Valideyn -məktəb əməkdaşlığı olarsa... | |
Bakıdakı M.Rahim adına 7 nömrəli tam orta məktəbdə "Ailəm və məktəbim layihəsi" çərçivəsində oftalmoloq-cərrah Anar Abdullayevlə müəllim və şagirdlərin görüşü keçirilib.
Tədbiri təhsil ocağının direktoru Könül Təhməzova açaraq "Ailəm və məktəbim" layihəsindən danışıb.
Məktəb, şagird və valideyn münasibətlərinə toxunan direktor onlar arasında əməkdaşlığın qurulmasının vacibliyinə diqqət çəkib. Qeyd olunub ki, laqeydlik, diqqətsizlik, sərt yanaşma uşaqları böyüklərdən uzaqlaşdıran, özlərinə qapandıran əsas faktorlardandır:” Övladlarımıza zaman ayırmağı bacarmalıyıq. Bu, çox önəmlidir. Ola bilər ki, onlar dərslərində axsasın və yaxud hansısa fənni mənimsəməkdə çətinlik çəksin, bilik və bacarıq potensialı olmasın. Amma hər zaman düşünməliyik ki, uşağımızın yüksək insani keyfiyyətləri, çox mükəmməl xüsusiyyətləri var və gəlin, onları görməzdən gəlməyək. Valideynin məktəbə münasibəti onun övladının təhsilinə, eyni zamada tərbiyəsinə də sirayət edir. Valideynlə məktəbin əməkdaşlığı olarsa, ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesi düzgün qurularsa uğurlu nəticələrimiz daha çox olar. Məhz məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin başlanğıc və davamının uğurlu olmasının təminatıdır. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir”.
Məktəbin valideyni olan oftalmoloq Anar Abdullayev şagirdlərə göz sağlamlığı, göz yorğunluğunun qarşısının alınması ilə bağlı məlumatlar verib, vaxtın demək olar ki, çox hissəsini kompüter qabağında keçirməyin xüsusilə uşaqların sağlamlığı üçün zərərli olduğunu söyləyib. Bununla bağlı bir sıra tövsiyələrini verən həkim , həmçinin şagirdlərin, müəllimlərin göz xəstəlikləri, gözlərə düzgün qulluq və digər məsələlər barədə suallarını cavablandırıb. Oftalmoloq sonra maraqlı həyat təcrübəsini, sənət seçməyin yolları, təhsil və tərbiyənin önəmi haqqında şagirdlərlə fikir mübadiləsi aparıb.
Samirə KƏRİMOVA |
|
16.02.2024 | 15:07 | |
|
|
|