Parlament 100 nəfər azərbaycanlı gənci xaricə oxumağa göndərmək üçün qanun qəbul etdi
Artıq bizim üçün uzaq keçmiş olan o illərdə - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə qəlblərində min bir arzu, dilək Vətəndən kənarda təhsil almağa göndərilənlərin həyatdan gözlədikləri çox idi. Təkcə özlərinin deyil, onlara inam və etibar edib xaricə oxumağa göndərən Azərbaycan dövlətinin də. Cəmiyyətin düşməni cəhalət, cəhalətin düşməni isə təhsildir. Azərbaycan Xalq Cümhuriyyəti qurucuları da xalqı cəhalətdən qurtarmağın yolunu təhsildə görürdülər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti inanırdı ki, onların böyük arzu ilə təhsil almağa göndərdikləri gənclər geri qayıtdıqdan sonra Azərbaycan üçün böyük işlər görə biləcəklər. Lakin nə biləydilər ki, cəmi 23 ay yaşayacaq bir respublikanın böyük ümidlər gözlədiyi bu gənclərin bir çoxlarının (əslində elə hamısının) taleyi məşəqqətə çevriləcək...
Bu gənclərin böyük əksəriyyətinin sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Bəziləri isə Azərbaycanda baş verən hadisələrə görə geri qayıtmamış, oxuduqları ölkədə evlənərək orada qalmışlar...
23 ay yaşayan müstəqil Azərbaycan dövlətinin qurucuları inanırdılar ki, gənc dövlətin möhkəmlənməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac olacaq. Ona görə də fəaliyyəti dövründə elm və təhsilə, milli kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin yaranması və hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul edilməsi belə diqqətin nəticəsi idi. Bu işə nəzarət etmək üçün M.Ə.Rəsulzadənin rəhbərliyi ilə beş nəfərlik dövlət komissiyası yaradıldı. Qısa vaxtda komissiya 45 nəfərin Fransada, 23 nəfərin İtaliyada, 10 nəfərin İngiltərədə, 9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil almağa göndərilmələri üçün qərar qəbul etdi.
Hökumət hesab edirdi ki, ölkə iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyəti böyükdür. Çünki bu göndərilənlərin hər biri bir ümid, bir çıraq olacaqdı, oxuyub, təhsil alıb Azərbaycana qayıdıb yeni qurulmuş müstəqil dövlətin öz dayaqları üzərində möhkəm dayanmasına yardımçı olacaqdılar. Bu iş üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi.
Xalq Maarif Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verildi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmadı.
Onlar 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar.
Xaricə göndərilən tələbələrin maddi təminatını böyük mesenant, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. Və onun öz şərtləri var idi:
1.Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2.Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3.Tələbə qeyri-türklə və ya qeyri-müsəlmanla evlənməyəcəkdir.
4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir.
Sonradan üçüncü bənd ixtisar olunur. Bəlkə elə buna görədir ki, bu gənclərin bəziləri (Mustafa Mustafayev Fransada, Hilal Münşüzadə Berlində) qeyri-müsəlmanla ailə qurub, geri dönməyib.
Lakin gənc demokratik respublikanın böyük ümidlərlə xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi aprel işğalından sonra çox acınacaqlı oldu. Bolşeviklər tələbələrə pul göndərmədi. Doğrudur, Nəriman Nərimanovun böyük səyləri ilə həmin tələbələrin maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapdı. Bu məqamda maraqlı bir fakt: 100 nəfərdən biri olan və Paris Universitetində hüquq təhsili alan Rəşid Topçubaşov (Əlimərdan bəy Topçubaşovun oğlu) Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qurulan Sovet hökumətinin təqaüdündən imtina etmişdir.
N.Nərimanov Moskvaya rəhbər vəzifəyə aparıldıqdan sonra Azərbaycanda xaricdə təhsil alan tələbələr barədə fikirlər dəyişməyə başladı. Bir çoxu nəinki təhsil haqqını ödəyə bilmək, hətta yaşamaq üçün mücadilə aparmalı oldu. Onlar yad ölkələrdə ən ağır sahələrdə işləmək məcburiyyətində qaldılar. Bəziləri həbsxanalara atıldılar. Çıxış yolu tapa bilməyib intihar edənlər belə oldu. Çətinliklərlə təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis kimi Vətənə dönən tələbələrin bəziləri Sibirə sürgün edildi, bəziləri bolşevik terrorunun qurbanı oldu. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti kimi onların da arzuları, ümidləri yarıda qaldı. Nə onları oxumağa göndərən dövlət, nə də özləri bu arzularının gerçəkləşməsini istədikləri kimi görə bilmədilər.
