Müasir dövrdə insanların yiyələnməli olduğu bir çox bacarıqlar var. Bu bacarıqlardan biri XXI əsrdə xarici dildə ünsiyyət kompetensiyasıdır. Bu bacarıq dillərdən adekvat və səmərəli istifadə bacarığını əks etdirir. Azərbaycan dünya ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Məhz buna görə başqa fəaliyyətlərlə yanaşı, bir və ya iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalaşdırılması müasir məktəbin vəzifələrindən biridir.
Müasir dövrdə qloballaşma prosesinin və inteqrasiya meyillərinin getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dəyişiklikləri kommunikasiya vasitələrindən istifadə etməklə, şagirdlərin kommunikativ bacarıqlarının yüksək səviyyədə inkişafını tələb edir.
Bu səbəbdən də tədris fənni kimi xarici dilin statusu daha da artır və o Milli Kurikulumda ümumtəhsil məktəbləri üçün müəyyənləşdirilmiş fənlər arasında özünəməxsus yer tutur.
Xarici dilə yiyələnmək hər bir insana beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətlərini başqalarına çatdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi aparmaq imkanı verir. Xarici dilin öyrənilməsi şagirddə ünsiyyət və kommunikasiya əlaqələrini genişləndirir. Xarici dilə yiyələnməklə hər bir kəsin dünyaya yeni baxışı formalaşır. Müxtəlif xalqların və dövlətlərin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatı haqqında biliklər əldə etməklə yanaşı, xarici ölkələrin müxtəlif sahələrdə qazandığı təcrübələrlə tanış olaraq öyrənmək imkanı əldə edilir.
XXI əsrin bu bacarığı insanlara iş və karyera imkanlarının genişlənməsinə təkan verir. Xarici dilə yiyələnməklə şagirdlərdə başqa xalqların dil və mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmət hissi, tolerantlıq formalaşdırılır.
Bəs məktəblərdə xarici dilin səmərəli tədrisini qurmaq üçün nələr etməliyik?
Bildiyimiz kimi, xarici dil ibtidai siniflərdən tədris olunmağa başlayır. Bunun üçün biz müəllimlər ilk öncə xarici dilin tədrisinin səmərəli olmasını təşkil etməliyik.
Müəllimlər və kiçikyaşlı şagirdlər arasında qarşılıqlı ünsiyyət, əyləncəli təlim mühiti, fənlərin bir – birinə inteqrasiyası, uşaqlar arasında yarışlar, rollu oyunlar təşkil etməklə nail ola bilərik. İbtidai sinif fənn kurikulumlarında məzmun xətləri üzrə fransız dilinin daha çox danışıqda, dinləyib – anlamada qazanılması məqsəd kimi qarşıya qoyulur. Xarici dilin fənlərə inteqrasiya edilərək tədris olunması yeni fənn kurikulumlarının tətbiqində əsas yer tutur. İnteqrativ dərslər şagirdlərdə marağı daha da artırır. Mahnı və fiziki hərəkətlərlə öyrədilən yeni sözlər şagirdlər tərəfindən xüsusi maraqla qarşılanır. Xarici dil tədrisi üçün hər bir müəllim müxtəlif metodlardan müxtəlif vebsaytlardan, dinləmə qurğusundan, əyani vəsaitlərdən istifadə edərək dərsini keçməlidir.
Oyun şəklində təşkil olunan dərslər şagirdlərin idrakı və nitq inkişafına əhəmiyyətli şəkildə təsir edir. Dərslərin oyunlarla tədrisi uşaqlarda yaradıcılıq qabiliyyətinin inkişafına təsir göstərir. Oyun vasitəsilə təşkil olunan dərslər uşaqlarda özünəinam hissinin güclənməsində əhəmiyyətli rol oynayır.
“Sehirli çarx” adlı əyani vəsaitlə şagirdlər arasında öyrənilmiş sözlərin yarışları təşkil olunur. “ Meyvə adları” , “Məktəb ləvazimatları”, “Ev əşyaları” ,
“ Ev heyvanları”, “ Vəhşi heyvanlar” və. s kimi adları bildirən sözlərdən ibarət oyunlar təşkil edilir. Bu, şagirdlərin lüğət ehtiyatının zənginləşməsinə, təkmilləşməsinə təkan verir.
Dinləyib – anlama nitq fəaliyyətinin digər növləri ilə sıx bağlı olub danışma üçün zəmin yaradır. Ümumiyyətlə, dilnləyib - anlama xarici dilin öyrənilməsində mühüm yer tutur.
Verilmiş şəkil üzrə şagirdlərdə müşahidə etmə bacarığı, söz ehtiyatı, cümlə qurmaq bacarığı formalaşır. Şagirdlər gördükləri şəkli müşahidə edib, öz lüğət ehtiyatlarından istifadə edərək fikirlərini bildirirlər. Bununla şagirdlərdə danışma bacarığının formalaşmasına kömək etmiş və bəzən verilən şəkil üzrə sualları cavablandıraraq kiçik dialoq yaratmış oluruq.
Bəli, biz xarici dil müəllimləri dərslərimizi bizə verilən təlimin məzmunu üzrə təşkil edəriksə, müasir dövrdə xarici dildə insanın yiyələnməli olduğu ünsiyyət kompetensiyasına imza atar, şagirdlərimizin də bu kompetensiyanı qazanmasına yardımçı ola bilərik.
Elnarə ABBASOVA,
Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin İbtidai siniflər üzrə direktor müavini