Azərbaycan musiqi mədəniyyətinin, musiqi elminin və təhsilinin inkişafında özünəməxsus yeri olan alim və pedaqoq, Əməkdar incəsənət xadimi, III dərəcəli “Əmək” Ordenli, sənətşünaslıq doktoru, professor Tariyel Aydın oğlu Məmmədov bu il 75 illik yubileyini qeyd edir.

 

T.Məmmədov Azərbaycan ənənəvi musiqisinin mühüm bir qolu olan aşıq yaradıcılığının tədqiqatçısı və “Musiqi dünyası” beynəlxalq elmi musiqi jurnalının naşiri və baş redaktoru kimi Azərbaycanın hüdudlarından kənarda da tanınıb. Daim yeniliklərə doğru can atan Tariyel müəllimin yaradıcılıq fəaliyyəti bu il bir sıra yubileylər ilə əlamətdardır. Onun yaratdığı, Azərbaycanda ilk olan “Musiqi dünyası” elmi jurnalının fəaliyyətinin 25 ili tamam olur və jurnalın 100-cü nömrəsi nəşrə hazırlanır. Bu yubileylərin arxasında isə onun çoxillik zəhməti və elmi nailiyyətləri durur.

 

T.Məmmədov 40-dan çox kitabın müəllifidir. İlk öncə T.Məmmədov aşıqşünaslıq sahəsinin mütəxəssisi kimi nüfuz qazanıb. Onun Moskvada müdafiə edilmiş namizədlik və doktorluq dissertasiyaları böyük maraqla qarşılanıb. “Koroğlunun mahnıları” (1978), “Azərbaycan aşıqlarının ənənəvi havaları” (1989), “Aşıq sənəti” (2002), “Azərbaycan klassik aşıq havaları” (2009), “Koroğlu aşıq havaları” (2010), “Azərbaycan aşıq yaradıcılığı” (2011) və s. kitabları Azərbaycan musiqi elmində aşıqşünaslıq sahəsində sanballı tədqiqatlardır. Bu sahədə yazılmış ilk dərslik də T.Məmmədova məxsusdur.

 

Burada bir cəhəti vurğulayaq ki, T.Məmmədovun tədqiqatları aşıq havalarının not yazıları üzərində qurulub. O, 80 aşıq havasının mükəmməl not yazısını ilk dəfə elmi ictimaiyyətə təqdim edərək onların üzərində araşdırma aparıb. Ərsəyə gətirdiyi nəşrlərdə havaların sayı, mövzu və coğrafi məkan baxımından əhatə dairəsi artıb: klassik aşıq havaları, Koroğlu havalarının müxtəlif xalqlara aid versiyaları nota salınaraq tədqiqat obyektinə çevrilib. Həmin not yazılarının elmi-təcrübi dəyərini diqqətə çatdırmaq üçün elə onu qeyd etmək kifayətdir ki, bu zəngin material təkcə T.Məmmədovun öz tədqiqatlarının deyil, həmçinin bu sahədə tədqiqat aparan alimlərin, doktorantların və ali məktəb tələbələrinin elmi işlərinin əsasını təşkil edib.

 

Məlum həqiqətdir ki, etnomusiqişünaslıq sahəsində tədqiqatlar məhz ənənəvi musiqi nümunələrinin yazıya alınmasından başlanır, bu baxımdan canlı ifadan səsyazma vasitələrinə və not vərəqinə həkk olunan musiqi nümunələri – xalq mahnı və rəqsləri, aşıq havaları, muğamlar və s. xalqın irs və sənət yaddaşının yaşamasına, nəsildən-nəslə ötürülməsinə xidmət edir. T.Məmmədov elmi yaradıcılığında bu cəhətə xüsusi diqqət yetirib. Onun kitablarına aşıq havalarının not yazıları ilə yanaşı, həmin nümunələrin ayrı-ayrı görkəmli aşıqların ifasında səs yazılarının da CD-diskdə əlavə olunmasını uğurlu yenilik kimi dəyərləndirmək olar.

 

Tariyel müəllim öz çoxşaxəli yaradıcılığında müasir dövrdə aktual olan bir sıra sahələri əhatə etməklə, onları bir-birilə əlaqələndirməyə nail olub.  Bu, bir tərəfdən, ənənəvi musiqi, digər tərəfdən, elmi jurnalın buraxılışı və müasir texnologiyalarla bağlıdır. İlk baxışda bir-birindən uzaq olan bu üç məfhumu musiqişünas alim bir müstəvidə birləşdirməyə nail olub. T.Məmmədov uzun illər çalışdığı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri kimi bunu öz fəaliyyətində təsdiq edərək musiqi təhsilində yeni bir istiqamət formalaşdırmağa nail olub. Məhz bunun nəticəsi olaraq, T.Məmmədovun elmi redaktorluğu ilə kafedra üzvləri tərəfindən ilk elektron dərslik – “Azərbaycan xalq mahnıları” (müəlliflər C.Həsənova və L.Zöhrabova) hazırlanıb, Azərbaycan musiqi elminin böyük bir tarixi dövrünü əhatə edən “Azərbaycan etnomusiqişünaslığı  – 100: 1921-2021” kitabı nəşr olunub. 

