İnklüziv təhsilin təkmilləşdirilməsinin yeni yolları


“Pedaqogika insan inkişafının dünənki deyil, sabahkı gününə istiqamətlənməlidir”, -deyə müasir pedaqogika elminin banisi L.S.Vıqotski iddia edirdi.

 

Bu gün beynəlxalq əməkdaşlıq və elmi yanaşma nəticəsində bəşəriyyətin inkişafında zəruri mərhələ kimi inklüziv təhsilin tətbiqinin ümumi effektiv istiqamətləri işlənib hazırlanıb. İnklüziv təhsil sisteminin hərtərəfli inkişafı həm təhsil, həm də sosial, hüquqi və digər sahələrdə mövcud olan bir çox problemlərin həlli deməkdir. İnklüziv təhsilin əsas məqsədinin - bazasını inklüziv mədəniyyət təşkil edən əsl humanist cəmiyyətin yaradılmasına nail olmağa yardım edən inklüziya nəzəriyyəsinin effektiv strategiyasının axtarışı problemləri bir çox onilliklər elmi-pedaqoji tədqiqatların diqqət mərkəzində olmuşdur.

 

İnkaredilməz faktdır ki, çox ölkələrdə cəmiyyət həyatının mədəni, sosial, iqtisadi və siyasi sahələrində radikal dəyişikliklər inklüziv təhsilin formalaşması və inkişafı üçün tarixi şərtlər hesab olunur. Bu dəyişikliklər sağlamlıq imkanları məhdud olan insanlara münasibətdə cəmiyyətin ideologiyasının, şübhəsiz, dəyişilməsi ilə fərqlənir. Cəmiyyət tərəfindən əlillik faktının qəbul olunması tədricən baş verib.

 

Burada inklüziv təhsilin inkişafı tarixini qısaca olaraq açıqlamaq istərdik.

 

İnklüziv təhsilin inkişaf tarixi

 

İnklüziv təhsilin formalaşması və inkişafı haqqında xarici ədəbiyyatı tədqiq edərək bir neçə mərhələni ayırd etmək mümkündür. Ən uzunmüddətli “qəti inkar mərhələsi” - XVIII əsrə qədər davam edib. Bu mərhələni sağlamlıq imkanları məhdud insanların təhsil və həyat ilə bağlı hüquqlarının bütünlüklə inkar olunması (sosial izolyasiya və seqreqasiya, hətta məhv edilməsi) ilə xarakterizə etmək olar. XVIII əsrin əvvəllərinə qədər əlilliyi olan insanlar sərt təqiblərə və mövhumata məruz qalırdılar. Onları insan hesab etmirdilər. Təbliğ olunurdu ki, əlillik günaha görə ilahi məhkəmənin cəzasının nəticəsidir. Təqib və cəza, hətta sağlamlıq imkanları məhdud insanların məhv edilməsi kilsə tərəfindən qanuniləşdirilirdi. Həmin zamanlar əlillik anlayışı şər və cadugərlik ilə təsbit edilirdi.

 

İkinci mərhələ - XVIII əsr - XX əsrin əvvəli sağlamlıq imkanları məhdud insanlara qarşı münasibətin tədricən dəyişilməsi, inklüziv təhsil ideyasının yaranması və onun tətbiqi ilə bağlı ilk cəhdlərin göstərilməsidir. Bu dövr cəmiyyətin belə insanlara qarşı münasibətinin transformasiyasının başlanğıcıdır. Qeyd etmək lazımdır ki, təşəkkül mərhələsi ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqların təlimi üçün imkanların təmin olunmasına yönəlmiş yeni siyasət və dövlətin münasibətinin dəyişilməsi ilə xarakterizə olunur.

 

Pedaqogika elminin tədqiqatçıları L.S.Vıqotski, R.Sullivan və N.McIntyren və digərlərinin yazdıqları kimi, XIX əsrin ilk onilliyi ərzində müştərək təhsil problemi nəinki mütərəqqi pedaqoqları düşündürürdü, həmçinin də, ümumilikdə, bəzi Avropa ölkələrinin xalq məktəblərində uğurla tətbiq olunurdu.

