Balaca istedadın böyük uğuru | |
Kim bilir, bəlkə də bu gün oxuculara təqdim etdiyim istedadlı yeniyetmə gələcəyin klassiklərindən biri olacaq, mənəvi dünyamızı zənginləşdirməyə qadir olan mahnıları ilə insanların ömürlərinə rəng qatacaq. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 8-ci sinif şagirdi skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı Xazar Coşkun istedadlı şagirdlərdəndir. Gənc istedad 2023-cü ildə Macarıstanın VIII DANUBIA Talents International Music Competition müsabiqəsində birinci yerə layiq görülüb. O, söhbət əsnasında bildirib ki, iştirak etdiyi ilk beynəlxalq müsabiqə Budapeştdə olub. Beynəlxalq müsabiqəyə müxtəlif ölkələrdən - Avstriya, Polşa, Macarıstan, Danimarka, Belçikadan olan 12 nümayəndə qatılıb. İngilis dilini yaxşı bildiyi üçün çoxlu əcnəbi dostlarla ünsiyyət qurub.
“İlk sevincimi müəllimimlə bölüşdüm”
Ölkəmizi təmsil edən Xazarın konsertmeysteri isə yapon olub. Bir-birindən rəngarəng ifaları münsifləri heyrətləndirib. Qeyri-adi istedad sahibi deyir ki, beynəlxalq müsabiqələrə qatılarkən çox həyəcanlı olur, ümumiyyətlə, hər dəfə səhnəyə çıxanda həyəcan hissi keçirir, mahnı ifa edərkən məsuliyyəti birə-beş artır. Çünki vətəndən kənarda ölkəmizi, doğma məktəbini təmsil edir, müəllimlərindən öyrəndiklərini tamaşaçı qarşısında nümayiş etdirir. Amma səhnəyə çıxarkən skripkanı əlinə aldıqda isə hər şeyi unudur: “Macarıstanda beynəlxalq müsabiqəyə qatılanda çox həyəcanlandım. Anamla getmişdim. Münsiflərdən eşidəndə ki, I yerə layiq görülmüşəm sevincimin hədd-hüdudu olmadı. İlk sevincimi müəllimim Lalə Hüseynova ilə bölüşdüm. Ona zəng etdim. Müəllimim çox sevinirdi. Axı uğurlarımda onun əməyi danılmazdır”.
Müəllimi şagirdi haqqında
Söhbət əsnasında müəllimi Lalə Hüseynova şagirdinin böyük uğurlarından söz açdı. Bildirdi ki, o, özünə qarşı çox tələbkardır. Qarşıya qoyduğu hədəfə çatmaq üçün səylə çalışır. Skripkanı sevir, musiqi duyumu gözəldir. Qısa müddətdə belə uğurlara nail olmaq təkcə şagirdin istedadı ilə deyil, həm də valideynlərinin övladının peşəsinə münasibəti ilə də bağlıdır. Lalə xanımın sözlərinə görə, müsabiqə iştirakçısından tələb olunan ən vacib şey mətni yaxşı öyrənməkdir ki, onu dinləyənə maraqlı olsun. Bunun üçün şagird ifa etdiyini dərk etməlidir...
Xazar Coşkun 2023-cü ilin dekabrında paytaxtımızda keçirilən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 95 illiyinə həsr olunmuş “Future stars” Beynəlxalq Müsabiqədə də laureat adını qazanıb.
Beynəlxalq müsabiqə və festivallar qalibi olan Xazarın arzusu Avstriya və Almaniyada keçirilən beynəlxalq müsabiqələrdə iştirak etməkdir. Onun skripkada ifa etdiyi etüdlər, pyeslər, mahnılar ürək oxşayır. Dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edən Xazar dəryalar qədər dərin olan musiqinin sirlərinə dərindən yiyələnmək üçün əzmkarlıq nümayiş etdirir. Çalışır ki, beynəlxalq musiqi yarışmalarında ölkəmizi layiqincə təmsil etsin, müəllimlərinin etimadını doğrultsun, daha böyük uğurlara imza atsın.
Sifai SƏFƏROVA
|
|
16.03.2024 | 12:05 | |
|
|
|