Ümummilli Lider bunlardan əlavə, Azərbaycan dilinin aşkar və qeyri-aşkar şəkildə təqib olunmasının, diskrinimasiyaya məruz qalmasının köklərini, bunun arxasında dayanan məqsədləri bilir, lakin dövlət müstəqilliyimizin bərpasından sonrakı illərdə bildiklərini çatdırırdı. O amillərdən birinin və bəlkə də birincisinin ən vacib şərtlərindən olan geopolitikanın oynadığı mühüm rolu örtülü və açıq şəkildə dilə gətirirdi. Bu cəhətdən, Ulu Öndərin ancaq Azərbaycan ədəbiyyatının deyil, Azərbaycan ictimai fikrinin parlaq simaları Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadənin yaradıcılığı barədə ayrı-ayrı vaxtlarda münasibət bildirməsi də qətiyyən təsadüfi sayıla bilməz. Dövlət müstəqilliyimizin ilk illərində Azərbaycan Respublikası Konstitusiyasının layihəsi üzərində geniş müzakirələrin başlaması son yüz ilin əsas sualına cavab tapmaqdan ibarət idi. Həmin müzakirələrin birində, Ümummilli Lider ölkə ziyalılarının da qatıldığı Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında komissiya üzvlərinə və dəvət olunan qonaqlara emosiyanın səsindən çox məntiqin diqtəsini dinləməyi məsləhət görürdü: “Bizə “azərbaycanlılar” da demirdilər, bəlkə türklər deyirdilər. Amma çox vaxt deyirdilər ki, biz müsəlmanıq. Nəhayət, XX əsrin axırlarında biz bu məsələləri tam aydınlaşdırmalıyıq və bu məsələyə nöqtə qoymalıyıq ki, bütün söz-söhbətə son qoyulsun. Siz hansı qərarı qəbul etsəniz, həmin qərarı biz konstitusiyaya yazarıq. Ancaq iki kəlmə onu demək istəyirəm ki, mən bu danışdığımız dili- buna hansı dil deyirsiniz-deyin - çox gözəl dil hesab edirəm. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Qrammatika sahəsində həddindən artıq böyük nailiyyətlərimiz var. Şəxsən mən bu dili sevirəm”.

 

Bu, azərbaycançılığın mühüm atributlarından olan ümumazərbaycançılıq hisslərinə, Azərbaycan dilinə və milli şüuruna, mədəniyyətin, mənəvi dəyərlərin, zamanın sınaqlarından çıxmış ənənələrin inkişafına, həmçinin, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyinə çevrilməsi üçün çalışan dövlət xadiminin publik etiraf etdiyi həqiqətlərdən biri idi. Bu, ana dilinə bağlılıqdan əlavə, o dilin imkanlarına bələd olan, onun inkişafının, ümumilikdə, millətin inkişaf səviyyəsi ilə üzvi bağlılığına ancaq intuitiv deyil, elmi şəkildə inanan müdrik insanın ifadə edəcəyi fikirlərdir. Xatırladaq ki, Azərbaycanda, nominal dövlətçilik atributları ilə mövcud olan Azərbaycan Sovet Sosialist Respublikasında hakimiyyətdə olduğu illərdə Ümummilli Liderimiz ancaq dilimiz deyil, ədəbiyyat və mədəniyyətimizin, xalqın mənəvi göstəriciləri olan dəyərlərin təbliği üçün fundamental addımlar atan siyasətçi müstəqil Azərbaycan Respublikasının vətəndaşları- öz müasirləri və gələcək nəsillər üçün azərbaycançılığın, geniş mənada, türkçülüyün əsas prinsiplərini yada salırdı. Ulu Öndər özünəməxsus müdrikliklə Sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtlarda atdığı addımların geneoloji bölgüyə əsasən türk dillərinə mənsub olan Azərbaycan dilinin başqa dil qruplarında olduğu kimi, leksik, morfoloji və sintaktik cəhətdən türk dilinə çox yaxın olduğunu, lakin bununla bərabər, canlı orqan olan “dil”lərin özünün də individuum olduğunu qeyd edir, ona görə də onun keçdiyi yolun tarixin unudulmazlığını diqqətə çatdırırdı: “Tarixi dəyişdirmək olmaz. Bizim dilçilərin, alimlərin xatirində olmalıdır ki, deyəsən, 70-ci illərin axırı idi - dövlət mükafatları verilirdi. Biz xüsusən Azərbaycan dili haqqında kitab yazmış böyük bir kollektivə dövlət mükafatı verdik. Bu mükafatı onun müəllifinə görə yox, əsərin özünə və bu kitabın dilimizin təhlilinə həsr olunmasına görə verdik”.

