Azərbaycan elminin müasir inkişaf mərhələsində onun elmi- metodiki tədrisinin davamlı olaraq yeniləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Bu baxımdan dövrün tələblərinə cavab verən dərsliklərin, müxtəlif vəsaitlərin hazırlanması və tədris prosesində istifadə edilməsi zəruri məsələ kimi qarşıda durur. Bu istiqamətlə aparılan araşdırmalar və yazılan tədris vasitələrinin önəmə gətirilməsi vacibdir. Azərbaycan iqtisadi coğrafiya elminin inkişafında bu sahədə yazılan və çap olunan sanballı və elmi-metodiki cəhətdən hərtərəfli əhatə mövzuya malik dərsliklərin rolu az deyil.

 

Bu baxımdan, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor T.G.Həsənovun redaktorluğu və həmmüəllifliyi ilə çapdan çıxmış “Dünyanın iqtisadi coğrafiyası (Postsovet ölkələri)” dərsliyi aktuallığa malikdir. Ali məktəblərdə müstəqil fənn kimi tədris edilən “MDB ölkələrinin iqtisadi coğrafiyası”na dair, demək olar ki, tamlığını özündə əks etdirən sanballı dərsliyi olmadığından yeni dərs vəsaitlərinin yaranması zərurət olmuşdur.

 

Dərsliyin məziyyətlərindən biri son illərdə praktikada qəbul edilən iqtisadi-coğrafi termin və ifadələrindən yaradıcılıqla istifadə edilməsidir.

 

Dərsliyin “Postsovet” termini altında ifadə olunması düzgündür və metodiki tələblər baxımından məqbul hesab edilməlidir.

 

Məsələnin dəyəri ondan ibarətdir ki, SSRİ dağılandan sonra 15 müstəqil dövlət yaranmışdır. Vahid coğrafi məkanda yerləşən bu ölkələr sonrakı (“post” lat. sonra - yəni sovet quruluşundan sonra deməkdir) illərdə müstəqil iqtisadi-siyasi inkişaf yolunu seçmişlər. Dərsliyin əhəmiyyəti ondan ibarətdir ki, postsovet ölkələri ilə bağlı bütün əsas siyasi, iqtisadi və sosial bölmələrin elmi-metodiki istiqamətlərini ehtiva edir.

 

Dərsliyin yazılmasında müəlliflər iqtisadi coğrafiya elminin daha dolğun və obyektiv öyrənilməsi məntiqindən çıxış edərək nəzəri-metodiki təhlillərə  üstünlük veriblər. Ənənəvi iqtisadi coğrafiya elmi təhlillərindən fərqli olaraq postsovet ölkələrinin təsərrüfat sahələrinin ərazi təşkili, ölkələrin resurs imkanları və eləcə də siyasi-iqtisadi əlaqələrinə dair kompleks yanaşmaları kitabda yer alıb. Postsovet ölkələrinin öyrənilməsi, tələbə və magistrlərdə coğrafi görüş dairəsinin formalaşması dərslikdə verilən materialların əsas hədəfini təşkil edir.

 

Dərsliyin dəyərli məqamlarından biri də postsovet ölkələrinin iqtisadi inkişafı uçün kreativ sahələrin müəyyən edilməsi və buna uyğun iqtisadi-coğrafi istiqamətində təsnifatların aparılmasıdır. Ümumi daxili məhsulun (ÜDM) həcminə görə önəmini özündə əks etdirən ölkələrin inkişaf səviyyəsinin iqtisadi-coğrafi xarakteristikasını göstərə bilərik. Coğrafiya ixtisası üçün tərtib edilən “Dünyanın iqtisadi coğrafiyası (Postsovet ölkələri)” dərsliyi kompleks tədris proqramına uyğun mövzuların əsasında qurulub. Coğrafi yerləşməsinə, qonşuluq dərəcəsinə və geosiyasi potensial mövqeyinə görə aparılan təsnifatlar elmi-metodiki cəhətdən düzgündür.

 

Ölkələr beş qrupa bölünür və hər bir qrupun iqtisadi-coğrafi və siyasi mövqeyi elmi düşüncə tərzi ilə araşdırılır. Qeyd etmək yerinə düşər ki, indiyə qədər heç bir dərslik və ya dərs vəsaitində bu istiqamətlərdə təhlillər aparılmayıb. Bu onu göstərir ki, müəlliflər dərsliyin hazırlanmasında ən yeni materiallara və təhlil metodikasına üstünlük vermiş və buna da nail olmuşlar.

 

Dərslikdə Azərbaycanın iqtisadi coğrafiyasına dair verilən materiallar, qoyulan məsələlər öz tamlığı və məzmununa görə yenidir. Burada ölkənin davamlı inkişafını özündə əks etdirən təklif və təhlillər geniş oxucu kütləsi, eləcə də tələbələr üçün faydalı sayıla bilər.

 

“Dünyanın iqtisadi coğrafiyası (Postsovet ölkələri)” dərsliyi ensiklopedik xarakteri ilə seçilir. Dərslikdə ölkələrin iqtisadi-coğrafi elmi təhlil metodikası əsasında əldə edilmiş geniş miqyaslı ən yeni nailiyyətlərə dair məlumatları özündə birləşdirməklə yanaşı, digər tərəfdən, orijinal və yeni konseptual yanaşma müstəvisində qurulması da diqqətəlayiqdir. Bununla yanaşı, müəllif təhlili zamanı öz şəxsi tədqiqatlarından, ideya və təkliflərindən də istifadə edir.

 

Dərslik iqtisadi-coğrafi dəyərlərlə yanaşı, postsovet ölkələr üçün spesifik olan problemlərin də öyrənməsi metodikasına toxunub. Müəlliflər düzgün olaraq belə bir önəmə diqqət yetiriblər ki, müasir dövrdə postsovet ölkələri müstəqil iqtisadi inkişaf mərhələsində bir- biri ilə optimal səviyyədə inteqrasiya üzrə inkişaf edirlər. Belə ki, bu ölkələr üçün yeni coğrafiya elmi biliklərin əldə olunması istiqamətində axtarışların mütəşəkkil surətdə həyata keçirilməsi və alman nəticələrdən ölkələrinin praktiki ehtiyaclarının ödənilməsi üçün istifadə olunması mühüm yer tutur. Bu yeni meyillərin öyrənilməsində “Dünyanın iqtisadi coğrafiyası (Postsovet ölkələri)” dərsliyinin elmi-praktiki əhəmiyyəti inkaredilməzdir. Bu dərslik postsovet ölkələrinin iqtisadi-siyasi coğrafiyasını düzgün dəyərləndirilməsinə və müvafiq nəticələr çıxarılmasına imkan verir. “Dünyanın iqtisadi coğrafiyası (Postsovet ölkələri)” dərsliyi ali məktəblərin coğrafiya və coğrafiya müəllimliyi ixtisası olan bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur. Dərslik, müəllimlər və postsovet ölkələri ilə tanış olmaq istəyən mütəxəssislər üçün faydalı mənbədir.

 

Ağazeynal Qurbanzadə,

Azərbaycan Kooperasiya Universitetinin “Ekologiya və coğrafiya” kafedrasının professoru, coğrafiya elmləri doktoru