 

“Musiqi dünyası” jurnalı T.Məmmədovun bütün elmi fikirlərini və təxəyyülünü reallaşdırdığı məkana çevrilib. 1999-cu ildən çap olunan “Musiqi dünyası” həmin dövrdə Azərbaycan dilində ilk və yeganə musiqi jurnalı idi və respublikada ana dilində elmi ədəbiyyatın genişlənməsinə xidmət edib. Çap və elektron variantda fəaliyyət göstərən “Musiqi dünyası” jurnalı tədricən bir çox ölkələrin alimlərinin diqqətini cəlb edib. Jurnal hazırda öncül mövqeyini saxlayaraq, musiqişünas və bəstəkarların tribunasına çevrilib.

 

Jurnalıın nəzdində həm də elektron nəşrlər mərkəzi fəaliyyət göstərərək, Azərbaycan mədəniyyətinin müxtəlif sahələri – musiqi, teatr, ədəbiyyat, rəssamlıq və s. ilə bağlı çoxsaylı internet saytlarının yaradılmasını həyata keçirir. “Musiqi dünyası” jurnalının və elektron nəşrlər mərkəzinin rəhbəri kimi T.Məmmədovun fəaliyyətində sanki zamanı qabaqlamaq tendensiyası vardır. Professional musiqi sahəsində ilk dəfə kompüter texnologiyalarının tətbiqi ilə məhz “Musiqi dünyası” məşğul olmağa başlayıb və həyata keçirilən layihələrlə, yaradılan veb-saytlarla, ərsəyə gətirilən elektron məhsullarla həmişə öndə olmağa çalışır.

 

Musiqişünas T.Məməmədovun fəaliyyətində səsyazmaya maraq xüsusi yer tutur. Onun Azərbaycanın görkəmli xanəndələrinin səsyazılarını toplayaraq, qrammofon vallarında nəşr etdirməsi, artıq 1970-ci illərdən “Мелодия”səsyazma studiyasında başlayıb. Səsyazma vasitələri təkmilləşdikcə, T.Məmmədov XX əsrin əvvəllərindən başlayaraq buraxılan Azərbaycan xanəndələrinin qrammofon vallarının bərpa olunması və yenidən disklərə yazılması istiqamətində fəaliyyətini genişləndirib...

 

“Musiqi dünyası” yaradıcı qrupu tərəfindən hazırlanan saytlar da xüsusi diqqətə layıqdir. Bu elektron resurslarda ənənəvi musiqi, bəstəkar yaradıcılığı, mədəni-mənəvi irs, ədəbiyyat, poeziya, teatr sənəti, Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folkloru əksini tapır: portallar, memorial saytlar, elektron dərslik və dərs vəsaitləri, ensiklopediyalar, lüğətlər, lektoriyalar, elektron kitabxanalar, səsyazıları, not yazıları, karaoke nəşrləri və s. Bu sırada “Üzeyir Hacıbəyli” portalını (özündə dərslik, ensiklopediya və virtual muzeyləri cəmləşdirir), “Qara Qarayev”, “Tofiq Quliyev”, “Əfrasiyab Bədəlbəyli”, “Vaqif Mustafazadə”, “Xan Şuşinski”, “İlyas Əfəndiyev”, “Rəsul Rza”, “Şəmsi Bədəlbəyli” memorial saytlarını, “Azərbaycan bəstəkar və musiqişünasları”, “Bakı Musiqi Akademiyası”, “Azərbaycan teatrı” kataloq saytlarını, “Üzeyir ensiklopediyası”, “Dədə Qorqud ensiklopediyası” saytlarını qeyd edə bilərik. “Azərbaycan bəstəkarlarının mahnıları”, “Azsaylı xalqların mahnıları”, “Yüz şairin yüz şeiri” karaoke topluları bir neçə dildə həm çap və həm də elektron formatda həyata keçirilib. Adıçəkilən elektron məhsulların təhsil sahəsində böyük rolu vardır və tələbələrin əyani dərs vəsaitinə çevrilib.

 

“Musiqi dünyası”nın Azərbaycan, rus, ingilis dillərində hazırlanan veb-saytları beynəlxalq miqyasda milli musiqi mədəniyyətimiz haqqında geniş məlumat mənbəyinə çevrili. Təsəvvür edin ki, dünyanın ən müxtəlif yerlərində, ən müxtəlif millətlərdən olan insanlar bu saytlara daxil olaraq, Azərbaycanın musiqi mədəniyyətini tanımaq imkanı əldə edir, musiqimizi eşidir, mədəniyyətimizin ən parlaq simalarını görür, səs yazılarını və not ədəbiyyatını əldə edə bilir. Bu da Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfədir...

 

Əlbəttə ki, bir məqalə çərçivəsində Tariyel müəllimin bütün fəaliyyətini, musiqi mədəniyyətimizin tədqiqi və təbliği yolunda gördüyü bütün işləri tam açıqlamaq mümkün deyil. Bunun üçün sadəcə “Musiqi dünyası” ünvanlı saytlara daxil olmaq kifayətdir: gözünüz qarşısında böyük bir musiqi dünyası canlanacaq.

 

75 illik yubileyini yeni sənət nailiyyətləri ilə qeyd edən Tariyel Məmmədovun bitib-tükənməyən hələ nə qədər perspektiv planları var. Tariyel müəllimə cansağlığı, uzun ömür, bütün ideyalarının həyata keçməsini, Azərbaycan elminin və təhsilinin yüksəlişinə yönəlmiş yaradıcılıq fəaliyyətinin yeni nailiyyətlərlə zənginləşməsini arzulayırıq.

 

 

CƏMİLƏ HƏSƏNOVA,

Əməkdar müəllim,

sənətşünaslıq doktoru, professor