“Ana dili milli varlığımızdır” | |
Bakıdakı 247 nömrəli tam orta məktəbdə 21 Fevral- Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dili milli varlığımızdır” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Təhsil İnstitutunun Tədris resursları şöbəsinin aparıcı mütəxəssisi Aysel Xanəliyeva, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova, ”Altun“ nəşriyyatının müdiri, Azərbaycan dili və ədəbiyyat dərsliklərinin müəllifi Rafiq İsmayılov, İbtidai siniflər üzrə Azərbaycan dili dərslik müəllifi Solmaz Abdullayeva və məktəbin valideynləri iştirak ediblər.
Tədbir şagirdlərin əl işlərindən ibarət milli – mənəvi dəyərlərimizə həsr olunmuş sərgiyə baxışla başlayıb.
Sonra Ulu öndər Heydər Əliyevin Ana dili haqqında çıxışından hazırlanmış videoçarx təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ana dili haqqında çıxışı səsləndirilib.
Həmçinin tədbir iştirakçılarına Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça, məktəblilərin ifasında klassik Azərbaycan şairləri Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətainin səhnələşdirlmiş obrazları təqdim olunub.
Bəxtiyar Vahabzadənin “Mənim ana dilim”,”Ana dili” şeirləri, Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Qızlar” rəqsi və Emin Sabitoğlunun ”Şirin dil” mahnısı məktəbin şagirdləri tərəfindən ifa edilib.
Tədbirin sonunda qonaqlar Azərbaycan dilinin saflığının qorunub saxlanması, dilimizə olan dövlət qayğısı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması ilə bağlı çıxış ediblər.
Şakir CƏFƏROV
|
|
21.02.2024 | 12:30 | |
|
|
|