Elm və Təhsil Nazirliyinin əsas hədəflərindən biri də təhsil ocaqlarında şagird və müəllimlər üçün normal şərait yaratmaq, tədrisin keyfiyyətini və onların sağlamlığını təmin etməkdir. Belə tədbirlərdən biri də payız-qış mövsümünə uyğun olaraq istilik sisteminin nəzərdən keçirilməsidir. Elə bu məqsədlə də mövsümə uyğun olaraq hər il davamlı şəkildə məsələ nəzarətə götürülür, hazırlıq işləri aparılır.

 

Payıq-qış mövsümünə hazırlıqla bağlı vəziyyəti öyrənmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxladıq. Təhsil idarəsindən aldığımız məlumata görə, təhsil müəssisələrinin istilik təminatı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir. Məktəblərin istiliklə təminatı məsələsi öncədən nəzarətə götürülüb və qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülüb. Məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılıb, hər hansı problem aşkarlandığı təqdirdə səbəbi müəyyənləşdirilərək aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülüb, ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığına dair sentyabr ayında “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilib.

 

Həmçinin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlər təşkil olunub. Paytaxtın 12 rayonu üzrə keçirilən təlimlər “Azəristiliktəchizat” ASC-nin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi qazanxanalarda əməyin mühafizəsinin təşkili, qurğuların təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarının tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi ilə bağlı ocaqçıların bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Təlimlərdə 300-ə yaxın ocaqçı iştirak edib.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 124-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 190-ı fərdi qazanxana vasitəsilə, 1-i isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindən 69-u fərdi qazanxana, 146-sı “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 112-si isə kombi sistemi vasitəsilə istiliklə təchiz edilir.

 

Məsələ ilə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə paytaxtda yerləşən bir sıra məktəblərdə olduq.

 

“Məktəbdə tədrisin və təlim-tərbiyə prosesinin səmərəli və effektiv təşkili üçün payız-qış mövsümünə hazırlıq  prioritet istiqamətlərdəndir”

 

Bakının Nizami rayonunda yerləşən 129 nömrəli məktəbin direktoru Məhluqə Əzizova bizimlə söhbətində bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağında 57 sinif otağı var. Məktəb binasının ərazisinin 3000 kv metrəyə yaxın olduğunu bildirən direktor mövsümə hazır olduqlarını deyir.

 

“1 noyabr 2023 il tarixinədək payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat sahəsində nəzərdə tutulan işlərin başa çatdırılması üçün ciddi tədbirlər görülüb və aşkar edilmiş qüsurların aradan qaldırılması təmin edilib. Məktəbin dam örtüyünün, pəncərə şüşələrinin, giriş qapılarının vəziyyəti yoxlanılıb  və müvafiq işlər görülüb. Yanacaq və digər enerji ehtiyatlarindan istifadənin vəziyyəti yoxlanılıb onların artıq məsrəfinə yol verilib-verilməməsi araşdırılıb, ehtiyatlardan qənaətlə və səmərəli istifadə edilməsi üçün  tədbirlər görülüb.Yanacaqdan mühafizə qurğularının, həmçinin su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olmasını, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçilərin və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı olaraq təlimatlandırılması, bu məqsədlə əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi təmin edilib.

 

Payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş və başa çatdırılmış (istilik sisteminin vəziyyəti, enerji məsələləri təchizatı yanğından mühafizə sistemlərinin vəziyyəti) işlər və bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflər barədə müvafiq qurumlara məlumat verilib. Payız-qış mövsümü üçün istilik sisteminə məsul şəxs təyin olunub və təlimatlandırılıb. Məktəbdə tədrisin və təlim-tərbiyə prosesinin səmərəli və effektiv təşkili üçün payız-qış mövsümünə vaxtında hazırlıq bizim üçün prioritet istiqamətlərdəndir”.

 

“İstiliklə bağlı problemimiz olmayıb”

 

Paytaxın Sabuncu rayonu ərazisində yerləşən 28 nömrəli məktəbin direktoru Əməkdar müəllim Qənirə Əmircanova da təhsil müəssisəsinin payız-qış mövsümünə tam hazır olduğunu “Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2018-ci ildə məktəbimizin açılışı olub. Məktəbimiz 960 yerlikdir.  Təhsil ocağı iki növbəli işləyir. Məktəbimiz müasir tələblərə cavab verən maddi-texniki baza ilə təhciz olunub. İstər şagirdlər, istərsə də müəllimlər üçün hər bir şəraitimiz var. Məktəbimizi qorumaq, həmişə təmirli, gözəl saxlamaq ümdə vəzifələrimizdəndir.

 

Mövsümlə əlaqədar olaraq artıq xeyli vaxtdır ki, hazırlıq işləri görülüb. İstilik sisteminin vəziyyətini kontrol etmək üçün ən xırda detallara qədər yoxlanılıb. Qazanxana tam işlək vəziyyətdədir. Ümumiyyətlə, onu da qeyd etmək istəyirəm ki, məktəbimizdə heç vaxt istiliklə bağlı problemimiz olmayıb.                      

 

Niyazi RƏHİMOV