MÜTDA rəsmisi:”Uşaq-gənclər şahmat və idman məktəblərində və yaradıcılıq profilli uşaq-gənclər inkişaf mərkəzlərində 120000-ə yaxın məktəbli dərnək və qruplara cəlb edilib”


Bəllidir ki, uşaqların intellektual biliklərini və fərdi bacarıqlarını aşkar etmək üçün onların məktəbdənkənar fəaliyyətə marağını artırmaq lazımdır.  Şagirdlərin idmana  həvəsinin artırılması və  onların  şəxsiyyət kimi formalaşmasında məktəbdənkənar təhsilin böyük rolu vardır.  Ölkəmizdə uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi və  pis vərdişlərdən uzaq olması üçün şagirdlərin məktəbdənkənar fəaliyyətlə  cəlb olunması  əsas vəzifələrdəndir.  

 

Bəs, məktəbdənkənar fəaliyyət necə təşkil olunur? Şagirdlərin məktəbdənkənar fəaliyyətə marağını artırmaq üçün nə etmək lazımdır?

 

Suallara  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin   (MÜTDA) Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimovanın fikirlərini öyrəndik. 

 

Məktəbdənkənar təhsilin uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növü olduğunu deyən Nilufər Rəhimova bildirib ki, məktəbdənkənar təhsil müəssisələri idman və yaradıcılıq istiqamətləri üzrə paytaxtda və regionlarda fəaliyyət göstərir:”  Hazırda MÜTDA-nın tabeliyində 78 idman, 67 yaradıcılıq profilli olmaqla, 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Uşaq-gənclər şahmat və  idman məktəblərində və yaradıcılıq profilli uşaq-gənclər inkişaf mərkəzlərində 120000-ə yaxın məktəbli dərnək və qruplara cəlb edilib.  Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, intellekt, ekologiya, turizm və diyarşünaslıq, fiziki tərbiyə istiqamətlər üzrə müxtəlif dərnəklər fəaliyyət göstərir.  İdman profilli məktəbdənkənar təhsil müəssisələrində məktəblilər idmanın 29 növü üzrə - ağır atletika, atletika, idman gimnastikası, bədii gimnastika, batut, baydarka və kanoye, boks, basketbol, badminton, karate, cüdo, futbol, əl topu, tennis, stolüstü tennis, sərbəst güləş, yunan-roma güləşi, üzgüçülük, güllə atıcılığı, taekvando, voleybol, velosiped idmanı, qılıncoynatma, akrobatika gimnastikası, tamblinq, sambo, kikboksinq, şahmat və  dama bölmələrində məşğul olur”.

 

N.Rəhimova qeyd edib ki,  məktəbdənkənar təhsil müəssisələrində qısa müddətli dərnəklər istisna olmaqla, dərnək məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq növbəti ilin iyun ayının 14-də başa çatdırılır. Dərnək və qruplarda komplektləşdirmə sentyabr-oktyabr aylarında aparılır. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər: “Məktəbdənkənar təhsil müəssisələrinə könüllülük prinsipi əsasında 6 yaşdan başlayaraq məktəblilər müraciət edə bilər. Qəbul üçün valideynlər müəssisələrə müraciət edərək övladlarını müvafiq dərnək və qruplara yazdıra bilər. Məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə mütəmadi olaraq uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılması, istedadlı məktəblilərin aşkar edilməsi, təhsilalanların vətənpərvərlik hissinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə il ərzində tədbirlər keçirilir. Bu istiqamətdə respublikamızda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə respublika yaradıcılıq müsabiqələri, festivallar, intellektual oyun və bilik yarışları, respublika birincilikləri və idmanın müxtəlif növləri üzrə yarışlar,  ekskursiyalar təşkil edilir.  Qalib məktəblilər diplom və sertifikatlarla təltif olunur”.

 

 

Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru  Elvin Hüseynov:  “Düzgün  seçilmiş  idman  növü  ilə məşğul  olan  uşaqlar  daha  çevik,  hərəkətli, özünə  inanan  olurlar” 

 

Bəs, idman məktəbləri işlərini  bu istiqamətdə necə  qururlar? 

