Elnur Abdiyev: “Araşdırma, yenilik hər zaman qarşında yeni yollar açır”


Çoxları mənə hələ uşaq yaşlarımdan “müəllim oğlu müəllim”, deyə müraciət edirdilər. Müəllim sözündəki nur, işıq hər xitab olunanda məni cazibəsində saxlayırdı. Uzun müddət bu müraciətin beynimdə cızdığı çevrədən kənara çıxa bilmirdim. Atam, böyük qardaşım və bacım da bu müqəddəs peşəni seçmişdilər.

 

Atama təkcə yaşadığım Neftçala rayonu Aşağı Surra kəndində yox, digər onu tanıyanların sevgi və sayğısını gördükcə müəllim peşəsinin nüfuzu nəzərimdə daha da dəyərlənirdi. Hər gün gələcək üçün məşq edirdim. Evdə otaqların birinə çəkilib təkbaşına  şagirdlərə “dərs keçməyim” ən sevimli uşaq məşğuliyyətim idi.

 

Nəhayət, öz arzuma çatdım və müəllim oldum. Zamanın axarında hədəfimə doğru irəlilədim və bir də gördüm çatacağım mənzildəyəm. Elnur Abdiyev keçdiyi  yola nəzər salaraq həyat hekayəsini “Azərbaycan müəllimi”nə danışır.

 

Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Müəllim peşəsini  seçdiyindən  çiynində ağır bir yükün olduğunun fərqindədir: “Anladım ki, ilk gündən gələcəyin yükü var çiyinlərimdə və mən o yükü elə daşımalıyam ki, müqəddəs müəllim adına layiq olsun”.

 

E.Abdiyev Neftçala rayonu Aşağı Surra kəndində müəllim ailəsində dünyaya göz açıb.  Hələ LDU-da tələbə olanda universitetin Tələbə Elmi Şurasında “LDU.press”də rəhbərlərdən biri kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra bir müddət Cəlilabadda müəllim işləyib. 2011-ci ildən doğma Aşağı Surra kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. Daim tədris etdiyi fənnin incəliklərini öyrənməyə çalışır, araşdırma aparır.  Əldə etdiyi yenilikləri şagirdlərinə mənimsədir, onlarda zəruri bilik, bacarıq və vərdişlər formalaşdırmağa çalışır. Tədris etdiyi fənni şagirdlərinə sevdirmək üçün bilik yarışları, intellektual oyunlar, müsabiqələr təşkil edir. Təkcə işlədiyi pedaqoji kollektivdə deyil, rayonda tanınan müəllimlərdəndir.

 

2021-ci ildə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Həm də Neftçala Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və təşəkkürnaməsini alıb. Şagirdləri ölkə miqyasında müxtəlif yarışlarda uğurlu çıxışları ilə yadda qalıblar. 2015-ci ildə Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən inşa müsabiqəsində şagirdlərindən - Aytac Abdullayeva respublikada ikinci, Zeynəb Quliyeva 2019-cu ildə “Ədəbiyyat biliciləri” müsabiqəsində üçüncü, Məhəmməd Rəsulzadə 2023-cü ildə Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə Elm və Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı təqdimat” müsabiqəsində üçüncü  yeri  tutublar. 2023-cü ildə respublika fənn olimpiadalarında Rəqsanə Əzizova  bürünc medal qazanıb.

 

Elnur  Abdiyev belə düşünür: “Müəllim, ümumiyyətlə, daim öz üzərində işləməyi bacarmalıdır. Öyrənmək həyatımızın hər pilləsində lazımdır. Yeni uğurun başlanğıcı öyrənərək öyrətməkdir. Araşdırma, axtarma hər zaman qarşında yeni yollar açır. Qarşımızda daim işıqlı yollar açan yeniliklər bütün dövrlərdə qaçılmazdır. Bu gün təhsilimizdəki yeniliklər müasir dövrün tələblərinə cavab verir. Təhsilimizin inkişafı, dünya təhsil sisteminə inteqrasiyası, ən müasir metod və üsulların tətbiqi, ölkədə həyata keçirilən təhsil islahatları bu gün bir müəllim kimi məni çox sevindirir. Sevinirəm, ona görə ki, təhsilimizdəki yeniliklər, islahatlar biz müəllimlərə zamanla və ən ümdə tələblərlə ayaqlaşmaq üçün stimul verir. Son dövrlərin gündəmdə olan məsələlərindən biri - diaqnostik qiymətləndirmə və müəllimlərin sertifikasiyası, mənim zənnimcə, ölkə təhsilinə ən dəyərli xidmətlərdən biridir. Bu prosesin uğurla, mərhələli şəkildə həyata keçirilməsi daha savadlı, bilikli müəllimlərin aşkarlanaraq üzə çıxarılmasını təmin etməklə təhsilimizin gələcəyinə xüsusi töhfə verəcək”.  

 

Şakir CƏFƏROV