Xazar Coşkun: “Arzum ölkəmizi beynəlxalq müsabiqələrdə layiqincə təmsil etməkdir”


Kim bilir, bəlkə də  bu gün oxuculara təqdim etdiyim istedadlı yeniyetmə gələcəyin  klassiklərindən biri olacaq, mənəvi dünyamızı zənginləşdirməyə qadir olan mahnıları ilə insanların ömürlərinə rəng qatacaq. Bülbül adına Orta  İxtisas Musiqi Məktəbinin 8-ci sinif  şagirdi  skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı Xazar Coşkun istedadlı şagirdlərdəndir. Gənc istedad  2023-cü ildə Macarıstanın VIII DANUBIA Talents International Music Competition müsabiqəsində birinci yerə layiq görülüb. O, söhbət əsnasında bildirib ki, iştirak etdiyi ilk beynəlxalq müsabiqə Budapeştdə olub. Beynəlxalq müsabiqəyə müxtəlif ölkələrdən - Avstriya, Polşa, Macarıstan, Danimarka, Belçikadan olan 12 nümayəndə qatılıb.  İngilis dilini yaxşı bildiyi üçün çoxlu əcnəbi dostlarla ünsiyyət qurub.

 

“İlk sevincimi müəllimimlə bölüşdüm”

 

Ölkəmizi təmsil edən Xazarın  konsertmeysteri isə yapon  olub. Bir-birindən rəngarəng ifaları münsifləri heyrətləndirib. Qeyri-adi istedad sahibi deyir ki, beynəlxalq müsabiqələrə qatılarkən çox həyəcanlı olur, ümumiyyətlə, hər dəfə səhnəyə çıxanda həyəcan hissi keçirir, mahnı ifa edərkən məsuliyyəti birə-beş artır. Çünki  vətəndən kənarda ölkəmizi, doğma məktəbini təmsil edir, müəllimlərindən öyrəndiklərini tamaşaçı qarşısında nümayiş etdirir. Amma səhnəyə çıxarkən  skripkanı əlinə aldıqda  isə hər şeyi unudur: “Macarıstanda beynəlxalq müsabiqəyə qatılanda çox həyəcanlandım. Anamla getmişdim. Münsiflərdən eşidəndə ki, I yerə layiq görülmüşəm sevincimin hədd-hüdudu  olmadı. İlk sevincimi müəllimim  Lalə Hüseynova ilə bölüşdüm. Ona zəng etdim. Müəllimim  çox sevinirdi. Axı  uğurlarımda  onun əməyi danılmazdır”.

 

Müəllimi şagirdi haqqında

 

Söhbət əsnasında müəllimi Lalə Hüseynova şagirdinin böyük uğurlarından söz açdı. Bildirdi ki, o, özünə qarşı  çox tələbkardır. Qarşıya qoyduğu hədəfə çatmaq üçün  səylə çalışır. Skripkanı  sevir, musiqi duyumu gözəldir. Qısa müddətdə belə uğurlara nail olmaq  təkcə şagirdin istedadı ilə deyil, həm də valideynlərinin övladının peşəsinə münasibəti ilə də bağlıdır. Lalə xanımın sözlərinə görə, müsabiqə iştirakçısından tələb olunan ən vacib şey mətni yaxşı öyrənməkdir ki, onu dinləyənə maraqlı olsun. Bunun üçün şagird ifa etdiyini dərk etməlidir...

 

Xazar Coşkun  2023-cü ilin dekabrında paytaxtımızda keçirilən Bülbül adına Orta İxtisas  Musiqi Məktəbinin 95 illiyinə həsr olunmuş “Future stars” Beynəlxalq Müsabiqədə də laureat adını qazanıb.

 

Beynəlxalq müsabiqə və festivallar qalibi olan Xazarın arzusu Avstriya və  Almaniyada keçirilən beynəlxalq müsabiqələrdə iştirak etməkdir. Onun skripkada ifa etdiyi etüdlər, pyeslər, mahnılar ürək oxşayır. Dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edən Xazar dəryalar qədər dərin olan musiqinin  sirlərinə dərindən yiyələnmək  üçün əzmkarlıq nümayiş  etdirir. Çalışır ki, beynəlxalq musiqi yarışmalarında  ölkəmizi layiqincə təmsil etsin, müəllimlərinin  etimadını doğrultsun, daha böyük uğurlara imza atsın.

 

Sifai SƏFƏROVA