 

“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru  Elvin Hüseynov məsələyə belə aydınlıq gətirib: “Uşaqların  kiçik  yaşlarından  fiziki  və  mənəvi inkişafı  valideynlərin  həmişə  maraq  dairəsində  olur. Bu  baxımdan  valideynlər  uşaqları  onlar  üçün  düzgün  seçilmiş  idman  növlərinə  yönləndirməlidirlər.  Pedaqoqlar  və psixoloqlar  da  uşaqların  hərtərəfli  harmonik  inkişafında  idman  və  bədən  tərbiyəsinin  roluna  önəm  verirlər.  Uşaqlara  kiçik  yaşlarından idman  və  bədən  tərbiyəsinin  faydaları, “ Sağlam  bədəndə  sağlam  ruh  olar ”- ifadəsinin  tam  mənası  aşılanmalıdır.  İdman  kiçikyaşlı  uşaqların  öz  “ mən ” ləri  və  ətraf  mühiti  qavramalarında  mühüm  vasitədir.  İdmanla  məşğul  olan  uşaqlar  həmişə  birinci  olmağa ,  liderliyə  can  atırlar. Valideynlər də  uşaqların  hansı  idman  növü  ilə  məşqul  olmasına  qərar  verərkən,  həm  diqqətli  olmalı, həm də   uşaqlarla  birlikdə  qərar  qəbul  etməlidirlər. Yanlış  seçilmiş  idman  növü  uşaqda  özünə  inamsızlıq, özünü  qiymətləndirmənin  aşağı  enməsi,  aqressivlik  yarada  bilər.                                          

        

Ancaq  düzgün  seçilmiş  idman  növü  ilə məşğul  olan  uşaqlar  daha  çevik,  hərəkətli, özünə  inanan  olurlar.  Bu  baxımdan  uşaqların  kiçik  yaşlardan  idman  haqqında  bilgiləndirilməsi  və  idmana  cəlb  olunması  vacibdir. 

 

Uşaq-Gənclər İdman  Məktəbinin direktoru Elman Rzazadə :“Seçmə sistemi  uşaqların idman üçün yararlı olmasını daha düzgün müəyyən edir”

 

Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman  Məktəbinin direktoru  Elman  Rzazadə isə deyib ki, məktəbə qəbul  hər il sentyabr-oktyabr aylarında həyata keçirilir. Lakin il ərzində də məktəbə müraciət edən uşaqlar idman bölmələrinə uyğun  qruplara yerləşdirilir. Mütəmadi olaraq orta ümumtəhsil məktəblərində idmanın kütləviliyinin artırılması və  şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı söhbətlər aparılır.

         

İl   ərzində   məktəbin   təlimatçı-metodistləri  və   məşqçi-müəllimlərin  iştirakı   ilə ümumtəhsil, peşə məktəbləri və digər təhsil müəssisələrində gənc nəslin maraq və  meylləri nəzərə alınmaqla, asudə vaxtın səmərəli təşkili, istedadların  üzə   çıxarılması, məktəblilər arasında tərbiyə işinin təkmilləşdirilməsi, onların yaradıcılıq tələbatının ödənilməsi, habelə müstəqil davranma, fikir yürütmə və təşkilatçılıq bacarığına yiyələnməsi, zərərli vərdişlər və digər neqativ hallardan uzaqlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

      

Məktəblərə idman növlərini əks etdirən  bukletlər paylanılır, sosial  şəbəkədə (facebook, instagram) reklam elanları verilir.

      

Məşqçilər  orta  ümumtəhsil  məktəblərində   fiziki  tərbiyə dərslərini müşahidə etməklə, fiziki tərbiyə  müəllimi  ilə  birgə ilkin yoxlama üçün namizədlər müəyyən edirlər. Bu işlərin effektiv  olması  məktəblərdə  fiziki  tərbiyəni  təşkiletmənin  keyfiyyətindən  aslıdır. Çox zaman  müəyyən  edilmiş  namizədlər arasında yarışlar həyata keçirilir. Yoxlama sınaqları IV və V sinif  uşaqları  arasında   ilin  əvəllində  və  sonunda  olur.  Bu cür  seçmə sistemi  uşaqların idman üçün yararlı olmasını daha düzgün müəyyən edir.

    

     

Rəşad ZİYADOV