Məktəbdənkənar fəaliyyət necə təşkil olunur? | |
Bəllidir ki, uşaqların intellektual biliklərini və fərdi bacarıqlarını aşkar etmək üçün onların məktəbdənkənar fəaliyyətə marağını artırmaq lazımdır. Şagirdlərin idmana həvəsinin artırılması və onların şəxsiyyət kimi formalaşmasında məktəbdənkənar təhsilin böyük rolu vardır. Ölkəmizdə uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi və pis vərdişlərdən uzaq olması üçün şagirdlərin məktəbdənkənar fəaliyyətlə cəlb olunması əsas vəzifələrdəndir.
Bəs, məktəbdənkənar fəaliyyət necə təşkil olunur? Şagirdlərin məktəbdənkənar fəaliyyətə marağını artırmaq üçün nə etmək lazımdır?
Suallara Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimovanın fikirlərini öyrəndik.
Məktəbdənkənar təhsilin uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növü olduğunu deyən Nilufər Rəhimova bildirib ki, məktəbdənkənar təhsil müəssisələri idman və yaradıcılıq istiqamətləri üzrə paytaxtda və regionlarda fəaliyyət göstərir:” Hazırda MÜTDA-nın tabeliyində 78 idman, 67 yaradıcılıq profilli olmaqla, 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Uşaq-gənclər şahmat və idman məktəblərində və yaradıcılıq profilli uşaq-gənclər inkişaf mərkəzlərində 120000-ə yaxın məktəbli dərnək və qruplara cəlb edilib. Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, intellekt, ekologiya, turizm və diyarşünaslıq, fiziki tərbiyə istiqamətlər üzrə müxtəlif dərnəklər fəaliyyət göstərir. İdman profilli məktəbdənkənar təhsil müəssisələrində məktəblilər idmanın 29 növü üzrə - ağır atletika, atletika, idman gimnastikası, bədii gimnastika, batut, baydarka və kanoye, boks, basketbol, badminton, karate, cüdo, futbol, əl topu, tennis, stolüstü tennis, sərbəst güləş, yunan-roma güləşi, üzgüçülük, güllə atıcılığı, taekvando, voleybol, velosiped idmanı, qılıncoynatma, akrobatika gimnastikası, tamblinq, sambo, kikboksinq, şahmat və dama bölmələrində məşğul olur”.
N.Rəhimova qeyd edib ki, məktəbdənkənar təhsil müəssisələrində qısa müddətli dərnəklər istisna olmaqla, dərnək məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq növbəti ilin iyun ayının 14-də başa çatdırılır. Dərnək və qruplarda komplektləşdirmə sentyabr-oktyabr aylarında aparılır. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər: “Məktəbdənkənar təhsil müəssisələrinə könüllülük prinsipi əsasında 6 yaşdan başlayaraq məktəblilər müraciət edə bilər. Qəbul üçün valideynlər müəssisələrə müraciət edərək övladlarını müvafiq dərnək və qruplara yazdıra bilər. Məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə mütəmadi olaraq uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılması, istedadlı məktəblilərin aşkar edilməsi, təhsilalanların vətənpərvərlik hissinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə il ərzində tədbirlər keçirilir. Bu istiqamətdə respublikamızda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə respublika yaradıcılıq müsabiqələri, festivallar, intellektual oyun və bilik yarışları, respublika birincilikləri və idmanın müxtəlif növləri üzrə yarışlar, ekskursiyalar təşkil edilir. Qalib məktəblilər diplom və sertifikatlarla təltif olunur”.
Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elvin Hüseynov: “Düzgün seçilmiş idman növü ilə məşğul olan uşaqlar daha çevik, hərəkətli, özünə inanan olurlar”
Bəs, idman məktəbləri işlərini bu istiqamətdə necə qururlar?
“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elvin Hüseynov məsələyə belə aydınlıq gətirib: “Uşaqların kiçik yaşlarından fiziki və mənəvi inkişafı valideynlərin həmişə maraq dairəsində olur. Bu baxımdan valideynlər uşaqları onlar üçün düzgün seçilmiş idman növlərinə yönləndirməlidirlər. Pedaqoqlar və psixoloqlar da uşaqların hərtərəfli harmonik inkişafında idman və bədən tərbiyəsinin roluna önəm verirlər. Uşaqlara kiçik yaşlarından idman və bədən tərbiyəsinin faydaları, “ Sağlam bədəndə sağlam ruh olar ”- ifadəsinin tam mənası aşılanmalıdır. İdman kiçikyaşlı uşaqların öz “ mən ” ləri və ətraf mühiti qavramalarında mühüm vasitədir. İdmanla məşğul olan uşaqlar həmişə birinci olmağa , liderliyə can atırlar. Valideynlər də uşaqların hansı idman növü ilə məşqul olmasına qərar verərkən, həm diqqətli olmalı, həm də uşaqlarla birlikdə qərar qəbul etməlidirlər. Yanlış seçilmiş idman növü uşaqda özünə inamsızlıq, özünü qiymətləndirmənin aşağı enməsi, aqressivlik yarada bilər.
Ancaq düzgün seçilmiş idman növü ilə məşğul olan uşaqlar daha çevik, hərəkətli, özünə inanan olurlar. Bu baxımdan uşaqların kiçik yaşlardan idman haqqında bilgiləndirilməsi və idmana cəlb olunması vacibdir.
“Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elman Rzazadə :“Seçmə sistemi uşaqların idman üçün yararlı olmasını daha düzgün müəyyən edir”
“Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elman Rzazadə isə deyib ki, məktəbə qəbul hər il sentyabr-oktyabr aylarında həyata keçirilir. Lakin il ərzində də məktəbə müraciət edən uşaqlar idman bölmələrinə uyğun qruplara yerləşdirilir. Mütəmadi olaraq orta ümumtəhsil məktəblərində idmanın kütləviliyinin artırılması və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı söhbətlər aparılır.
İl ərzində məktəbin təlimatçı-metodistləri və məşqçi-müəllimlərin iştirakı ilə ümumtəhsil, peşə məktəbləri və digər təhsil müəssisələrində gənc nəslin maraq və meylləri nəzərə alınmaqla, asudə vaxtın səmərəli təşkili, istedadların üzə çıxarılması, məktəblilər arasında tərbiyə işinin təkmilləşdirilməsi, onların yaradıcılıq tələbatının ödənilməsi, habelə müstəqil davranma, fikir yürütmə və təşkilatçılıq bacarığına yiyələnməsi, zərərli vərdişlər və digər neqativ hallardan uzaqlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Məktəblərə idman növlərini əks etdirən bukletlər paylanılır, sosial şəbəkədə (facebook, instagram) reklam elanları verilir.
Məşqçilər orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini müşahidə etməklə, fiziki tərbiyə müəllimi ilə birgə ilkin yoxlama üçün namizədlər müəyyən edirlər. Bu işlərin effektiv olması məktəblərdə fiziki tərbiyəni təşkiletmənin keyfiyyətindən aslıdır. Çox zaman müəyyən edilmiş namizədlər arasında yarışlar həyata keçirilir. Yoxlama sınaqları IV və V sinif uşaqları arasında ilin əvəllində və sonunda olur. Bu cür seçmə sistemi uşaqların idman üçün yararlı olmasını daha düzgün müəyyən edir.
Rəşad ZİYADOV
|
|
07.04.2024 | 10:34 | |
|
|
|