Və yaxud yalnız tənbəllərin danışmadığı mövzu
Milli Məclisin plenar iclasında millət vəkili Aqil Abbas dərsliklərlə bağlı tənqidi fikirlər söyləyib. Şagirdlərin təlim-tərbiyəsinə mənfi təsir edən amillərdən söhbət açan Aqil Abbasın təbirincə, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayır.
Çox keçməmiş Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov millət vəkilinin toxunduğu məsələyə münasibət bildirib. O, millət vəkilinin qeyd etdiyi fikirlərin heç bir məktəb dərsliyində yer almadığını deyib. Nazirlik rəsmisi onu da bildirib ki, dərslik tərtibatı çoxsaylı mərhələdən keçir və bu mərhələlərdən biri də dərsliyin çapdan öncə 6 ay müddətində ictimai müzakirəyə çıxarılmasıdır: “Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik”.
Elvin Rüstəmov həmçinin dərsliklərin keyfiyyətinin qüsursuz olmasında nazirliyin ən maraqlı tərəf olduğunu və bu istiqamətdə peşəkarcasına edilən tənqid və iradın nəzərə alınması üçün istər qurumlarla, istərsə də elm adamları ilə əməkdaşlığa hazır olduqlarını da vurğulayıb.
Millət vəkilinin fikirlərindən və nazirlik rəsmisinin məsələyə münasibətindən sonra ortaya belə bir sual çıxır. Görəsən, tez-tez əsaslı-əsassız tənqid olunan dərsliklərimizin çapdan öncəki ictimai müzakirəsinə kimlər qoşulur? Ziyalılarımız, müxtəlif dövlət qurumları müzakirələr zamanı öz irad və təkliflərini bildirirmi? Axı Təhsil Nazirliyi müzakirələrin keçirilməsi üçün mümkün şərait yaradıb. Əgər ziyalılarımız və yaxud bu işdə maraqlı olan qurumlar müzakirələrə qoşulurlarsa, bəs, niyə öz düşüncələrinə görə nöqsan dedikləri məsələləri əvvəlcədən görmürlər?
Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2018-ci ildə dərslik və müəllimlər üçün metodik vəsait layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesinə təxminən fevral ayının ortalarından başlanılıb və iyul ayının sonunda proses yekunlaşıb. Bu vaxt ərzində ictimai müzakirə üçün sayta yerləşdirilmiş 11-ci sinif dərslik layihələrinə ümumi baxış sayı 57014 olub və nazirliyə müzakirələrlə bağlı 1353 məktub daxil olub. Daxil olan məktublardakı irad və təkliflərin hər biri ciddi şəkildə araşdırılıb.
Xüsusilə qeyd edək ki, nazirlik ictimai rəyi öyrənmək məqsədilə bir çox qurumları bu işdə əməkdaşlığa çağırır. Elə bu məqsədlə də ümumilikdə 113 quruma rəsmi məktub göndərilib. Bu qurumlar içərisində AMEA-nın müvafiq institutları, Dövlət İmtahan Mərkəzi, Yazıçılar Birliyi, ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar yer alıb. 2018-ci ildə AMEA-nın müraciət edilən bütün institutları (ümumilikdə 10 institut olmaqla) ictimai rəyin öyrənilməsi çağırışına cavab veriblər. Elmi-tədqiqat institutlarının rəy və təklifləri nəzərə alınıb.
Onu da qeyd edək ki, 2016 və 2017-ci illərlə müqayisədə AMEA-nın institutları dərslik layihələrinə öz münasibətlərini bildirməklə ilk dəfə 100%-lik nəticə göstəriblər. İctimai müzakirələrə ən çox maraq göstərən müəssisələr içərisində ali məktəblərin, DİM-in adını da xüsusilə qeyd etmək yerinə düşərdi. Nəzərə çatdıraq ki, ictimai müzakirələrdə fərdi şəkildə aktivlik göstərənlər də var. Onların arasında müəllimlər və valideynlər çoxluq təşkil edir. Lakin ictimai müzakirələrdə aktivlik göstərənlər kimi, məsələyə laqeyd yanaşanlar da çoxdur. Məsələn, bəzi qurumlar var ki, nazirlik rəsmi şəkildə müraciət etsə də, onlar məsələyə heç bir reaksiya vermirlər.
Onu da qeyd edək ki, nazirlik təkcə qurumların deyil, fərdi şəkildə daxil olan müraciətləri də əsas götürür. Yuxarıda da qeyd etdiyimiz kimi, fərdi şəkildə müzakirələrdə iştirak edənlər də çoxdur. Ancaq çox təəssüf hissi ilə qeyd etmək istəyirik ki, ictimai müzakirələrdə tanınmış ziyalılarımızın, elm adamlarımızın bir dəfə də olsun adına rast gəlinmir. Həmin ziyalılar yalnız dərslik çapdan çıxandan sonra öz iradlarını bildirirlər. Görünür, bu da publikaya işləməyin daha bir və “uğurlu” variantıdır. Statusun millət vəkili olanda isə bu metod daha çox işə yarayır.
P.S. Aqil Abbas valideynlərin uşaqlarını rus sektoruna yönəltməsini də dərsliklərlə bağlayıb. Sən demə, rus sektorunda dərsliklərdə belə hallar yoxdur. Bizə yalnız onu xatırlatmaq qalır ki, həmin dərsliklər də Azərbaycan bölməsində istifadə olunan resursların tərcümə olunmuş variantıdır.
Niyazi RƏHİMOV