 

Ümummilli Lider “tarixi dəyişmək olmaz”- deyərkən nə qədər haqlı idi! Bu, o tarixdir ki, XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin sonlarına qədər, iki yüz ilə yaxın müddətdə davam edən, “Linqvistik dönüş” adlanan prosesin dilin məntiq vasitəsilə elmiləşdirilməsindən tutmuş, analiz fəlsəfəsi çərçivəsindəki ilkin uğurlarını qazanmaqla, linqvistik intuisiyalarına, ontologizasiyasına qədər uzanıb. O proses XIX əsrin ortalarında fenomenial alim Mirzə Kazım bəyin linqvistik yanaşmalarında özünü göstərən dil paradiqması, strukturalizm və hermenevtika, semiotika, kibernetika, modal məntiqinin türk dillərinin qrammatikasına ilkin baxışları idi. O baxışlar sonradan sistem şəklinə düşəcək, türk dilçiliyi üçün başlıca istinad nöqtəsinə çevriləcək.

 

Bunlar sonralar baş verəcək.

 

Onda türk dünyasının ən böyük şərqşünası bir neçə ildən sonra nəinki Rusiya imperiyasının hüdudlarında, həmçinin Avropada elmi araşdırmalar üçün ən nüfuzlu mükafatlardan hesab olunan Demidov mükafatına layiq görüləcək “Türk-tatar dillərinin qrammatikası” adlı fundamental elmi monoqrafiyasını yazırdı. Xatırladaq ki, sovet imperiyasında əksər türk dillərinin “Tatar” və ya “Türk-tatar” adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisəsini aparırdı. O faktı xatırladaq ki, əsər 1846-cı ildə ikinci dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olub. Böyük tədqiqatçının XIX əsrin ortalarında “Türk dillərinin öyrənilməsində kurs dərsliyi” 6700 sözdən ibarət rus-türk lüğətini nəşr etdirməsi ümumtürk dillərinin qrammatikasının elmi-metodik əsaslarının yaradılması, türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsinin həyata keçirməsi baxımından əhəmiyyətli idi.

 

Bu zamanları türkçülük ideologiyasının elmi şəkildə təşəkkül tapması dövrü də adlandırmaq olar. Bu, həmin ideologiyadır ki, XX əsrin əvvəllərində Azərbaycanda meydana çıxdığı, hətta zamanının bəzi kütləvi informasiya vasitələrində dövrünün ziyalı təbəqəsi arasında ciddi polemikaların mövzusuna çevrilən, bu bölgədə yaşayan, etnik türk olan, lakin “tatar”, “türk” və “müsəlman” çağrılan, özlərinin böyük əksəriyyətinin məmnuniyyətlə “müsəlmanam”- deyən azərbaycanlılar elmi metodologiya əsasında yox, daha çox qabaran milli hisslərin təsiri ilə yeni prosesə impuls verirdi. Bu mənzərənin hökm sürdüyü vaxtlardan əsrlər sonra 1990-cı illərin əvvəllərində, dövlət müstəqilliyimizin yenicə bərpa olunduğu, yaranmış tarixi şansın bərqərar etdiyi eyforik vəziyyətdə qəbul edilmiş qərarlara dövlətçilik təfəkkürünün süzgəcindən baxmaq zərurəti yaranmışdı. Ümummilli Liderimiz Azərbaycanın dövlətçilik konsepsiyasına məhz bu nöqtədən yanaşırdı və nə qədər haqlı idi!

 

1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikasının yeni konstitusiya layihəsində dövlət dili haqqında maddənin müzakirəsi zamanı söylədiyi nitqində Ulu Öndər bunu nəzərdə tutaraq məsələnin nə dərəcədə əhəmiyyətli və həssas olduğunu, belə vəziyyətdə hisslərlə qərar verməyin düzgün olmadığını diqqətə çatdırırdı: “Məsələ belə olmuşdur. Milli Məclisdə Azərbaycanın dövlət dili məsələsi müzakirə olunarkən Məclis üzvlərindən biri deyib ki, gəlin yazaq “Azərbaycanın dövlət dili Azərbaycan türk dilidir”, başqa birisi deyib ki, niyə belə yazırıq. Yazaq ki, “türk dilidir”. Mübahisə gedibdir - mən bütün stenoqrama baxmışam. Kim necə çıxış edibsə, hamısı məlumdur. Bir qismi buna etiraz edibdir, bir qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki, yazaq “bizim dilimiz türk dilidir”. Hər bir şey etmək olar, əgər doğrudan da o, həqiqətə və bizim məqsədlərimizə uyğundursa. Ancaq belə məsuliyyətli işləri çox ağıllı, bacarıqlı, eyni zamanda xalqın iradəsinə əsaslanaraq görmək lazımdır”.

 

Bunları xatırladarkən Ümummilli Lider XX əsrin əvvəllərində Çar Rusiyasının tərkibindəki Azərbaycanda gedən, əslində, mədəni muxtariyyatın tələbləri səviyyəsinə qalxmayan adi insani arzuların boy verdiyi məqamlara işarə edirdi. O zamanlara ki, XX əsrin əvvəllərində Azərbaycanda müşahidə edilən intellektual partlayış yeni ideallar yaratmaqla bərabər, dilin saflaşdırılması fonunda türkçülük ideologiyasının əsaslarını yaratmağa çalışır, azından onun qurulmasına impulslarını verəcək mənbələrin axtarışına çıxırdılar. Bu, cəmiyyətdə ilk dəfə sosial məsələ səviyyəsinə qaldırılan, ətrafında ölkənin əsas ziyalılarının polemikaları ilə müşahidə edilən ilk hadisələrdən biri də sayıla bilərdi. Bu müzakirələrdə “Həyat” qəzetinin mövqeyini müəyyənləşdirən Əli bəy Hüseynzadə və “Tərcüman”ın baş redaktoru İsmayıl bəy Qaspıralı xüsusilə fərqlənirdi. Diqqətçəkən məqamsa ondan ibarət idi ki, ümumtürk ədəbi dil konsepsiyasını irəli sürən hər iki ictimai xadim öz mülahizələrini “bütün türklər vahid millətdir və buna görə də vahid dilə, yazı mədəniyyətinə malik olmalıdırlar” mövqeyi ilə əsaslandırmağa çalışsalar da, prosesin dialektik inkişaf prinsipləri ilə getmədiyini müşahidə edənlər də vardı. Onlardan biri, Azərbaycan ictimai fikrində parlaq iz buraxmış Məhəmməd Əmin Rəsulzadə həmin mövqeyi müdafiə edənlər sırasında “bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan” şair və jurnalist Məhəmməd Hadinin olduğunu deyirdi.

 

Cəmiyyətin ziyalıları arasında bu məsələyə münasibət bildirən ancaq Məhəmməd Əmin Rəsulzadə deyildi, ölkənin yazıçı, jurnalist, ümumiyyətlə, ədəbiyyatla bu və ya digər mənada bağlı şəxslər də vardı. Onların polemika mövzusu olan məsələ ilə bağlı klassik ədəbi nümunələr yaradan Cəlil Məmmədquluzadə, Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi olmaqla bərabər, peşəkar jurnalistikamızda da ictimai-siyasi mövzulara aid felyotonların müəllifi Üzeyir Hacıbəyov, milli ədəbi tənqidin banisi Firidun bəy Köçərli, cərgəsində Ömər Faiq Nemanzadə, Mahmud bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Qafur Rəşad Mirzəzadə və digər şəxslər çıxış edirdi. Yeri gəlmişkən, Üzeyir Hacıbəyovun bu mövzu ətrafında qələmə aldığı “Nərdivan”, “Müsəlmanın işi” və digər felyetonlarında təkcə həmin zamanlar üçün aktual olan polemika mövzusu deyil, az qala milli mentalitetə çevrilə biləcək naqisliklər təqdim edilir, incə yumor hissinin qatıldığı sarkazmla gerçəklikləri nəzərə çatdırır və öz müasirlərinə çağırışlar edirdi.

 