 

Avropa inklüziv pedaqogikası XIX əsrdə bütün uşaqların təlimi və onların gələcək əmək fəaliyyətinə hazırlığı zərurəti, imkanları, təbiətə və tələbatlara müvafiq olaraq hərtərəfli inkişaf, əqli inkişafdan qalmış, fiziki və sosial baxımdan zəif olan uşaqlar üçün vacibliyi haqqında J.Pestalotsinin pedaqoji ideyalarından başlayıb.

 

Son illər ərzində Azərbaycan Respublikasında aparılan təhsil islahatları inklüziv təhsil sahəsində ən əhəmiyyətli uğurlara nail olmağa imkan vermişdir.

 

Ölkəmizin təhsil müəssisələrində inklüziv təhsilin uğurlu tətbiqinə bir sıra vacib amillər yardım edir. İlk növbədə, bu, tam inklüziya prosesinin həyata keçirilməsində təxirəsalınmaz təkmilləşməsini tələb edən müəllimlərin peşəkarlığı və şəxsi hazırlığıdır.

 

İndiki dövrdə dövlət layihələrinin və proqramlarının çərçivələri daxilində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müxtəlif tematik treninqlər, müəllimlərin ixtisasartırma kursları, inklüziv təhsil müəssisələrinin rəhbərləri üçün məcburi kursların təşkili ilə bağlı bir sıra qərarlar qəbul olunub.

 

Şübhəsiz, bütün bu tədbirlərin həyata keçirilməsi inklüziya çərçivəsındə məktəblərin və universitetlərin müəllimlərinin peşəkarlıq səviyyəsini qaldırmışdır. Lakin hələ də, inklüziv qruplarda müəllimlər xüsusi müəllimlər hesab olunur. Yəni, ümumi qrupların müəllimi ilə inklüziv qrupların müəllimi arasında hələ də fərq mövcuddur.

 

Qeyd etmək lazımdır ki, tam inklüziv ali təhsil üçün tədris sistemlərində heç bir fərq olmamalı və bütün müəllimlər eyni dərəcədə universal dərslərə hazır, tədris sistemi də universal olmalıdır.

 

Xarici alimlərin tədqiqatlarında (A.Meyer, D.Rose və D.Gordon; H.Macdonald və R.Teed və başqaları) təhsil müəssisəsində inklüziyanın təmin olunmasının universal nəzəri modelinin yaradılmasından bəhs olunur. Onların müşahidələrinə görə, inklüziv təhsilin tətbiqi prosesi bütün şagirdlərə qarşı münasibətdə pedaqogikanın çevikliyinə əsaslanmalıdır. Eyni zamanda, çoxillik tədqiqatların nəticələri sübut edir ki, inklüziv təhsilin vahid modelini yaratmaq qeyri-mümkündür. Lakin təhsil metodologiyalarının dəyişdirilməsi zərurətinin anlaşılması daha vacibdir. Pedaqogikanın tədqiqatları şagirdlərin tələbatlarının müxtəlifliyi nəticəsində tədris metodlarının və kurikulumların çevikliyi zərurətini təsdiq edir.

 

Təhsildə yeni anlayış

 

Qeyd etmək lazımdır ki, təhsil sisteminin təkmilləşdirilməsi, pedaqogika elminin inkişafı, ümumilikdə, təhsil sisteminin universallığına gətirib çıxarır. Hələ 1990-cı illərin əvvəllərində Tətbiqi Texnologiyalar Mərkəzinin (CAST) amerikalı mütəxəssisi R.Meysin universal dizayn konsepsiyasının təhsil sisteminə tətbiqinə diqqət yetirir. “Universal dizayn” termini memar Ronald Meys tərəfindən təklif olunub və yaş həddindən, qabiliyyətdən və ya statusdan asılı olmayaraq hamı tərəfindən münasib istifadə və estetika mövqeyindən istənilən məhsulun və mühitin layihələndirilməsinə yanaşma üsullarının tərifi kimi qəbul edilir. CAST mütəxəssisləri insanların tələbatlarının qabaqcadan görülməsi və əhatəliliyi, çevikliyi elementlərini, eləcə də, qabaqcıl elmi nailiyyətlərdən istifadə edərək, müxtəlif bacarıqlara malik şagirdlər üçün universal vasitələri axtarmağa müəllimləri təşviq edən Universal Design for Learning tədrisi üçün konsepsiyasını və texnologiyasını yaradıblar.

