Müəllimlik ona görə müqəddəsdir ki, cəmiyyətin, millətin gələcəyi bu peşənin ağır yükünü çəkənlərin çiynindədir. Tərəqqi, həyatın gözəlləşməsi zaman-zaman onların şərəfli əməyindən qaynaqlanır. Bu yolda zəkasını şama çevirənlərdən biri də Əməkdar müəllim İmmi Hüseynovadır. O, nümunəvi pedaqoji və ictimai fəaliyyəti, sevimli peşəsini yeni nəsillərin zehni-mənəvi zənginlik qazanmasına həsr etməsi ilə çevrəsindəki çoxsaylı insanın hörmətini qazanıb, nüfuzlu ziyalı kimi tanınıb.
36 ildir ki, ölkəmizin müxtəlif təhsil ocaqlarında çalışmış İmmi Hüseynova zəngin və mənalı bir müəllim ömrü yaşayır. Onun həyatı, fəaliyyəti ilə yaxından tanış olanda bir daha yəqin edirsən ki, bu insan məhz müəllim olmaq üçün doğulub. Həyatını bir gün də olsun, məktəbsiz və uşaqlarsız təsəvvür edə bilməyən İmmi müəllimin peşəsinə olan vurğunluğu ona daim güc, qüvvət verir. Zəkasını elmi biliklərlə, ruhunu mənəvi-əxlaqi dəyərlərlə zənginləşdirən İ.Hüseynova çalışdığı bütün təhsil ocaqlarının sayılan-seçilən müəllimlərindən biri olub. Bu sahəni həyat yolu seçməsini belə xatırlayır:
– Ailəmizin böyük övladı olduğum üçün bacı və qardaşlarımın dərsləri ilə hələ ibtidai sinifdə oxuduğum vaxtlardan məşğul olurdum. Bunu elə həvəslə edirdim ki, ata-anam məni qardaşlarımın müəllimi hesab edirdilər. Bu da məni daha da həvəsləndirirdi. Uşaqlara nəsə öyrətmək məni hədsiz sevindirirdi.
Başqasına nəsə öyrətməyin sevinci varlığıma hopub məni müəllimliyə gətirdi. Bu müqəddəs peşəni çox sevdim və həyatımı onun şirinliyinə bağladım. Bir işin ki, çətinliyi, yorğunluğu sənə rahatlıq , məmnunluq gətirir, o, heç vaxt səni yormaz, usandırmaz. Mən də müəllimliyə hər ötən gün daha çox bağlanıram...
Bu yerdə bildirək ki, İmmi Hüseynova 1982-ci ildə paytaxtdakı 220 nömrəli orta məktəbi “Qızıl medal”la bitirib, bir imtahandan əla qiymət alaraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunub. 1987-ci ildə Bakıdakı 1 saylı respublika internat məktəbində müəllimliyə başlayıb. 2000-ci ildən ailə həyatı qurması ilə bağlı fəaliyyətini Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbində davam etdirib. Buradakı işi ilə yanaşı, uzun illər Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda da dərs deyib. Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə tarix fənnini rus dilində də tədris edib. Gərgin pedaqoji fəaliyyəti ilə yanaşı, elmi yaradıcılıqla da məşğul olub, “Naxçıvan tarixi” dərsliyini ərsəyə gətirib. Son illərdə İ.Hüseynova pedaqoji fəaliyyətini yenidən Bakıda davam etdirir. O, 32 nömrəli tam orta məktəbdə, eyni zamanda, Bakı-Avrasiya Universitetində tarix fənnini tədris edir.
Onun xoş təbəssümü, nurlu zəkası uzun illərdir ki, dərs dediyi şagirdlərin və tələbələrin qəlbini işıqlandırır, onlarda tarix fənninin timsalında ölkəmizin keçmişinə dərin bələdlik yaradır, gələcəyimizə yönəlik vətəndaşlıq duyğuları formalaşdırır. Rus yazıçısı Lev Tolstoy yazırdı ki, əgər müəllim özündə işinə və şagirdlərinə olan məhəbbəti birləşdirirsə, o, öz peşəsinin mükəmməl sahibidir. İmmi müəllim də şagirdlərini öz övladı kimi sevir, onları kamilliyə istiqamətləndirir, hər birinə gələcəyin ziyalısı kimi baxır. Bu barədə o, belə deyir:
– Şagirdləri qiymətləndirərkən onların fikir və düşüncələrini ifadə etmələrini, yaradıcı tətbiqetməni, dərsi məzmun vǝ idraki baxımdan qavramalarını, sinifdə sosial-psixoloji mühiti, əməkdaşlıqlarını, bir-birlərinin fikirlərinə hörməti, dinləmə bacarıqlarını və s. nəzərə alıram. Onların ən kiçik uğurlarını belə nəzərdən qaçırmıram, dəyərləndirib, qiymətləndirirəm. Çünki bu, bir şəxsiyyət kimi onların özlərinə olan inamını artırır, dərslərini daha yaxşı qavramalarına səbəb olur. Təhsil islahatının əsas prinsiplərindən olan demokratikləşdirmə və humanistləşdirmə də məhz bunu tələb edir. Mən də çalışıram ki, dərslərimdə tam demokratik bir mühit yaradım.
Əsl xoşbəxtlik odur ki, ürəyin istəyən işlə məşğul olasan. Bu gün mən çox xoşbəxtəm. Çünki bütün varlığımla müəllimlik peşəsinə bağlıyam.
İmmi müəllim təkcə elm öyrətmir, həm də mahir bir pedaqoq kimi gənc nəsli milli-mənəvi dəyərlər zəminində tərbiyə edir. O, hər zaman dərs dediyi şagirdlərin psixologiyasını, maraq dairəsini, qavrama qabiliyyətini incəliklə öyrənir və onların hər birinin biliklərə, sivil vərdişlərə yiyələnməsinə çalışır. Vətənpərvərlik – yaxşı təhsil almaq, vətəninin tarixini öyrənmək, sərhədlərini qorumaq, lazım gələrsə, canını qurban vermək kimi əməli keyfiyyətlərdə ifadə olunur. O, şagirdlərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında məhz bu keyfiyyətlərə istinad edir.
Sevindirici haldır ki, bu gün İmmi müəllimin şagirdləri sırasında müxtəlif vəzifələrdə çalışan insanlar, eləcə də özü ilə çiyin-çiyinə müəllimlik fəaliyyəti ilə məşğul olan yetirmələri də var. O, xeyirxahlığı, nikbinliyi, qayğıkeşliyi ilə həmin gənc müəllimlərə yenə də ruh verir, onları çalışmağa, axtarışa həvəsləndirir.
Bugünlərdə Əməkdar müəllim İmmi hüseynovanın 60 yaşı tamam olur. O, bu ömür zirvəsinə elmi-pedaqoji sahədə səmərəli fəaliyyətində qazandığı samballı uğurlarla gəlib. Dövlətimiz onun əməyini yüksək qiymətləndirib. İmmi müəllim çoxsaylı yetirmələrinin ona olan sevgi və hörmətini, uğurlarını ən böyük mükafatı sayır.
Sahilə Arifqızı