Qeyd edək ki, həmin vaxtlar üçün baş verənlər yerli ədəbiyyatda və yaxud yeni-yeni formlaşan mətbuatda linqvistik dönüşü vəzifə olaraq qarşıya qoymur, dilin geniş mənada cəmiyyətdə oynadığı rolun fəlsəfi təhlilinə də həsr olunmurdu, lakin baş verən prosesin predmeti cəlbedici idi. Bunun sabaha hesablanan, XX əsrin əvvəllərində Azərbaycanda yaranmağa başlayan ideallardan doğan mənəvi perspektivləri dil inqilabını zəruri edirdi. Bu, mənsub olduqları millətin maarifçilik yükünü çiyinlərinə götürən mücahid ziyalıların səyləri və qazanılan nailiyyətləri sayəsində Azərbaycanın o zamankı mənzərəsini şərtləndirən, nəticədə gəlişən linqvistik tablonu yaradırdı. Həmin tablo müasirlərinə yeni, keçilməli olan yolun istiqamətini göstərməklə bərabər, doqmatik sistemləri kənara itələyən, əvəzində cəmiyyətdə rasionallıq anlayışını dəyişdirən sistemə fəlsəfi münasibəti bərqərar etməyə çağırış idi. Bunun nəticələrini sosial hadisələrin əsas generatoru olan dil fenomeninə baxışların dəyişməsində, yaxın 30 ildən fərqli olaraq Azərbaycan dilinin mətbuat, daha geniş mənada ifadə etsək, publisistik dilə çevrilməsi prosesində müşahidə etmək olardı.

 

Bunlar XX əsrin əvvəllərində baş verirdi və nə cür effekt doğurmasından asılı olmayaraq, başlanan hərəkat həmin vaxtlar Azərbaycanı üçün müəyyən ənənələrin bünövrəsinə çevrildi. 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinin ilk aylarında həyata keçirməyə başladığı təhsil siyasəti məhz həmin bünövrə üzərində qurulurdu. Cəmi 23 aylıq mövcudluğu dövründə əsas faktor kimi qəbul edilən türkçülük ideologiyasının ilkin işartılarının görünməsi buna görə idi ki, dialektik inkişafın təzahürü kimi qəbul edilirdi. Bu ideologiyanın qısa zamanda ancaq Azərbaycan cəmiyyətdində rişələr atmasını təsdiq edən faktorlardan idi ki, Cümhuriyyət hökumətinin süqutundan 6 il sonra, 1926-cı il fevralın 26-da başlayan, 9 gün çəkən Birinci Türkoloji Qurultay Bakıda keçirildi. SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultayın Azərbaycanda keçirilməsi buna görə təsadüfi deyildi. Heç həmin qurultaydan 5-6 il sonra Azərbaycanda başlayan repressiya dalğasını da təsadüfi hesab etmək olmazdı. Ümummilli Lider Heydər Əliyev bütün bunlar barədə ancaq SSRİ ətrafındakı dəmir pərdələr qaldırıldıqdan sonra ictimai, daha sonra Azərbaycan Respublikasının Prezidenti postunda dövlət xadimi olaraq açıq danışa bilirdi. Ulu Öndərin anoloji çıxışlarından biri 1999-cu il fevralın 16-da, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasında oldu. Tarixə ekskurs olan həmin dərin məzmunlu çıxışında Ümummilli Lider ilk olaraq dastanın ancaq azərbaycanlıların deyil, türkdilli xalqların tarixində oynadığı rol barədə söhbət açaraq onun misilsiz əhəmiyyətini qeyd edirdi: “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının ən görkəmli, ən parlaq abidəsidir. “Kitabi-Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir”.

 

Tarixi dastanın, xalqımızın yaşadığımız eranın birinci minilliyinin ikinci yarısında yaratdığı, maddi-mənəvi sərvətlərimizin akkumulyasiyası hesab olunacaq şifahi ədəbiyyat nümunəsi barədə danışarkən Ümummilli Liderimiz böyük qürurla bir daha türk mənşəyimizi xatırladırdı. XX əsrin 30-cu illərində dastanın taleyində yaşanmış repressiya məqamlarını məhz bu mənşə ilə əlaqələndirən Heydər Əliyev ən yaxın tariximizin müəyyən məqamlarında başlayan və onilliklər boyu davam edən bu münasibətin fəsadlarını da qeyd etməyi lazım bilirdi: “Bizim Azərbaycanın üzərinə pantürkizm damğası vurulduğuna, Azərbaycanda çox dəyərli insanlar pantürkist adı ilə həbs olunduğuna, repressiyaya məruz qaldığına, əsərlər, kitablar dağıdıldığına görə alimlərimiz, ictimai xadimlərimiz “Kitabi-Dədə Qorqud” haqqında təşəbbüs qaldırmağa bəlkə də cəsarət etməyiblər. Mən bunu belə izah edə bilərəm. Ancaq biz eyni zamanda onu da qiymətləndirməliyik ki, bir çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermişlər, əsərlər yaratmışlar və “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf etmişdir.

 

…Həmid Araslının, Məmmədhüseyn Təhmasibin, Əbdüləzəl Dəmirçizadənin və başqa alimlərin yazdıqları əsərlər “Kitabi-Dədə Qorqud” dastanının elmi tədqiqi və geniş təbliğ edilməsi üçün böyük xidmətlər göstərmişdir”.

