat kompüter testi və anket formasında aparılır;
  • * tədqiqat şagirdlərin məktəbdə öyrəndiklərindən nə dərəcədə istifadə edə bilmələrini, yetkin həyatda qarşılaşa biləcəkləri problemləri həll etmək üçün bilik və bacarıqlarını qiymətləndirir;
  • * Tədqiqat şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və qlobal problemlərin həllində funksional savadlılığını qiymətləndirir.

 

Oxu savadlılığı

 

Bu istiqamətdə əsas diqqət yazılı mətnləri başa düşmək və öz məqsədləri üçün istifadə etmək, lazımi məlumatları çıxarmaq və lazımsız məlumatları aradan qaldırmaq bacarıqlarının öyrənilməsinə, onlar haqqında öz mühakimələrinin  formalaşdırılmasına yönəldilir. Şagirdlərə təhlil üçün müxtəlif mətnlər təklif oluna bilər:

  • bədii əsərlərdən, tərcümeyi-hallardan, əyləncəli mətnlərdən parçalar,
  • şəxsi məktublar;
  • * sənədlər, qəzet və jurnallardan məqalələr, təlimatlar, elanlar və s.

Riyazi savadlılıq

Riyazi bilik və bacarıqların vəziyyətinin öyrənilməsi PISA tədqiqatının əsas məqsədi deyil. Tələbələrə təhsil deyil, gündəlik həyat üçün xarakterik olan praktik vəziyyətlər təklif olunur.

 

Elmi savadlılıq

 

Bu sahədə əsas diqqət aşağıdakı bacarıqların sınaqdan keçirilməsinə yönəldilir:

 

* nəticələrə gəlmək üçün məlumatları şərh və elmi sübutlardan istifadə etmək;
* ümumiləşdirilmiş məlumatlar əsasında elmi əsaslandırılmış nəticələr çıxarmaq;
* təbiət hadisələrini izah etmək üçün elmi dünyagörüşünü formalaşdırmaq.

 

Tapşırıq formaları

 

 PISA tapşırıqlarının mətni və məzmunu əksər ölkələrin tədris materiallarında oxşar tapşırıqların mətni və məzmunundan əhəmiyyətli dərəcədə fərqlənir, əldə edilmiş bilik və formalaşmış bacarıqların tətbiqinə yönəlib:

 

* PISA tapşırıqlarının əksəriyyəti kompüter mətnində təqdim olunan eyni həyati situasiyalara aid olan müxtəlif çətinliyə malik bir neçə sualdan ibarətdir;

* tapşırıqlar diaqram, xəritə, şəkil, cədvəl şəklində təqdim oluna bilər.

 

PISA tədqiqatı hər 3 ildən bir dövrlərlə aparılır. Tədqiqatın ilk mərhələsi 2000-ci ildə həyata keçirilib. Hər dövrdə PISA sahələrdən birinə xüsusi diqqət yetirir. PISA 2018-də qlobal problemlərin həllinə xüsusi diqqət yetirilib.

 

Sorğu

 

PISA tədqiqatı kompüter testindən əlavə şagirdlərin və təhsil müəssisələrinin rəhbərlərinin sorğularını da əhatə edir. Təhsilalanların sorğu-sual edilməsi onların həyat təcrübəsinin səviyyəsini və onların öyrənməyə münasibətini müəyyən etməyə imkan verir.

 

Şagird sorğularına aşağıdakılar daxildir:

  • * məktəbdə və məktəbdənkənarda şagirdlərin puldan istifadə təcrübəsi və  maliyyə savadlılığı;
  • * şagirdlərin tədrisdə və həyatda informasiya-kommunikasiya texnologiyalarından istifadəsi haqqında.

 

Məktəb rəhbərlərinin sorğusu fərdi loqin və paroldan istifadə etməklə onlayn şəkildə həyata keçirilir. Müəssisə rəhbərinin sorğu vərəqinə bu təhsil təşkilatının fəaliyyəti ilə bağlı suallar daxildir.

 

PISA-da  yerimiz

 

Qeyd edək ki, ölkəmiz 2004-cü ildə PISA proqramının sınaq mərhələsinə qoşulan ilk ölkələrdən biridir. Azərbaycan 2006 və 2009-cu illər PISA qiymətləndirməsində iştirak edib. 2018-ci il PISA tədqiqatında şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. PISA 2022-də Azərbaycan 81 ölkə arasında 56-cı yeri tutub.  2022-ci il nəticələrinə əsasən, riyaziyyat üzrə orta göstərici 397, oxu üzrə  365, təbiət elmləri üzrə 380 bal olub. Göründüyü kimi, 2022-ci ildəki qiymətləndirmədə azərbaycanlı şagirdlərin riyaziyyat üzrə topladığı bal 2018-ci ildəki nəticə ilə müqayisədə 420-dən 397-yə enib. Yəni, 23 bal və ya 5.5% azalıb. Orta ballarda azalma əksər ölkələr üzrə baş verib. Tədqiqatın müəllifləri bu azalmanın əsas səbəbi olaraq COVID -19 pandemiyası ilə əlaqədar təhsil sistemlərinin qarşılaşdıqları çətinlikləri göstəriblər. 


 PISA-da  iştirak Azərbaycana nə verir:

 

  • * ölkənin ümumtəhsil məktəblərinin məzunlarının təhsillərini davam etdirməyə nə dərəcədə hazır olduqlarını müəyyən etmək;
  • * ölkədə ümumi təhsilin təkmilləşdirilməsi istiqamətlərini müəyyən etmək;
  • * Azərbaycanda və digər iştirakçı ölkələrdə şagirdlərin təhsil nailiyyətləri haqqında müqayisəli məlumatları, habelə müxtəlif ölkələrin təhsil sistemləri haqqında məlumatları əldə etmək.

 

Son uğurlar streotipləri sındırır

 

Qeyd edək ki, 2022-ci il tədqiqatında  PISA-ya qatılan 81 ölkədən yalnız Çin və Azərbaycanda qiymətləndirmədə bir şəhərdə (Azərbaycanda Bakı) yaşayan şagirdlər iştirak edib. Bunun səbəbi PISA qiymətləndirməsinin bütün ölkə ərazisində keçirilməsinin Azərbaycanın ümumi mövqeyini bir qədər də aşağı sala biləcəyi ilə izah olunub. Lakin Dövlət İmtahan Mərkəzinin cari tədris ilində apardığı buraxılış imtahanlarının son nəticələri bu streotipi sındırmaqdadır. Bunun səbəbkarları bölgələrimizdəki kənd məktəblərimizin şagirdlərinin uğurlarıdır.
 

Faktlara diqqət yetirək. Martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, 14 şagird  300 bal toplamaqla ən yüksək nəticə  göstərib. Onlardan 5 nəfəri Bakı, 9 nəfəri isə region məktəbliləridir.
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 6 şagirdinin bu il keçirilən XI siniflərin buraxılış imtahanında riyaziyyat fənnindən bütün suallara düzgün cavab verərək, maksimum bal toplaması cari tədris ilinin mühüm uğurlarındandır. 

 

Bu məlumatlar və digər uğurlar əsasında region ümumtəhsil məktəblərinin nailiyyətlərinə əsasən, növbəti PISA tədqiqatlarında, digər ölkələrdə olduğu kimi, bölgələrimizdən olan şagirdlərin də beynəlxalq qiymətləndirmədə iştirakını arzuolunan hesab edirik. Düşünürük ki, bu yanaşma PISA göstəricilərimizin daha da yaxşılaşmasına də töhfə verərdi.
 

Qeyd edək ki, “PISA 2025”-də Azərbaycan da daxil olmaqla dünyanın 100-dən artıq ölkəsinin iştirakı nəzərdə tutulub.

 

Oruc MUSTAFAYEV