Bacıların MÜƏLLİMLİK sevdası

...Bəli, bu yazıda bir evin, bir ailənin üç  qız övladının həyat yoluna işıq salmağa çalışacağam.  Onlar  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsidirlər. Əslində bu bacıların üçünün də eyni universitetdə təhsil almağı  diqqətimi çoxdan  cəlb etmişdi. Bu günlərdə universitet rəhbərliyinin  onları qəbul etməsi və tələbə bacılarla həmsöhbət olması, arzu-istəklərini dinləməsi məni də oxucular üçün maraq doğura biləcək  bəzi məqamları qələmə almağa həvəsləndirdi. Bacılardan böyüyü və təcrübəlisi Sevil Qafarova ADPU-nun Kimya və biologiya fakültəsinin V kurs tələbəsidir. İlk olaraq  bu ali məktəbi seçməsinin səbəbi barədə fikir və mülahizələrini dinlədim.

 

Müəllimlik  peşəsini seçdiyimdən məmnunam

 

“2002-ci ildə Xaçmaz  rayonunun Çarxı kəndində anadan olmuşam. Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyi bitirmişəm.  Lisey  mənim üçün təkcə elm ocağı deyil, həm də həyat məktəbi olub. Uşaq yaşlarından həmişə sevimli müəllimlərimə bənzəyəcəyimi qərarlaşdırmışam. Böyük düha sahibi olan Ulu Öndər  Heydər Əliyev zamanında və məqamında görün necə   gözəl  deyib: “Orta məktəbin vəzifəsi təkcə uşaqlara təhsil verməklə kifayətlənməməlidir, onlar, ilk növbədə, vətən üçün  layiqli övladlar yetişdirməlidirlər”. Tam məsuliyyətimlə deyirəm ki, bir vaxtlar təhsil aldığım lisey də məhz belə məktəblərdəndir. Orta məktəb illərində ibtidai sinif müəllimim olan Mətanət Hacıbalayeva, sinif rəhbərim Səxavət Məmmədova mənim bugünkü uğurlarımın təməlini öz şəxsi nümunələri ilə qoyan müəllimlərimdəndir. Təkcə biliklərə  deyil, yüksək insani keyfiyyətlərə yiyələnməyi də onlardan  öyrənmişəm. Bir vaxtlar onların dilindən qopan, “qızlar üçün  ən gözəl peşə həkim, yaxud müəllimlikdir” kimi  ifadələr  bugünədək qulağımda  sırğa olaraq qalmaqdadır. Əslində müəllimlik peşəsini seçməyimin səbəbi də bax, elə bu olub. Qəbul imtahanlarının nəticələrinə görə topladığım 480 balla bu gün  artıq V kursunda oxuduğum sevimli universitetimə qəbul olundum. Zərrəcə peşiman deyiləm, çünki sevdiyim Kimya və biologiya fakültəsinin  tələbəsi oldum. Çox keçməz mən də başqa müəllim həmkarlarım kimi   əlimə jurnal alıb sinfə daxil olaram, şagirdlərimə,  “salam, uşaqlar”, - deyə, səslənərəm. Onlar da, “salam, müəllim”, -  deyə, hədsiz sevgi  hissi ilə salamımı cavablandırarlar. Elə ilk dərsdə tanışlıqdan sonra qısaca olaraq onlara  müəllimlik peşəsini seçməyimin sirlərini açıqlayaram. Qoy onlar da bilsinlər ki, həyatda müəlliminə oxşamağa çalışan şagird heç vaxt uduzmaz və onun uğurları daima bol olar. İlk gündən çalışacağam uşaqlara  kimya və biologiya fənlərini sevdirməklə yanaşı, onların diqqətini   davranış  qaydalarıma alışdırım. Arzu edirəm bu gün  müəllimlərim haqda söylədiklərimi gələcəkdə şagirdlərim mənim haqqımda ürəkdolusu  təkrarlasınlar. Bu, mənim üçün əsl xoşbəxtlik olar.

 

Məktəbdə də, universitetdə də fəal

 