 

Bu, böyük türk dünyasının azman şəxsiyyətlərindən biri olan Prezident Heydər Əliyevin dövlət müstəqilliyimizin bərpasınadək Azərbaycançılıq və bu kontekstdən tükçülük istiqamətində göstərdiyi fəaliyyətinə impuls verən motivlər idi. Həmin motivlərin generasiyası mənəvi zənginlikdən və o zənginliyin yaratdığı keyfiyyətlərdən irəli gəldiyini təsdiq edən amillərdən biri Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətinin birinci mərhələsi üçün xüsusilə xarakterikdir. Ulu Öndərin həmin fəaliyyəti dövrünü təsdiq edən kifayət qədər faktlar var və onlardan biri 1970-ci ildə SSRİ Elmlər və Azərbaycan SSR Elmlər Akademiyalarının birgə nəşr etdirdiyi “Sovetskaya tyurkologiya” jurnalıdır. Xatırlatmaq yerinə düşər ki, keçmiş SSRİ-də yaşayan türk xalqlarının ədəbiyyat və  dilinin tədqiqi ilə məşğul olan alimlər- dilçi, etnoqraf, tarixçilərlə bərabər şair, yazıçıların da iştirak etdiyi I Türkoloji qurultayın Bakıda keçirilməsinə, Azərbaycanın türkologiyanın müxtəlif sahələrinin araşdırılması üzrə dominant mövqedə olmasına baxmayaraq, Moskva 1960-cı illərin sonlarında çapı planlaşdırılan jurnalın Bakı şəhərində nəşr olunmasında tərəddüd göstərirdi. Məhz Azərbaycanın gənc və parlaq rəhbəri Heydər Əliyevin məsələyə qarışmasından sonra jurnalın Bakıda nəşr olunması məsələsi həll edildi. Nəhayət, “Sovetskaya tyurkologiya” jurnalı 1970-ci ilin aprel ayında görkəmli dilçi-türkoloq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor, Azərbaycan Milli Elmlər Akademiyasının dilçilik üzrə həqiqi üzvü Məmmədağa Şirəliyevin redaktorluğu ilə nəşrə başladı. Həmin məqamları Ulu Öndər 30 ildən sonra bu cür xatırlayacaq: “Azərbaycanda türkologiya da çox inkişaf edibdir. Keçmiş Sovetlər İttifaqının ərazisində türkologiyaya demək olar ki, Azərbaycan qədər fikir verən olmayıbdır. Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi. İndi də nəşr olunur. Yəni bu sahədə bizim böyük nailiyyətlərimiz var. Alimlərimiz, bilikli adamlarımız və belə zəngin dilimiz var”.

 

Hikmətli olduğu qədər də ibrətamiz, əmələ söykənən və insanlara çağırışla dolu sözlərdir. Bu, 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələn, ölkəmizin vətəndaşlarını dil, din, etnik mənsubiyyətindən asılı olmayaraq, dövlətçiliyimiz ətrafında birləşdirən Ümummilli Liderin, öz tarixi köklərini və bu köklərdən su içən mənəvi dəyərləri uca tutan, bütün türk dünyasına qucaq açan, Azərbaycanla qardaş Türkiyəni nəzərdə tutaraq sonrakı varlığımızı “Bir millət, iki dövlət”- şüarında ifadə edən böyük insanın həyat baxışları idi. Bu baxışlardan yaranan azərbaycançılıq ideologiyası isə öz kökünə- türkçülüyə bağlılığını ehtiva edən idarəçilik institutudur.

 

Bunları nəzərdə tutan Heydər Əliyev siyasi xəttini ardıcıl olaraq davam etdirən Prezident İlham Əliyev onun müstəqil dövlət quruculuğu yolundakı nəzəri və praktiki irsinə qiyməti bu cür verir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

 

Həmin yanaşmaların məntiqi nəticəsi 2020-ci il sentaybr ayında tarixi və hüquqi ərazilərimizi 30 il işğalda saxlayan Ermənistan Respublikası ilə 44 günlük müharibədə tarixi zəfərimiz, 2021-ci ildə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi, 2023-cü il sentyabr ayında Şərqi Zəngəzurda aparılan 23 saatlıq antiterror əməliyyatından sonra Xankəndində qaldırılan bayrağımız və 35 ildən sonra ölkəmizin ərazi bütövlüyünün bərpası oldu.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor