Təlim nailiyyətlərinin yaxşılaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu
Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında fənlər üzrə keçilən dərs saatlarından başqa, sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu və əhəmiyyəti böyükdür. Məktəblərdə fənlər üzrə dərnəklərin yaradılması, şagirdlərin texniki yaradıcılıq mərkəzlərinə cəlb edilmələri, fənlərə aid müxtəlif adlarla tədbirlərin, “dəyirmi masa”ların, bilik yarışlarının keçirilməsi, istehsal sahələrinə, muzeylərə ekskursiyaların təşkili, müxtəlif rəqabətli oyunların tətbiqi, şagirdlərin tədqiqat xarakterli müxtəlif elmi layihələrə cəlb edilməsi fənnə olan marağı artırır, şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir, baza biliklərini möhkəmləndirir, şagirdlər arasında sağlam rəqabət yaradır və yaradıcılıq qabiliyyətinin formalaşmasına səbəb olur.
Texniki yaradıcılıq mərkəzlərində əsasən “İbtidai texniki modelçilik”, “Radioelektronika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “İnformatika”, “Texniki estetika”, “Əyləncəli fizika”, “Texniki ekologiya”, “Gənc konstruktorlar”, “Avto”, “Raket”, “Təyyarə” modelçiliyi, “Robot texnikası”, “Kimya - texnologiya” və s. adlarda dərnəklər fəaliyyət göstərir. Bu mərkəzlərə cəlb olunan uşaq, yeniyetmə və gənclərin texniki yaradıcılıq potensialları inkişaf etdirilir, onlar erkən yaşlarından səmərələşdiricilik və ixtiraçılıq işlərinə cəlb olunurlar. Bu mərkəzlərdə məşğul olan məktəblilər ümumtəhsil məktəblərində fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər.
Mən 4 il Gənc Texniklər Stansiyasında “Kimya -texnologiya” dərnəyinin rəhbəri kimi fəaliyyət göstərmişəm. Bu dərnəkdə şagirdlərin necə həvəslə mövzulara aid modellər düzəltdiyini, onları dərslərimizdə qürurla nümayiş etdirdiklərini gördükcə fəaliyyətimizi daha da genişləndirirdim.
7-ci sinifdən başlayaraq şagirdlərə müxtəlif mövzularda referatlar yazdırmaq, onların prezentasiyasını keçirmək, yaxşılan rəğbətləndirmək lazımdır. Rəğbətləndirmə rəqabəti artırır, şagirdlərdə özgüvənlik yaradır. Referatların yazılması müstəqil araşdırma, tədqiqatçılıq qabiliyyətini formalaşdırır, mövzuya əsasən əhatəli biliklərin alınmasını təmin edir, şagirdlərə öyrənməyi və öyrətməyi öyrədir.
Kimya fənnindən 7-ci siniflərə təklif olunan referat mövzuları bilikləri genişləndirməklə yanaşı, bacarıqların da formalaşdırılmasına xidmət edir, verilən standartların reallaşmasına səbəb olur. Məsələn:
1.“Su həyatın özüdür” (4.1.2, 4.2.1); 2. “Ozon təbəqəsinin canlılara təsiri, deşilməsi səbəbləri” (4.2.1); 3.“Məişətdə istifadə olunan məhlullar, məhlullara aid məsələ həlli nümunələri”(1.3.2, 4.1.1, 4.1.2) və s.
8-ci siniflər üçün nəzərdə tutulan referat mövzuları varislik prinsipini qoruyaraq əldə edilən bacarıqların daha da təkmilləşdirilməsinə səbəb olur:
1 .Qeyri-üzvi birləşmələrin mühüm siniflərinə aid maddələrin həyatımızda rolu, tətbiqi və əhəmiyyəti (4.1.1); 2.Elektrolizin mahiyyəti, tətbiqi, əhəmiyyəti (1.2.1, 4.1.1); 3.D.İ.Mendeleyevin elmi fəaliyyəti. Dövri sistem cədvəli (4.3.1); 4.Radioaktivlik. Rezerfordun elmi fəaliyyəti (1.2.1, 4.3.1); 5.Kimyəvi reaksiyaların növləri (2.1.1,2.2.1); 6.Kimyəvi reaksiyaların sürəti, ona təsir edən amillər (2.1.1, 2.2.2) və s.
Böyük alman mütəfəkkiri V.Hötenin belə bir sözü var: “Öz bildiklərini başqalarına öyrət, başqalarının bildiklərini də özün öyrən”. Bu ifadəyə əsasən siniflər arasında bilik yarışlarının keçirilməsi öyrənilən biliklərin təkrarlanmasına, dərinləşməsinə, şagirdlər arasında rəqabətin, əməkdaşlığın, qrupa görə cavabdehliyin, məsuliyyətin artmasına səbəb olur.Yarışları hər yarımildə 1 dəfə keçirməklə ilin qalibini müəyyənləşdirmək, fənn müəllimini, şagirdləri rəğbətləndirmək olar.
“Dəyirmi masa”, disput, diskussiya, təlimati seminar, söhbət, toplantı, ədəbi-bədii kompozisiya, idman və bilik yarışları, fənn “gecələri, sərgi, müsabiqə və ekskursiyaların, muzeylərə, zavodlara gəzintilərin təşkili şagirdlərdə motivasiyanı yüksəldir, fəallığa səbəb olur və nəticədə təhsilin keyfiyyətini artırır.
Məktəblilərin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə “Sağlam millət, sağlam gələcək”, narkomaniya və alkoqolizm meyillərinin qarşısının alınması istiqamətində “Alkoqolizm və narkomaniya” mövzusunda “dəyirmi masa”, maarifləndirici tədbirlər, səhiyyə orqanlarının nümayəndələri ilə görüşlər keçirmək, film nümayiş etdirmək olar.
Kimya fənnində “Təhlükəsiz təmiz su”, “Təmiz hava, sağlam qida”, “Ekoloji təmiz məhsul”, “Alternativ enerji mənbələri”, “Müasir mürəkkəb materialların alınması və tətbiqi”, “Qlobal istiləşmə” və “İstixana effekti” və s. mövzularda seminarlar və ya “dəyirmi masa”lar keçirməklə şagirdlərin diqqətini qlobal məsələlər və onların həllinə yönəltmək lazımdır. Burada məqsəd ekoloji mədəniyyətin formalaşdırılması, eko-cəmiyyətə keçidin təmin olunmasıdır. Məktəbdə riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə fənn müsabiqələri, olimpiadalar, viktorinaların və layihə müsabiqələrinin təşkilini aparmaqla V-XI siniflərin İstedad bankını yaratmaq mümkündür. İstedadlı şagirdlər hazırda bir çox inkişafyönümlü layihələrdə iştirak edir, uğur qazanırlar. Bu sıraya “Sabahın alimləri”, “Gənc alimlər akademiyası”, “Gənc kimyaçılar” və s. kimi layihələr daxildir. Yeri gəlmişkən qeyd edim ki, ötən tədris ilində 2 şagirdimiz -Aybəniz Vəzirli və Nizami Xəlilov “Sabahın alimləri” layihəsində iştirak edib.
Şagird maraqlarını müəyyənləşdirmək, şagirdlərin ehtiyac və maraqlarına əsasən əvvəlcə onlarla müzakirələr aparıb, sonra müvafiq tədbirləri həyata keçirmək lazımdır.
Bütün bunları nəzərə alaraq qeyd olunan tədbirlərin məktəbimizdə də vaxtaşırı keçirilməsinə çalışıram. Ötən dərs ilində məktəbimizdə keçirdiyim “Eksklüziv kimya” gecəsi bu baxımdan xüsusilə maraqlı oldu. Gecənin ssenarisi şagirdlərlə müzakirə olunduqdan sonra hazırlığa başladıq. Məqsədimiz kimyəvi hadisələri həyati hadisələrlə eyniləşdirməklə anlayışın yaradılması idi. Sualları şeir şəklində, aforizmlərlə, əyləncəli şəkillərə əsasən tərtib etmişdik. Məsələn:
1.“Sən əvəzedilməz varlıqsan”. Reaksiyanı təyin edin.
2.“Yersiz gəldi yerli qaç”. Reaksiyanı təyin edin.
3.“Tısbağa qınından çıxdı, qınını bəyənmədi”. Atomun elektron quruluşuna görə elementləri təyin edin.
A) Fe, Na B) Cu, Cr C) F, S D) Mn, K E) C, N Cavab: Cr, Cu
4 “Qrup nömrəsi qədər, valentlik göstərmirik”.