Orta məktəbdə oxuyarkən  dərs əlaçısı olmaqla bərabər məktəbin ictimai işlərində də fəallıq nümayiş etdirib. Təhsil ocağını region üzrə intellektual yarışlarda təmsil edib. 2019-cu ildə Xaçmaz şəhər məktəblərarası intellektual yarışmasında təmsil  etdiyi  məktəbin adı I yerdə qərarlaşıb: “Sosial aktivliyimi universitetə qəbul olandan sonra da davam etdirmişəm. Fakültələrarası intellektual yarışda Kimya-biologiya fakültəsi olaraq birinci yeri qazandıq. İlk vaxtlardan ADPU-nun Tələbə Gənclər Təşkilatında pillə-pillə addımlayaraq fakültə rəhbəri kimi fəaliyyət göstərdim. Daha sonra  IV kursda ADPU TV-yə “Ya danış, ya keç” adlı layihəmi irəli sürərək, onun icrasında aparıcı rolda çıxış etdim. Fakültəmizin Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu və 100-cü ildönümünə həsr olunan Elmi Konfransında iştirakçı oldum. 2022-ci ildə keçirilən konfransda kimya üzrə elmi işimi  təhvil verdim. Bu  ilk işimdə mənə yaxından dəstək olan  müəllimim Nazəni Novruzovaya  təşəkkürümü bildirirəm. 2023-cü ildə isə həm kimya, həm də biologiya üzrə elmi işimi müdafiə etdim.  Mənəvi dəstəyini hiss etdiyim  müəllimlərdən biri də  Sevil Şirəliyevadır. Bütün uğurlarıma görə  başda atam və anam olmaqla  müəllimlərimin hər birinə minnətdarlığımı bildirirəm.

 

2023-cü ilin 19 oktyabr tarixində ADPU-nun  rektoru Cəfər Cəfərov bizimlə görüşdü. Rektorumuzun biz üç bacı ilə səmimi söhbəti, verdiyi tövsiyələri çox dəyərli idi.

 

“Müəllimlik peşəsini mənə sevdirən MÜƏLLİM”

 

Sevda  Qafarova 2004-cü ildə Xaçmaz şəhər Çarxı kəndində doğulub.   Bacıları kimi o da Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli  məktəb-liseyi  bitirib. Müəllimlərinin bütün müsbət keyfiyyətlərindən  bəhrələnib: “Coğrafiya müəllimim Şahin Əliyev  bu fənni  mənə  necə sevdirdisə   artıq  gələcəkdə coğrafiya müəllimi  olacağımı qərarlaşdırdım.  2020-ci ildə tam orta təhsil attestatını aldım və  hazırlaşdığım qrup üzrə yaradılan sinifdə təhsilimi davam etdirdim. Sinif rəhbərim Sitarə Novruzova  mənə yaxından dəstək idi. Deyirdi ki, bu məktəbdə  davamçım sən olmalısan. Coğrafiya üzrə bütün sualları həmişə mənə ətraflı izah edirdi. Əgər mənə, müəllimlik  peşəsini  sənə kim sevdirdi? - sualı versələr cavabım Sitarə Novruzova olacaq.  Hazırda da o, universitet həyatımda qazandığım bütün uğurlarıma  görə məni çox dəstəkləyir və həmişə  yanımda olduğunu bildirir. 2022-ci ildə DİM-in  apardığı qəbul imtahanında  ümumi nəticəm  307,8 bal olmuşdu. Bunun 120 balı coğrafiya fənnindən  idi, çünki bu,  ən sevdiyim fənn idi .  2023-cü ilin mayında  ADPU-nun Tarix və coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin keçirdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan  Elmi Konfransda  müəllimim Türkan Məmmədovanın rəhbərliyi ilə  hazırladığım “Kiçik Qafqaz regionunun ekoloji problemləri” mövzusunda məqalə ilə çıxış edərək  qalib oldum”.

 

 “Müəllim sizsiniz”  yarışmasında I yer

 

Nisə Qafarova da orta məktəb illərində qazandığı uğurlardan həvəslə söz açdı. 2006-cı ildə  Xaçmaz rayon Çarxı kəndində anadan olduğunu söylədi. 2012-ci ildə Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə təhsil alıb.  Xaçmaz Hazırlıq Mərkəzinin keçirdiyi “Müəllim sizsiniz” yarışında    I yerə, bacısı  Sevda isə III  yerə layiq görülüb.  Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub  və riyaziyyat fakültəsində “İnformatika müəllimliyi” ixtisası üzrə təhsil alır. İki bacısı  kimi  o da  universitetdə  dövlət sifarişi əsasında oxuyur. Nisə Qafarova  ADPU-nun   fəal tələbələrdən biridir. ADPU TV-də aparıcı namizəd, Tələbə Gənclər Həmkarlar İttifaqında  qrup meneceridir. İstedadlı tələbə 8 Noyabr Zəfər Günü ilə  bağlı keçiriləcək  tədbirdə çıxış etməyə  ciddi hazırlaşır.

 

Üç tələbə qızı, üç mehriban bacını dinlədikcə  ürəyimdə onların  hər birinə ayrı-ayrılıqda hörmət və  rəğbət, valideynlərinə,  müəllimlərinə, təhsil aldıqları müqəddəs  təhsil  ocaqlarına  isə hörmət və ehtiram hissləri bir-birini  hədsiz coşqu hissi ilə əvəzləyirdi.

 

Sifai SƏFƏROVA

 



03.11.2023 | 12:36