Onlar müəllimlik ixtisasını seçdilər, ADPU-da təhsil alırlar
...Bəli, bu yazıda bir evin, bir ailənin üç qız övladının həyat yoluna işıq salmağa çalışacağam. Onlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsidirlər. Əslində bu bacıların üçünün də eyni universitetdə təhsil almağı diqqətimi çoxdan cəlb etmişdi. Bu günlərdə universitet rəhbərliyinin onları qəbul etməsi və tələbə bacılarla həmsöhbət olması, arzu-istəklərini dinləməsi məni də oxucular üçün maraq doğura biləcək bəzi məqamları qələmə almağa həvəsləndirdi. Bacılardan böyüyü və təcrübəlisi Sevil Qafarova ADPU-nun Kimya və biologiya fakültəsinin V kurs tələbəsidir. İlk olaraq bu ali məktəbi seçməsinin səbəbi barədə fikir və mülahizələrini dinlədim.
Müəllimlik peşəsini seçdiyimdən məmnunam
“2002-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşam. Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyi bitirmişəm. Lisey mənim üçün təkcə elm ocağı deyil, həm də həyat məktəbi olub. Uşaq yaşlarından həmişə sevimli müəllimlərimə bənzəyəcəyimi qərarlaşdırmışam. Böyük düha sahibi olan Ulu Öndər Heydər Əliyev zamanında və məqamında görün necə gözəl deyib: “Orta məktəbin vəzifəsi təkcə uşaqlara təhsil verməklə kifayətlənməməlidir, onlar, ilk növbədə, vətən üçün layiqli övladlar yetişdirməlidirlər”. Tam məsuliyyətimlə deyirəm ki, bir vaxtlar təhsil aldığım lisey də məhz belə məktəblərdəndir. Orta məktəb illərində ibtidai sinif müəllimim olan Mətanət Hacıbalayeva, sinif rəhbərim Səxavət Məmmədova mənim bugünkü uğurlarımın təməlini öz şəxsi nümunələri ilə qoyan müəllimlərimdəndir. Təkcə biliklərə deyil, yüksək insani keyfiyyətlərə yiyələnməyi də onlardan öyrənmişəm. Bir vaxtlar onların dilindən qopan, “qızlar üçün ən gözəl peşə həkim, yaxud müəllimlikdir” kimi ifadələr bugünədək qulağımda sırğa olaraq qalmaqdadır. Əslində müəllimlik peşəsini seçməyimin səbəbi də bax, elə bu olub. Qəbul imtahanlarının nəticələrinə görə topladığım 480 balla bu gün artıq V kursunda oxuduğum sevimli universitetimə qəbul olundum. Zərrəcə peşiman deyiləm, çünki sevdiyim Kimya və biologiya fakültəsinin tələbəsi oldum. Çox keçməz mən də başqa müəllim həmkarlarım kimi əlimə jurnal alıb sinfə daxil olaram, şagirdlərimə, “salam, uşaqlar”, - deyə, səslənərəm. Onlar da, “salam, müəllim”, - deyə, hədsiz sevgi hissi ilə salamımı cavablandırarlar. Elə ilk dərsdə tanışlıqdan sonra qısaca olaraq onlara müəllimlik peşəsini seçməyimin sirlərini açıqlayaram. Qoy onlar da bilsinlər ki, həyatda müəlliminə oxşamağa çalışan şagird heç vaxt uduzmaz və onun uğurları daima bol olar. İlk gündən çalışacağam uşaqlara kimya və biologiya fənlərini sevdirməklə yanaşı, onların diqqətini davranış qaydalarıma alışdırım. Arzu edirəm bu gün müəllimlərim haqda söylədiklərimi gələcəkdə şagirdlərim mənim haqqımda ürəkdolusu təkrarlasınlar. Bu, mənim üçün əsl xoşbəxtlik olar.
Məktəbdə də, universitetdə də fəal
Orta məktəbdə oxuyarkən dərs əlaçısı olmaqla bərabər məktəbin ictimai işlərində də fəallıq nümayiş etdirib. Təhsil ocağını region üzrə intellektual yarışlarda təmsil edib. 2019-cu ildə Xaçmaz şəhər məktəblərarası intellektual yarışmasında təmsil etdiyi məktəbin adı I yerdə qərarlaşıb: “Sosial aktivliyimi universitetə qəbul olandan sonra da davam etdirmişəm. Fakültələrarası intellektual yarışda Kimya-biologiya fakültəsi olaraq birinci yeri qazandıq. İlk vaxtlardan ADPU-nun Tələbə Gənclər Təşkilatında pillə-pillə addımlayaraq fakültə rəhbəri kimi fəaliyyət göstərdim. Daha sonra IV kursda ADPU TV-yə “Ya danış, ya keç” adlı layihəmi irəli sürərək, onun icrasında aparıcı rolda çıxış etdim. Fakültəmizin Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu və 100-cü ildönümünə həsr olunan Elmi Konfransında iştirakçı oldum. 2022-ci ildə keçirilən konfransda kimya üzrə elmi işimi təhvil verdim. Bu ilk işimdə mənə yaxından dəstək olan müəllimim Nazəni Novruzovaya təşəkkürümü bildirirəm. 2023-cü ildə isə həm kimya, həm də biologiya üzrə elmi işimi müdafiə etdim. Mənəvi dəstəyini hiss etdiyim müəllimlərdən biri də Sevil Şirəliyevadır. Bütün uğurlarıma görə başda atam və anam olmaqla müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm.
2023-cü ilin 19 oktyabr tarixində ADPU-nun rektoru Cəfər Cəfərov bizimlə görüşdü. Rektorumuzun biz üç bacı ilə səmimi söhbəti, verdiyi tövsiyələri çox dəyərli idi.
“Müəllimlik peşəsini mənə sevdirən MÜƏLLİM”
Sevda Qafarova 2004-cü ildə Xaçmaz şəhər Çarxı kəndində doğulub. Bacıları kimi o da Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi bitirib. Müəllimlərinin bütün müsbət keyfiyyətlərindən bəhrələnib: “Coğrafiya müəllimim Şahin Əliyev bu fənni mənə necə sevdirdisə artıq gələcəkdə coğrafiya müəllimi olacağımı qərarlaşdırdım. 2020-ci ildə tam orta təhsil attestatını aldım və hazırlaşdığım qrup üzrə yaradılan sinifdə təhsilimi davam etdirdim. Sinif rəhbərim Sitarə Novruzova mənə yaxından dəstək idi. Deyirdi ki, bu məktəbdə davamçım sən olmalısan. Coğrafiya üzrə bütün sualları həmişə mənə ətraflı izah edirdi. Əgər mənə, müəllimlik peşəsini sənə kim sevdirdi? - sualı versələr cavabım Sitarə Novruzova olacaq. Hazırda da o, universitet həyatımda qazandığım bütün uğurlarıma görə məni çox dəstəkləyir və həmişə yanımda olduğunu bildirir. 2022-ci ildə DİM-in apardığı qəbul imtahanında ümumi nəticəm 307,8 bal olmuşdu. Bunun 120 balı coğrafiya fənnindən idi, çünki bu, ən sevdiyim fənn idi . 2023-cü ilin mayında ADPU-nun Tarix və coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin keçirdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan Elmi Konfransda müəllimim Türkan Məmmədovanın rəhbərliyi ilə hazırladığım “Kiçik Qafqaz regionunun ekoloji problemləri” mövzusunda məqalə ilə çıxış edərək qalib oldum”.
“Müəllim sizsiniz” yarışmasında I yer
Nisə Qafarova da orta məktəb illərində qazandığı uğurlardan həvəslə söz açdı. 2006-cı ildə Xaçmaz rayon Çarxı kəndində anadan olduğunu söylədi. 2012-ci ildə Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə təhsil alıb. Xaçmaz Hazırlıq Mərkəzinin keçirdiyi “Müəllim sizsiniz” yarışında I yerə, bacısı Sevda isə III yerə layiq görülüb. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub və riyaziyyat fakültəsində “İnformatika müəllimliyi” ixtisası üzrə təhsil alır. İki bacısı kimi o da universitetdə dövlət sifarişi əsasında oxuyur. Nisə Qafarova ADPU-nun fəal tələbələrdən biridir. ADPU TV-də aparıcı namizəd, Tələbə Gənclər Həmkarlar İttifaqında qrup meneceridir. İstedadlı tələbə 8 Noyabr Zəfər Günü ilə bağlı keçiriləcək tədbirdə çıxış etməyə ciddi hazırlaşır.
Üç tələbə qızı, üç mehriban bacını dinlədikcə ürəyimdə onların hər birinə ayrı-ayrılıqda hörmət və rəğbət, valideynlərinə, müəllimlərinə, təhsil aldıqları müqəddəs təhsil ocaqlarına isə hörmət və ehtiram hissləri bir-birini hədsiz coşqu hissi ilə əvəzləyirdi.
Sifai SƏFƏROVA