Dərslik ekspertləri - rəy və təkliflər
Elm və Təhsil Nazirliyinin STEAM İnnovasiya Mərkəzində ümumi təhsil fənlər üzrə dərslik ekspertləri ilə görüş keçirilib. Görüşü Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqubova açaraq mövzu ilə bağlı fikirlərini bölüşüb. Görüşdə ümumi təhsil pilləsi üzrə 2023-2024-cü tədris ilinə hazırlanmış dərsliklərin qiymətləndirmə nəticələri, tədris ilinin birinci yarısı ərzində müəllimlərdən daxil olmuş əks-əlaqə, nailiyyətlər və öyrənilmiş dərslər müzakirə edilib. Həmçinin növbəti tədris ilinə təkmilləşdirilməli və yeni hazırlanmalı dərsliklərin ekspertizasının gedişatı təhlil edilib, ekspertlərin təklif və fikirləri dinlənilib.
Sənubər Məmmədova, Bakıdakı 267 nömrəli məktəb-liseyin informatika müəllimi, ETN-nin ümumtəhsil fənlər üzrə dərslik eksperti:
- Qloballaşan və sürətlə inkişaf edən dünyada yeni təlim texnologiyaları və interaktiv dərs modelinin tətbiqi qaçılmazdır, burada təhsilverənlərin kompetensiyaları ilə yanaşı, əsas tədris vasitələrindən biri olan dərsliklərin müzakirəsi önəmlidir. Dərsliklərimiz bu günün konsepsiyasına uyğun olmaqla yanaşı, gələcəyimizin qurucusu olan şagirdlərimizə gərəkli informasiyalar çatdırmalıdır. Şagird məhz dərsliklərdən aldığı biliyi, məlumatı özününküləşdirməyi, qavramağı, şifahi və yazılı şəkildə ifadə etməyi, müəyyən bilik və bacarıqlara çevirməyi bacarmalıdır ki, mütəmadi şəkildə baş verən bu proses sonralar onun həyati ehtiyaclarının həllinə yönələrək şəxsiyyət və vətəndaş kimi formalaşmasına xidmət etsin. Bəli, bu çox mühüm məsələdir və öyrənmə mühitinin vacib aspektlərindəndir. Yeri gəlmişkən, tədris etdiyim fənn haqqında danışmaq istərdim. İnformatikanın yeni fənn olmasına baxmayaraq, bu fənn sürətlə inkişaf edən, fundamental, inteqrativ fəndir. Artıq cari tədris ilindən DİM-in qəbul proqramına daxil edilməsi isə informatika dərslik komplektlərinin yazılmış olduğu fənn standartlarının və bu əsasda da mövcud dərsliklərin tamamilə yenilənməsini aktual edir. Şagirdlərin maraq dairəsini, inkişaf xüsusiyyətlərini nəzərə alaraq artıq 5-ci sinif dərsliklərinə yeni təhsil metodlarının (STEAM; TRİZ və s.) gətirilməsi, www.makecode.microbit.org, həmçinin www.code.org; www.scratch.mit.edu və s. kimi saytlardan sadə, maraqlı alqoritm və məsələlərin salınması yaxşı olardı. Və bu proses digər sinif dərsliklərində də inkişaf etdirilsə, zənnimcə düzgün olar. Çünki təlim məqsədlərinin standartlara uyğunluğu, istifadə olunan təlim texnologiyalarının uyğunluğu, davamlı inkişaf konsepsiyasına müvafiq olaraq tətbiq olunan metod və üsulların reallaşdırılmasında dərsliklərin rolu danılmazdır.
Aydın Allahverdiyev, Bakıdakı 72 nömrəli məktəb-liseyin tarix müəllimi, ETN-nin ümumtəhsil fənlər üzrə dərslik eksperti:
- Dərsliklər hələlik məktəblərimizdə hər bir fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verən əsas resursdur. Dərsliklər əsasında bütöv nəsillər yetişir.
Dövlət standartlarını nəzərə almadan hazırlanan dərsliklər sosial sifarişi yerinə yetirmək gücündə deyillər. Cəmiyyətimizin dərsliklərdəki qüsurlara xüsusi həssaslıqla yanaşması da anlaşılandır. Təəssüf ki, müstəqillik əldə etdiyimiz dövrdən indiyədək dərsliklərimizin əksəriyyəti nə pedaqoji ictimaiyyəti, nə şagirdləri, nə də onların valideynlərini qane etməkdədir. Bunun aşağıdakı bir sıra obyektiv və subyektiv səbəbləri vardır:
- 1. Dərslik yazmaq təcrübəsinin azlığı;
- 2. Elmi resursların məhdudluğu: Müxtəlif fənlərdən bəzi məzmun standartlarının tələblərinə uyğun mövzularla bağlı fundamental elmi araşdırmaların olmaması, yaxud bu araşdırmaların zəif olması.