Biz trio olaraq lap başda yerləşirik.
Əgər bizi tapsanız, onda söyləyin görək Səbəb nədir beləyik?
Elementləri tapın, səbəbini izah edin.
Cavab: F, O, N və s.
Kimyəvi dildə müxtəlif səhnəciklər, təcrübə sualları, “Kimya həyatdır” mahnısını hazırlamışdıq. Bu mahnı kimyanın həyatda rolunu, əhəmiyyətini, tətbiqini əks etdirir. Şagirdlər internetdən müxtəlif şəkillər taparaq onlara kimyəvi anlayışlarla ifadələr vermişdilər. Bu o qədər maraqlı oldu ki, şagirdlər belə tədbirlərin tez-tez keçirilməsini istədilər.
Şagirdlərin dünyagörüşünün formalaşmasında, biliklərin əhatəli olmasında ekskursiyaların rolu böyükdür. Bu baxımdan Sənqəçalda Xəzər Enerji Mərkəzinə, Qaradağda Sement zavoduna, Neft-Kimya Prosesləri İnstitutundakı akademik Y.Məmmədəliyevin Memorial muzeyinə ekskursiyaları şagirdlər yəqin ki, unutmayacaqlar.
Onlar sement zavodunda sementin istehsal tarixi, növləri, müxtəlif məqsədli təyinatı, tərkibi, istehsalı haqda dərslikdəki materialdan çox bilik əldə etdilər. Onlar istehsal prosesindən videoçəkiliş etdilər. Xammaldan və klinkerdən nümunələr götürdülər. “Silikat sənayesi” mövzusunda keçirdiyim “açıq dərs”də “Sement” qrupu olaraq videogörüntülərlə əhatəli təqdimat etdilər.
Xəzər enerji mərkəzində şagirdlər neft-qaz sahəsində müqavilələrlə, müxtəlif ölkələrdə çıxan, rəngləri fərqli olan neft nümunələri, neftin ölkəmizdə çıxarılması tarixi və üsulu ilə tanış oldular. Əyləncəli bilik yarışı keçirildi.
Şagirdlərimiz NKPİ-dakı akademik Y.Məmmədəliyevin Memorial muzeyində böyük alimin həyatı, elmi fəaliyyəti ilə, tarixi faktlarla tanış oldular. Belə muzeylərə gəzinti şagirdlərdə vətənpərvərlik, qürur hissləri yaradır.
Şagirdlərin görkəmli elm adamları ilə görüşləri, söhbətlər onların peşə seçimlərinə müsbət təsir edir, fənnə marağı artırır. Məktəbimizdə kimyaçı alim, akademik Vaqif Abbasovla müəllim və şagirdlərin görüşü böyük təəssürat yaratmışdı. Şagirdlərlə NKPİ-də olarkən Vaqif müəllim bizimlə təkrar görüşdü. Onunla söhbətdən sonra şagirdlərin mənə çoxlu sualları oldu. Onlar əsasən ölkəmizdəki kimya istehsal sahələri, bu sahədə olan peşələr və gəlirlərlə maraqlanırdılar.
Şagirdlərin maraqlarına səbəb olan fəaliyyətlərdən biri də “Kimya bülleteni” və ya digər adlarla fənnə aid divar qəzetlərinin çıxarılmasıdır. Bu da şagirdlərin axtarışına, yaradıcılıq qabiliyyətlərinin inkişafına səbəb olur.
Sinifdənxaric görülən işlərdən biri də nəticəsi zəif olan şagirdlərlə əlavə məşğələlərin təşkili, biliklərinin artırılmasıdır. Eyni zamanda nəticələri yüksək olan şagirdlərin, xüsusi istedadlı şagirdlərin ehtiyaclarına uyğun fəaliyyətlərin həyata keçirilməsidir. Təbiət fənlərinə marağı güclü olan şagirdləri erkən yaşdan müəyyənləşdirmək, layihələr, məktəbdaxili və məktəbdənxaric müsabiqələr, olimpiadalar, bilik yarışlarında fəal iştirakını təmin etmək lazımdır. Ölkəmiz üçün müasir düşüncəli və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında ümumi təhsil xüsusi əhəmiyyətə malikdir. Ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi bütün müəllimlərin mühüm vəzifəsidir.
Fatma MUSTAFAZADƏ,
Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin kimya müəllimi, “Əməkdar müəllim”, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi