Məişət zorakılığına həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb | |
Dekabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreeva və digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca isə məişət zorakılığı ilə mübarizəyə dair videoçarx nümayiş etdirilib.
Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasından danışıb.
Komitə sədri aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlərin məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verdiyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında vurğulayıb ki, Azərbaycanda 100-ü uşaq olmaqla 154 nəfər zorakılığa məruz qalan şəxsə sosial xidmət göstərilib.
Çıxışlardan sonra konfrans Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, mövcud problemlər və perspektivlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair panel müzakirələrlə davam etdirilib.
|
|
06.12.2023 | 17:00 | |
|
|
|