Maqsud Nəcəfovu elm aləmi bəxş etdiyi yeniliklərlə, ailəsi və tələbələri isə göstərdiyi qayğıkeşliyi ilə xatırlayır


Bu dünyadan bir müəllim keçdi. 56 illik müəllim ömrü yaşadı Maqsud müəllim. Dünyadakı missiyasını tamamlayıb köçəndə artıq bir universitet müəllimi, alim idi. 4 dərs vəsaitinin və 70-dən çox elmi-metodiki məqalənin müəllifi kimi tanınırdı. Yaşasaydı, neçə kitabı, nə qədər məqaləsi olacaqdı; elmə başqa hansı töhfələri verəcəkdi, onu demək çətindir... Yaşasaydı, 75 yaşını qeyd  edəcəkdik...

 

Müəllim oldu...

 

Bir payız günü dünyaya göz açdı Maqsud Nəcəfov. Tarixi türk torpaqlarından birində. Ermənistan ərazisindəki Qarakilsə rayonunun Ağudi kəndində yetişdi, şəxsiyyət kimi formalaşdı. Sonra arzularının ardınca, o torpaqlarda yetişən bir  çox türk kimi ali təhsil almağa Bakıya üz tutdu. Arzusu riyaziyyatçı olmaq idi. Bakı Dövlət Universitetinin tələbəsi oldu. Mexanika-riyaziyyat fakültəsində təhsil aldığı 1966-1971-ci illərdə fəal tələbəlik həyatı yaşadı. Universitet həyatının hər anını sevdi. Elm dünyasına ilk qədəmlərini basdığı bu dövrdə qərarını verdi: Riyaziyyata bağlayacaq taleyini, riyaziyyatla çözəcəkdi dünyanın sirlərini! Axı, riyaziyyat bir çox elmin açarıdı- deyirdilər, inanmışdı o da. Bunun şahidi də olmaq istəyirdi; öz təcrübəsində sübut etməyə də qərarlıydı. Odur ki, gecə-gündüz kitablardan əl çəkmədi, universiteti əla qiymətlərlə bitirib təhsilin növbəti səviyyəsinə keçdi.1972-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında oxudu, təhsilini fərqlənmə diplomu ilə tamamladı. Bundan sonra həm öyrənəcək, həm də elmə öz töhfəsini verəcəkdi.

 

Alimlik dərəcəsi aldı...

 

ADPU- da laborant olaraq başladığı karyerası elmi və təcrübəsi artdıqca yüksəldi. Baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışdı. Sonra elmi araşdırmalarını əsaslandırmaq üçün komissiya qarşısına çıxdı. 1983-cü ildə girdiyi bu sınaq dərəcə ilə sonuclandı. O, artıq fizika-riyaziyyat elmləri namizədi, yəni, bir alim idi. Sonra kosmik hərb sənayesində yazdığı xüsusi törəməli tənliklər sistemi və onun tətbiq sahəsini araşdırdı və 2012-ci ildə “Slindrik və konik örtüklərin aeroelastik rəqsləri və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi, 2019-cu ildə professor elmi adını aldı.

 

Qardaşı Bəxtiyar Nəcəfov deyir: “Yeni formulalar əsasında silindrik və konusvari səthlərin titrəməsi hələ öyrənilməmişdi. Mexanika elmində olan bu boşluğu məhz qardaşım Maqsud Nəcəfov doldurdu. Onun kosmik sənaye sahəsində gördüyü işlər SSRİ və Azərbaycan hərb sənayesində olduqca vacib və aktual bir elmi yenilik idi”.

 

Xatirələrə köçdü...

 

Dərəcəsi dəyişdikcə vəzifəsi də dəyişdi.  1989-cu ildən Həndəsə kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində çalışdı, 1998-2019-cu illərdə Riyaziyyat və informatika fakültəsində dekan işlədi.

 

Azərbaycan elminə verdiyi töhfə çoxaldıqca özünü daha xoşbəxt hiss edirdi Maqsud müəllim. Qızı və onun davamçısı olaraq ADPU-da çalışan riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Sürəyya Nəcəfova təsəlli tapır ki, Ali Attestasiya Komissiyasına diplomunu almağa çağrılanda elə bil canına can, gözünə işıq gəldi: “Həmin gün atamın səbirsizliklə gözlədiyi bir gün idi. O an gələndə, mənə elə gəlir ki, onun həyatının ən xoşbəxt günü oldu. Həmin vaxt insult keçirmişdi. Nə yaxşı ki, ölmədən o günü yaşamaq nəsib oldu və diplomunu aldı”.

 

Digər övladı, ADPU-da müəllimə işləyən Könül Nəcəfova həm də onun söz sirdaşı, digər övladlarına nisbətən ən yaxını olub. Könül Nəcəfovanın qızı, Maqsud müəllimin ilk nəvəsi Sara Quliyeva Barselona Beynəlxalq Təhsil İnstitutunun (IBEI - Institut Barcelona d'Estudis Internacionals) Beynəlxalq Təhlükəsizlik və Qlazqo Universitetinin Hüquq fənni üzrə magistraturasını bitirib. Saranın Qlazqo Universitetinə qəbul olması xəbərini eşidəndə Maqsud müəllimin bəlkə də ən xoşbəxt günü olub. Təəssüf ki, Saranın Avropada qazandığı təhsil nailiyyətlərini sevimli babası görə bilmədi. Amma  Sara sonuncu diplom işini “Sevimli babam Maqsud Nəcəfovun əziz xatirəsinə ithaf edirəm”, - deyə yazdı. https://www.facebook.com/sara.quliyeva.1023/posts/pfbid02ZGF8EJ2dE9gpczJ3fTviM5akuxS5RHdpuQUyutKJyFf3hScdtzeRP6DprdfPTZC6l

 

Yaddaşlarda qayğıkeş insan kimi qaldı...

 

İndi onu elm aləmi bəxş etdiyi yeniliklərlə, ailəsi və tələbələri isə göstərdiyi qayğıkeşliyi ilə xatırlayır.

 

Sürəyya Nəcəfova deyir: “Oxumaq atam üçün ən vacib və əsas məsələlərdən idi. Həmişə deyirdi ki, oxuyun, qabağa getmək, öz ayaqlarınızın üstündə dura bilmək, gələcəkdə sözünüzü demək üçün oxuyun. Onun oxumağa verdiyi öncəliyin nəticəsi idi ki, ailəmizdə hamımız universiteti fərqlənmə diplomu ilə bitirdik. Universitetə daxil olandan müəllim işləyən günə kimi yolumuz da bir idi, atamla bir gedib gəlmişik. Sonra elmdə də atamın yolu ilə getdim. Ona çox bağlı idim. Hər sözümü, problemimi onunla bölüşür, məsləhətləri ondan alırdım. Zəhmli baxışı, sərt görkəmi olsa da, ürəyi çox yumşaq idi”.

 

S.Nəcəfova, sadəcə övladı yox, həm də iş yoldaşı olduğu M.Nəcəfovu belə xatırlayır: “İşlədiyi müddətdə nə tələbələrinin xətrinə dəymişdi, nə də bir  müəllimə sərt davranmışdı. 24 il bir yerdə işlədiyim, universitet dəhlizlərində daim qarşılaşdığım qayğıkeş insanı itirmək çox ağırdır. Təkcə mənim üçün yox... Universitetdə barəsində söz düşür. Xatirələrini bölüşən həmkarlarımızın bəzən gözləri dolur. Hər insana nəsib olmur ölümündən sonra belə xatırlansın. Qürur duyuram ki, atam belə insanlardandır”.

 

Ruhiyyə DAŞSALAHLI