Bakıdakı 247 nömrəli tam orta məktəbdə 21 Fevral- Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dili milli varlığımızdır” adlı  ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri  Günay Qurbanova,  Nəsimi  Rayon İcra Hakimiyyəti başçısının müavini  Gülarə Verdiyeva, Təhsil İnstitutunun Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi  Aysel Xanəliyeva, Firudin bəy  Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova, ”Altun“ nəşriyyatının müdiri, Azərbaycan dili  və ədəbiyyat dərsliklərinin  müəllifi  Rafiq İsmayılov, İbtidai siniflər üzrə Azərbaycan dili dərslik  müəllifi  Solmaz Abdullayeva və məktəbin valideynləri  iştirak ediblər.

 

Tədbir şagirdlərin əl işlərindən ibarət milli – mənəvi dəyərlərimizə həsr olunmuş sərgiyə  baxışla başlayıb.

 

Sonra Ulu öndər Heydər Əliyevin Ana dili haqqında çıxışından hazırlanmış videoçarx təqdim  olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ana dili haqqında çıxışı səsləndirilib.

 

Həmçinin tədbir iştirakçılarına Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça,  məktəblilərin ifasında klassik Azərbaycan şairləri Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətainin  səhnələşdirlmiş obrazları təqdim olunub.    

 

Bəxtiyar Vahabzadənin “Mənim ana dilim”,”Ana dili” şeirləri, Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Qızlar” rəqsi və Emin Sabitoğlunun ”Şirin dil” mahnısı məktəbin şagirdləri tərəfindən ifa edilib.

 

Tədbirin sonunda qonaqlar Azərbaycan dilinin saflığının qorunub  saxlanması, dilimizə olan dövlət qayğısı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması ilə bağlı çıxış ediblər.                                                                                             

 

Şakir CƏFƏROV