- 3. Dərsliklərin hazırlanmasında rəqabət mühitinin olmaması, yaxud formal xarakter daşıması;
- 4. Dərsliklərin hazırlanmasına və ekspertizasına ayrılan vaxtın azlığı;
- 5. Dərsliyin qiymətləndirilməsi meyarlarının natamamlığı;
- 6. Dərsliyin hazırlanmasına verilən tələblər.
Yaşar Seyidəliyev, Bakıdakı 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, ETN-nin ümumtəhsil fənlər üzrə dərslik eksperti:
- Mən bir coğrafiya müəllimi olaraq, artıq bir neçə ildir ki, coğrafiya dərsliklərinin ekspertizası ilə məşğulam. Dərslik komplektləri müəlliflər tərəfindən nə qədər mükəmməl hazırlansalar da, dəyişən və inkişaf edən dünyamızda bir müddət sonra bəzi məlumatlar köhnəlir, yeni metodik yanaşmalar, müasir elmi biliklər və müəyyən dərəcədə də daha əvvəl yol verilmiş bəzi nöqsanların düzəlişlərinə ehtiyac duyulur. Bu səbəblə, biz ekspertlərin üzərinə məsuliyyət düşür. İstər məktəbdə dərs dediyim siniflərdə, istərsə də, Azərbaycan komandasının coğrafiya üzrə beynəlxalq fənn olimpiadasına hazırlıq dərslərində daim coğrafiya fənni üzrə araşdırma edir və müasir dünyanın aparıcı ölkələrinin və coğrafiya üzrə qabaqcıl dövlətlərin fənn məzmunları və dərslikləri ilə işləməli oluram. İnternet məkanında bu qədər dərslik və resursun yüksək keyfiyyətdə pdf formatında və videodərslərin hər kəsə açıq və ödənişsiz olması, dünyanın heç bir yerində bizdəki kimi mümkün deyil. Bu, həqiqətən də, dövlətin təhsilə böyük töhfəsidir. ETN-nin eksperti olaraq, ölkə coğrafiyasının beynəlxalq kurikulumuna uyğunlaşması istiqamətində çalışmışam. Hazırda coğrafiya üzrə yeni tədris kurikulumları və müvafiq kurikulum əsasında dərslik komplektləri üzərində iş aparılır. Çox arzulayardım ki, coğrafiya üzrə dünyanın qabaqcıl və aparıcı ölkələrinin, nəşriyyatlarının, universitetlərinin kurikulumu nümunə götürülsün.
Pərvin Əşari, Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin musiqi müəllimi, ETN-nin ümumtəhsil fənlər üzrə dərslik eksperti:
- Mən 2019-cu ildən etibarən Elm və Təhsil Nazirliyində musiqi dərsliklərinin işlənməsi üzrə ekspert kimi fəaliyyət göstərirəm. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə, STEAM İnnovasiya Mərkəzində təşkil edilmiş 2023-2024-cü tədris ili üçün ümumi təhsil məktəblərinin dərsliklərinin işlənməsi üzrə müzakirəyə bütün fənlər üzrə ekspertlər bir araya gəlib. Çox maraqlı ideyalar səsləndirildi. Dərsliklərlə bağlı müzakirələr, fikir mübadiləsi etdik. Ekspert kimi fəaliyyətə başlayandan daim şagirdlərimin fikir və arzuları ilə maraqlanmışam, onların bir çox istəklərini dərslik müəlliflərinə çatdırmışam. Biz ekspertlər kitaba təkcə müəllim kimi deyil, şagirdlərin nəzərləri ilə də baxmağa çalışmışıq. Onu qeyd etmək istəyirəm ki, musiqi dərsliklərinə nəzər salsaq, onların hədsiz rəngarəng və maraqlı tərtibatda olduğunu görərik. Məsələn, 5, 6, 7-ci siniflərin musiqi dərslikləri çox rəngarəngdir. Elm və Təhsil Nazirliyinin, dərslik müəlliflərinin və ekspertlərin birgə səyi nəticəsində nəinki azyaşlı dostlarımızın, hamının dilində əzbər olan - “Qarabağ”, “Vətən yaxşıdır - Xudayar təsnifi”, “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”, “Əsgər qardaşlar”, “Şuşanın dağları”, “Sarı gəlin”, “Laçın” və s. mahnıları dərsliyə daxil etmişik. Vətənpərvər ruhlu - xalq və bəstəkar mahnılarımızın, musiqi əsərlərindən kiçik parçaların verilməsi əminəm ki, cəmiyyətimizdə formalaşan “musiqi II dərəcəli fəndir” - düşüncəsindən insanları daşındıracaq. Qarşıdan gələn illərdə biz dərsliklərin müasir dövrə və eyni zamanda beynəlxalq səviyyəyə uyğun olması üçün daim çalışacağıq.
Şakir CƏFƏROV