Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreeva və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca isə məişət zorakılığı ilə mübarizəyə dair videoçarx nümayiş etdirilib. 

 

Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasından danışıb. 

 

Komitə sədri aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlərin məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verdiyini vurğulayıb.
 
Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev valideynlər arasında olan konfliktin uşaqlara birbaşa təsirindən və ailədə baş verən zorakılığın cəmiyyətdə özünü büruzə verməsindən danışıb. Nazir əlavə edib ki, məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər olduqca vacibdir. 

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında vurğulayıb ki, Azərbaycanda 100-ü uşaq olmaqla 154 nəfər zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərilib. 


Daha sonra digər qonaqlar çıxış edərək məişət zorakılığı ilə mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ailədaxili münaqişələr uşaqların vətəndaş və şəxsiyyət kimi formalaşmasına əsaslı mənfi təsirlər göstərir, zorakılıq hallarının cəzasız qalmasının bu kimi hadisələrin yenidən təkrarlanmasına, problemin dövriliyinin yaranmasına, eləcə də həllinin daha da mürəkkəbləşməsinə səbəb olur. Əlavə edilib ki, qadın və qızların, ümumilikdə cəmiyyətin bütün üzvlərinin təhsilli olması, öz hüquqlarını bilməsi, ailə dəyərlərinin gücləndirilməsi bu problemlərlə mübarizəyə mühüm töhfələr verə bilər. 

 

Çıxışlardan sonra konfrans Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, mövcud problemlər və perspektivlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair panel müzakirələrlə davam etdirilib.