Bu gün incəsənətin müxtəlif sahələrində uğurlara imza atan yeniyetmə və gənclərimiz az deyil. Əminliklə söyləmək olar ki, onlar sabahın tanınmış ulduzları olmağa qadirdirlər. Gəlin, onlardan bir neçəsi ilə tanış olaq.
Ayşə Məmmədova 2021-ci ildə Suraxanı rayonundakı Hövsan qəsəbə 280 nömrəli tam orta məktəbi bitirib. 33 nömrəli musiqi məktəbini fərqlənmə diplomu ilə başa vurub. Dərslərini yaxşı və əla qiymətlərlə oxuyan Ayşə orta təhsilini başa vurduqdan sonra musiqiyə hədsiz həvəs göstərib. Gənc istedad Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin “Fortepiano“ ixtisasına qəbul olub. Fortepiano müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Esmira Əliyevanın tələbəsi olan
Ayşə Məmmədova ilk uğuruna 2022-ci ildə Qazaxıstanda keçirilən Astana Stars- Divertisment adlı müsabiqədə imza atıb və fortepiano ifaçılığı üzrə I yerə layiq görülüb. 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən” adlı Respublika müsabiqəsində “Azərbaycan bəstəkarlarının estrada mahnıları” nominasiyası üzrə I yeri tutaraq, qalib adını qazanıb. Həmçinin, həmin il dahi şəxsiyyətin yübileyinə həsr olunan ali təhsil ocaqlarının, ümumtəhsil məktəblərinin və orta ixtisas təhsili müəssisələrinin, musiqi məktəblərinin şagird və tələbələri arasında keçirilən Gənc ifaçıların IV Respublika müsabiqəsində də fəal iştirak edərək nailiyyətlər qazanıb. Ayşənin qazandığı uğurlar davamlı olub. O, daima yüksək nəticələr nümayiş etdirir. Bütün arzularına çalışqanlığı və əzmkarlığı ilə çatır. Bu isə onu xoşbəxt gələcəyə aparan işıqlı və etibarlı yoldur.
Ayşən Məmmədova hazırda Musiqi Kollecinin IV kurs tələbəsidir. Gənc istedadın fəth edəcəyi zirvələr hələ qabaqdadır. Arzusu kolleci bitirdikdən sonra ali musiqi təhsili almaq, milli estrada janrında dünyaca tanınan ifaçılardan biri olmaqdır. Gənc tələbə estrada janrının sirlərini ona əzmkarlıqla öyrədən müəllimi Esmira Əliyevanın əziyyətlərinin qarşılığını musiqi sahəsində qazanacağı daha böyük uğurlarla verəcəyinə əmindir. Deyir ki, o də müəllimi kimi istedadlı uşaqları üzə çıxaracaq, onları düzgün istiqamətləndirəcək, gözəl musiqiçi kimi yetişdirəcək.
Elton Şıxəliyev Lerik şəhər R.Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbini bitirib. Lerik şəhər E. Rufullayev adına Uşaq İncəsənət Məktəbində tar ixtisası üzrə təhsil alıb. Bu məktəbin yekun konsertində o, istedad və bacarığı ilə fərqləndiyinə görə təltif edilib. Müxtəlif illərdə- III Respublika Elmi-İfaçılıq müsabiqəsində,I İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü, İstedadlı Uşaqlar festivalı, III Respublika Elmi-ifaçılıq, 2 Fevral- Gənclər Günü, uşaq və gənclər arasında Xalq Çalğı Alətləri İfaçılarının IV Respublika müsabiqələrində, 2023-cü il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ali, umumtəhsil və orta ixtisas təhsili müəssisələri, müsiqi məktəblərinin şagird və tələbələri arasında keçirilən gənc ifaçıların IV Respublika müsabiqəsində I yerləri qazanıb.
Elton asudə vaxtlarında mütaliə edir, xarici və milli klassik bəstəkarların əsərlərinə qulaq asır. Ən böyük arzusu ölkəmizi daha mötəbər yarışlarda təmsil etmək, Azərbaycan bayrağını iştirak etdiyi bütün müsabiqə və festivallarda dalğalandırmaqdır. Deyir ki, bunun öhdəsindən gələcəyinə əmindir:”İfalarım tamaşaçılar tərəfindən maraqla qarşılanır. Amma daha əzmkarlıqla çalışmalıyam ki, sənətin sirlərinə dərindən yiyələnim. Azərbaycanın musiqi tarixini, mədəniyyətini gələcəkdə inkişaf etdirməyə qadir olum”.
O, hazırda Milli Konservatoriyanın nəzdində Müsiqi Kollecinin III kurs tələbəsidir. Müəllimləri, tələbə yoldaşları onun əsl istedad sahibi olduğunu söyləyirlər. Deyirlər ki, Eltonuu gələcəyi parlaqdır.
Sifai SƏFƏROVA