 

“Universal tədris dizaynı” anlayışı bizim ölkənin təhsil mühitinə yeni daxil olur. İndiyədək onu memarlıq termini kimi qəbul ediblər, yəni, həm “müyəssər mühit”, həm də “müyəssər infrastruktur” kimi.

 

2006-cı ildə əlillərin hüquqları haqqında BMT Konvensiyasının ratifikasiyasından sonra Azərbaycan Respublikası ətraf məkanda, xidmətlər sahəsində, o cümlədən də təhsil sahəsində universal dizayn prinsiplərinə riayət edilməsinin təmin olunması ilə bağlı beynəlxalq öhdəlik qəbul edib. “Universal dizayn” termini adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün maksimal dərəcədə istifadəyə yararlı olan predmetlərin, vəziyyətlərin, proqramların və xidmətlərin dizaynı deməkdir (Əlillərin Hüquqları Haqqında Konvensiya).

 

Tədrisin universal dizayn prinsipləri ən müxtəlif təhsil tələbatları olan şagirdlərin tədris prosesinə tam daxil edilməsi üçün şərait yaratmağa imkan verir. O, xüsusi tələbatlara malik olan şagirdlərlə ümumi təhsil proqramının mənimsənilməsi prosesində daimi dəstəyi təmin edir. Bu, nəinki xüsusi mütəxəssislər tərəfindən ayrı-ayrı məşğələlərdə, eləcə də hər gün, hər bir dərsdə, hər bir müəllim tərəfindən tədris proqramlarının çevikliyi və universallığı hesabına təmin olunur.

 

Pedaqoji dizayn

 

Bir çox alimlərin tədqiqatlarını təhlil edərək universal tədris dizaynını “pedaqoji dizayn” kimi formalaşdırmaq mümkündür. Universal “Pedaqoji dizayn” elmi fənn kimi (Instructional Design), daha effektiv, rasional və rahat tədris üsullarının, metodlarının və sistemlərinin işlənib hazırlanması ilə məşğuldur. Geniş miqyas almış bu fənn aşağıdakı prinsiplərə əsaslanır:

 

1)“Təsəvvür” - dərs materiallarının işlənib hazırlanması (instructional design), informasiya və biliklərin təqdim üsulları, şagirdlərin onları almasının müxtəlif yolları, müxtəlif seçim imkanı ilə təmin edir;

2) “Nümayiş” - tədris prosesinin işlənib hazırlanması, şagirdlərə bildiklərini ifadə etmək və nümayiş etdirməklə bağlı müxtəlif variantların seçimi imkanlarının təqdim olunması (learning design);

3)“İştirak” - təhsil (tədris) mühitinin işlənib hazırlanması, diqqətin cəlb olunmasının müxtəlif üsulları, şagirdlərin marağının stimullaşdırılması, motivasiyanın artırılması (environment design).

 

Bütün şagirdlərin tələbatlarına cavab verən çevik dərs proqramlarının hazırlanmasında müəllimlərə kömək etmək üçün CAST universal tədris dizaynı texnologiyasını və prinsiplərini işləyib hazırlayıb (Universal Design of Learning). “Tədris prosesində universal dizayn üzrə Təlimatda deyilir ki, təhsilin universal dizaynı koqnitiv elmin nailiyyətlərinə, beynin fəaliyyətinin qanunauyğunluqlarına əsaslanmışdır.

 

Məlum olduğu kimi, beynin müxtəlif hissələri infomasiyanın işlənməsi, yadda saxlanması, müxtəlif fəaliyyət növlərində istifadə olunması zamanı spesifik rol oynayır.Məhz universallıq təhsil dizaynının prinsipi kimi tədris prosesinə nəinki sağlamlıq imkanları məhdud şagirdləri, eləcə də hamını, o cümlədən, müəllimləri də cəlb etməyə imkan verir.

 

Müəllim universal dizayn əsasında dərs proqramını və dərs materiallarını işləyib hazırlayaraq biliklərin mənimsənilməsi zamanı şagirdlərdə hansı məqamların meydana çıxacağını təhlil edir. Müəllim eyni zamanda bir neçə aspektə diqqət yetirməlidir: şagirdin fiziki tələbatları - köməkçi texnologiyalar vasitəsilə; koqnitiv, təşkilati, motivasiyası - effektiv tədris vasitəsilə. Universallıq müxtəlif təhsil tələbatlarına malik olan bütün şagirdlərə müvafiq alternativlərin, çevik tədris modulları daxilində variantların təqdim olunması ilə əldə olunur. Burada şagirdlərin fərdi tələbatlarının qiymətləndirilməsi əsasında hazır “vahid” proqramların modifikasiyası əsasında qurulan diferensial tədrislə universal təhsil dizaynın fərqini qeyd etmək lazımdır.

 

Bəzi alimlərin təsdiq etdikləri kimi (S.Vıqotski, S.Gilbert, R.Felder və R.Brent, J.Milem, J.Mitchell və A.Antonio), tədris prosesində bir sıra amillər vacib rol oynayır: sosial siniflərin fərqi, dərketmə və qavramanın müxtəlif səviyyəsi, gender məsələsi, azadlıq, seksuallıq, dindarlıq, etnik mənşə və irqi göstəricilər, eləcə də şəxsi xarakteristikalar. Bütün bunlar xüsusilə də inklüziv qruplarda tədris prosesində diqqət tələb edir. Tədris prosesinin təkmilləşdirilməsində ən əsas məqam müəllimlərin peşəkarlığıdır. Məsələn, David Rose qeyd edir ki, peşəkar müəllim öz işində nəinki informasiya materiallarından, eləcə də üzün, səsin, bədən hərəkətlərinin ifadə formasından istifadə edir.

 

Universal tədris dizaynı klassik pedaqoji elmin bütün metodologiyalarının, eləcə də bütün müasir metodların istifadə olunmasını nəzərdə tutur. Xarici alimlər öz işlərində S.Gilbert (“Pedaqogikanın personlaşdırılması”), B.Burnett və P.Meadmore (“Məruzələr kursu: təqdimat vasitəsi və ya gücləndirilmiş pedaqogika”) qeyd edirlər ki, informasiya texnologiyaları tədrisin fərdiləşdirilməsi üçün istifadə oluna və onu daha interaktiv edə bilər. Eyni zamanda interaktivlik effektiv tədris üçün əsas məsələ olaraq qalır. Texnologiyaların istifadə olunması tələbələrin və müəllimlərin motivasiyasına təsir göstərir. Hansı kütləvi informasiya vasitələrinin və hansı informasiya texnologiyalarının effektiv tətbiqi üçün daha yararlı olduğunu peşəkar şəkildə təyin etmək vacibdir.

 

Rəqəmsal texnologiyalar

 

Rəqəmsal texnologiyalar haqqında bəhs edərək qeyd etmək lazımdır ki, indiki dövrdə kompüterlərin, mobil qurğuların və müxtəlif proqram əlavələrin işlənib hazırlanması zamanı hərəkətlilik, görmə və eşitmə məhdudiyyətləri mütləq qaydada nəzərə alınır. Universal tədris dizaynında peşəkar müəllimlər əməliyyat sistemlərinin və qurğularının əksəriyyətində mövcud olan xüsusi imkanlar haqqında məlumatlı olmalıdırlar və onlardan mütləq istifadə etməlidirlər.

 

Tədris prosesini və ümumilikdə, həyatı asanlaşdıran çoxlu sayda servislər və proqram əlavələri işlənib hazırlanmışdır. Onlardan bir neçəsini qeyd etmək mümkündür:

 

Windows və MasOSX sistemlərində məhdud imkanlı insanların məhz bu sistemlərdən internetdən istifadə etmələrinə, nəinki sağlamlıq imkanları məhdud insanlar üçün nitq və digər göstəriciləri tanımağa imkan verən yeni qurulmuş rejimlər mövcuddur. Apple tərəfindən buraxılan və eşitmə, görmə qabiliyyəti, fiziki bacarıqları məhdud olan insanlara bilik əldə etməyə, inkişaf etməyə imkan verən müxtəlif texnologiyalar yaradılmışdır. Google Chrome brauzerində və Google - sənədlərində görüntü ölçüsünün dəyişdirilməsi, mətnin səsləndirilməsi və səs interfeysi mövcuddur.

 

Telefonlar üçün “Be my eyes” əlavəsi mövcuddur və onun işi zəif görən və ya ümumiyyətlə, görməyən istifadəçinin ətrafında heç nəyi görmədiyi halda seyr etmək istədiyi yerə kameranı yönəltməsindən və yaxşı görən könüllünün onlayn rejimində nəyin harada yerləşməsindən bəhs etməsindən ibarətdir. Eşitmə və ya nitq məhdudiyyətli insanlar üçün Android sistemində “Yandeks söhbət” əlavəsi sağlamlıq imkanları məhdud insanlar arasındakı ünsiyyəti daha da asanlaşdırır.

 

“Tecla qurğusu” hərəkət məhdudiyyəti olan insanların smartfondan və ya planşetdən istifadə etmələrinə imkan verir. “Korlar üçün onlayn kinoteatr” adaptasiya edilmiş saytında görmə qabiliyyəti məhdud olan insanlara ekranda baş verənləri hiss etməyə imkan verən texnologiya tətbiq olunmuş və bütün bunların Brayl şrifti ilə yazılanlar və baş verənlər ilə bağlı şərhlər saytda yerləşdirilmişdir. Smooth servisi məhdud hərəkət imkanlarına malik olan insanlar üçün əvəzolunmaz, maneələrin dəf olunması ilə şəhər üzrə marşrutların qurulmasının ilk servisidir. “Surdofon” əlavəsi rahat ünsiyyət mühitinin yaradılmasında eşitmə qabiliyyəti zəif olan insanlara kömək edir.

 

Qeyd olunan bütün rəqəmsal texnologiyalar və proqram əlavələri zəruri hallarda tədris prosesində müəllimlər tərəfindən istifadə olunmalıdır. Bu, təhsildə universal dizayn sisteminin təkmilləşdirilməsi üçün bazanı zənginləşdirir.

 

Unutmaq lazım deyil ki, bütün dərs materialları və vasitələri müəllim tərəfindən düzgün istifadə olunduğu zaman effektiv olur. Universal dizayn prinsiplərinin tətbiq olunması ilə dərslərin hazırlanması zamanı əsas vəzifə - şagirdlər üçün çalışma sürətinin, qiymətləndirmə metodlarının və formalarının seçim imkanını təmin etməkdən, dərs materiallarının təqdim olunmasının müxtəlif üsullarının və tapşırıqlarının ən alternativ növlərini düşünməkdən ibarətdir.

 

Tədrisdə universal dizayn sisteminin tətbiqi keçid dövrünün bir çox problemlərini həll etməyə, şagirdlərin şəxsiyyətinin inkişafının xüsusiyyətlərinə diqqət yetirməyə imkan verir. Təhsildə universal dizayn müəllimlərin peşəkar səriştəliliyinin və inklüziv tədris formalarının inkişafını təkmilləşdirir.

 

Yekunda qeyd etmək istərdik ki, inklüziv təhsil - yalnız sağlamlıq imkanları məhdud gənclərin təlim prosesinə fiziki baxımdan daxil edilməsi deyildir. Bu sahədə alimlərin çoxsaylı işlərini araşdıraraq belə bir tərif formalaşdırmaq olar: “İnklüziv təhsil fundamental əsasını bütün təhsil alanların çoxşaxəliliyi unikallığa və dəyərləri təşkil edən, onlara gələcək tam dəyərli fəaliyyət üçün zəmin yaradan təhsil sistemində sağlamlıq imkanları məhdud insanlar da daxil, hər bir insanın effektiv iştirakını təmin edən çoxsahəli pedaqoji elmdir.

 

Bu, tədris prosesinin təşkilinin yeni sistemidir. Bu, şagirdlərin bütün müxtəlifliyinin, əmək və estetik tərbiyəsinin, onların istedadının və fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə bütün şagirdlər tərəfindən informasiyanın qəbul olunmasını və bütünlüklə anlaşılmasını təmin edən yeni yanaşma üsullarıdır. Bu, təhsilin universal dizaynı prinsiplərinə riayət edərək pedaqogika elminin təkmilləşdirilməsi yolu ilə əldə olunan tədris prosesinin təşkilidir.

 

Tədrisdə universal dizayn sahəsində araşdırmalara davam edilir. Növbəti məqalədə tədrisdə universal dizayn metodları haqqında daha ətraflı məlumat təqdim edəcəyik.

 

Sevinc Məhsimova,

Azərbaycan Dövlət İqtisad Universitetinin İnklüziv təhsil mərkəzinin koordinatoru