Bakıdakı M.Rahim adına 7 nömrəli  tam orta məktəbdə "Ailəm və məktəbim layihəsi" çərçivəsində oftalmoloq-cərrah   Anar Abdullayevlə müəllim və şagirdlərin görüşü keçirilib.

        

Tədbiri təhsil ocağının  direktoru Könül Təhməzova  açaraq "Ailəm və məktəbim"  layihəsindən danışıb.

   

Məktəb, şagird və valideyn münasibətlərinə toxunan direktor  onlar arasında əməkdaşlığın qurulmasının vacibliyinə diqqət çəkib. Qeyd olunub ki,  laqeydlik, diqqətsizlik, sərt yanaşma uşaqları böyüklərdən uzaqlaşdıran, özlərinə qapandıran əsas faktorlardandır:” Övladlarımıza zaman ayırmağı bacarmalıyıq. Bu, çox önəmlidir. Ola bilər ki,  onlar dərslərində axsasın və yaxud hansısa fənni mənimsəməkdə çətinlik çəksin, bilik və bacarıq potensialı olmasın. Amma  hər zaman düşünməliyik ki, uşağımızın yüksək insani keyfiyyətləri, çox mükəmməl  xüsusiyyətləri var və gəlin, onları  görməzdən gəlməyək. Valideynin məktəbə münasibəti onun övladının təhsilinə, eyni zamada tərbiyəsinə də sirayət edir. Valideynlə  məktəbin əməkdaşlığı olarsa, ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesi düzgün qurularsa uğurlu nəticələrimiz daha çox olar. Məhz məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin  başlanğıc və davamının uğurlu olmasının təminatıdır. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cə­miy­yətin inkişafını şərtləndirən amillərdəndir”.

 

Məktəbin valideyni olan oftalmoloq  Anar Abdullayev  şagirdlərə göz sağlamlığı, göz yorğunluğunun qarşısının alınması  ilə bağlı məlumatlar verib, vaxtın demək olar ki, çox hissəsini kompüter qabağında keçirməyin xüsusilə uşaqların sağlamlığı üçün zərərli olduğunu söyləyib. Bununla bağlı bir sıra tövsiyələrini verən həkim , həmçinin şagirdlərin, müəllimlərin  göz xəstəlikləri, gözlərə düzgün qulluq və digər məsələlər barədə suallarını cavablandırıb.             Oftalmoloq  sonra  maraqlı həyat təcrübəsini, sənət seçməyin yolları, təhsil və tərbiyənin önəmi haqqında şagirdlərlə fikir mübadiləsi aparıb.

     

Samirə KƏRİMOVA