Bu 100 nəfər Azərbaycanın müxtəlif guşələrindən idilər. Şuşadan, Gəncədən, Qazaxdan, Ağdaşdan, Tiflisdən... 100 nəfərdən biri isə əslən oğuzlu idi.
0, 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində) doğulmuşdur. Abdulla Tahirzadə ilk təhsilini Ağdaşda, orta təhsilini İstanbulda xeyriyyə məktəbində almışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. İstanbulda həm Ali İqtisad Məktəbində, həm də İstanbul Universitetinin riyaziyyat fakültəsində oxumuşdur. 1923-cü ildə vətənə qayıtmışdır. Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim işləmişdir. Lakin Azərbaycandakı repressiyalar ondan dayan keçməmişdir. 1949-cu ilin mayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilir. Bu məşəqqət ailəsindən də yan keçmir. Həyat yoldaşı və qızı “xalq düşməninin ailə üzvü” kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün edilirlər. 5 il sürgün həyatı yaşayan A.Tahirzadə 1953-cü ildə azad edilir, 2 il Canbulda (Qazaxıstan) müəllim işləyir. 1953-cü ildə həyat yoldaşı və qızı əfv edilir və bir il sonra onlara A.Tahirzadənin yanına Cambul şəhərinə gəlməyə icazə verilir. Yalnız 1955-ci ildə o, bəraət alır. Ailə Bakıya qayıdır. Həmin ildən Azərbaycan Neft-Kimya İnstitutunda dərs deməyə başlayır. 1978-ci ildə Bakı şəhərində vəfat edir. Özü ilə bərabər onun ailə üzvləri də bir çox çətinliklərlə üzləşirlər.
Qızı Nərmin Tahirzadə 1921-ci ildə İstanbulda anadan olub.O, anası ilə birgə 3 yaşı olanda atasından bir il sonra, 1924-cü ildə Bakıya qayıdıb. 1939-cu ildə BDU-nun tarix fakültəsini bitirib. 1944-cü ildən unuversitetdə müəllim işləməyə başlayıb.
İrəlidə qeyd etdiyimiz kimi, Nərmin xanım və anası “xalq düşməninin ailə üzvü” kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün edilir. Burada onlar sürgün həyatını bütün ağrı-acıları ilə yaşayırlar. Yalnız 1953-cü ildə atası azad edildikdən sonra Nərmin xanım və anası da əfv olunur. N.Tahirzadə 1955-ci ildə Bakıya qayıdır və Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinə işə girir. 1956-cı ildə “XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır. 1961-ci ildən 1987-ci ilədək muzeydə şöbə müdiri işləyir. N.Tahirzadəyə 1973-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilir. O, XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb. XIX yüzildən üzübəri, təxminən, yüz illik dönəmdə Azərbaycanda yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq sanballı elmi məqalə dərc etdirib. Nərmin xanım XIX yüzildən 1920-ci ilədək Azərbaycandan gedərək Rusiya imperiyasının ali məktəblərində oxumuş yüzədək hərbçi, mühəndis, həkim, hüquqşünas və sair ali təhsilli mütəxəssisimiz haqqında olduqca zəngin material toplayaraq Azərbaycana gətirib.
Nərmin Tahirzadə uzun sürən xəstəlikdən sonra 17 yanvar 2012-ci ildə vəfat edib.
Budur, adamlar və talelər. Budur qısa ömrün anları. Budur ümidlər. Bəzən çox çətinliklərlə də olsa ümidlər doğrulur. A.Tahirzadə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin böyük ümidlərindən biri idi. Böyük ümidlə, Azərbaycanın sabahı üçün göndərilmişdi Türkiyəyə təhsil almağa. Bu ümidlər A.Tahirzadənin Azərbaycan təhsilinə, qızının isə Azərbaycan elminə verdikləri zəhmətlə doğruldu.
Mətanət KƏərimova,
Oğuz şəhər 3 nömrəli məktəbliseyin tarix müəllimi