Məktəb psixoloqunun fəaliyyətinin qiymətləndirilməsi onun vəzifə məsuliyyətini artıracaq
Uzun illər məktəblərdə təlim-tərbiyə işlərinin səmərəliliyi, bir qayda olaraq, şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi ilə müəyyənləşdirilmişdir. Lakin bu göstəricilər uşağın şəxsi və psixi inkişafının tam mənzərəsini əks etdirmədiyindən, öyrənilmiş materialların şagirdin şəxsi sərvətinə çevrilmə vəziyyətini, mənimsənilmiş təlim materiallarının onun təfəkkürünün və qabiliyyətlərinin gələcək inkişafına təsirini açmağa imkan vermir. Başqa sözlə desək, bu halda təlim-tərbiyə prosesinin özünün nə dərəcədə səmərəli olması məsələsi aydın olmur. Araşdırmalar nəticəsində müəyyən olunub ki, məktəbdə təlim-tərbiyə prosesinin effektivliyinin qiymətləndirilməsində, şagirdlərin psixoloji xarakteristikalarının, psixi inkişaf göstəricilərinin də nəzərə alınması, bu işin daha düzgün təşkilinin ən mühüm şərtidir. Bu səbəbdən məktəblərdə təlim-tərbiyə prosesinin effektiv şəkildə həyata keçirilməsi üçün şagirdin şəxsiyyət kimi formalaşmasının, kollektivin inkişafının, idrak proseslərinin formalaşma qanunauyğunluqlarının yalnız nəzəri əsaslarını bilmək kifayət etmir. Eləcə də bu proseslərin konkret uşağın şəxsiyyətinə uyğun gələn spesifikasını aydınlaşdırmaq tələb olunur. Bu məsələlərin həllinə məktəb psixoloqları kömək etməlidir.
Məktəbdə psixoloji xidmət bir neçə onillikdir ki, həm beynəlxalq, həm də yerli təhsil sistemində formalaşmış bir strukturdur. Sosial-psixoloji xidmət ABŞ, Fransa, Çexiya, Macarıstan, Norveç, İspaniya, Türkiyə kimi xarici ölkələrin təhsil sistemində uzun illərdir ki, uğurla həyata keçirilir. Lakin ölkəmizdə bu sahə yüksək səviyyədə inkişaf etməmişdir.
Bu gün məktəb psixoloqları fəaliyyətləri zamanı bir neçə ciddi və öz həllini tələb edən vacib problemlərlə qarşılaşırlar. Bu problemlərdən biri və ən önəmlisi məktəbdə psixoloji xidmətlə bağlı dövlət sənədlərinin, yeni “Əsasnamə”nin olmamasıdır. Respublikamızda bu problemin həlli istiqamətində ilk dəfə atılan addım 1990-cı ildə rus dilindən tərcümə olunmuş “Əsasnamə”nin Təhsil Nazirliyi tərəfindən qəbul edilməsi olmuşdur. Sonra əsasnamənin hazırlanması məqsədilə müəyyənləşdirilmiş işçi qrup tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının təhsil sistemində psixoloji xidmət haqqında Əsasnamə”nin layihəsi 19 noyabr 1996-cı ildə də “Azərbaycan müəllimi” qəzetində dərc olunmuşdur. Ola bilər ki, o dövr üçün psixoloji xidmətin təşkili və fəaliyyəti baxımından bu “Əsasnamə”nin qəbul olunması zəruri və faydalı idi. Lakin təhsil sistemindəki yeniləşmə, aparılan islahatlar, sosial-psixoloji xidmətin də yeniləşməsini tələb edir. Və bu gün yeni bir “Məktəbdə psixoloji xidmət haqqında Əsasnamə”, metodik göstəriş və tələbləri özündə əks etdirən sənəd yoxdur. Bu səbəbdən məktəb psixoloqları müxtəlif ədəbiyyat və elektron saytlardan əldə etdikləri testlərdən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə müəllim və şagirdlərin, həmçinin valideynlərin narazılığına səbəb olur. Şagird, müəllim və valideynlərlə aparılan psixoloji işin istiqamətləri onlara aydın olmur, nəticədə məktəb psixoloqlarının özlərinin də mahiyyətini yaxşı dərk edə bilmədikləri iş sistemi yaranır.
Digər problem isə məktəb psixoloqlarının fəaliyyətinin keyfiyyət göstəricilərini əks etdirən dövlət sənədinin olmaması, bunun üçün ölkə səviyyəsində tədbirlərin görülməməsidir.
Ölkəmizdə prioritet məsələ kimi qiymətləndirilən təhsil keyfiyyətcə yeni mərhələyə daxil olmuş, dünya təhsil sferasında müasirlik müstəvisində yüksək məzmun kəsb edən ideyalara söykənərək, həm strateji, həm də praktiki cəhətdən yeniləşməyə doğru istiqamətlənmişdir.
Biz bilirik ki, məktəbdə təlim-tərbiyə prosesinin yüksək göstərcilərlə həyata keçirilməsi, keyfiyyətli təhsilin əldə olunması strateji cəhətdən dövlətin verdiyi qərar və sərəncamlarla tənzimlənirsə, praktiki cəhətdən isə bilavasitə həmin prosesin iştirakçılarının uğurlu fəaliyyətindən asılıdır. Həmçinin, nəzərə alsaq ki, cəmiyyətə, ölkəyə faydalı vətəndaş yetişdirilməlidir, bu halda deyə bilərik ki, təhsilverənlərdən başqa, həm də məktəb psixoloqları təhsil prosesində çox əhəmiyyətli rol oynayır və onların üzərinə çox çətin, məsuliyyətli iş düşür. Ona görə də məktəbdə mütəmadi olaraq təlim-tərbiyə prosesi iştirakçılarının (məktəb rəhbərliyinin, müəllimlərin, sinif rəhbərlərinin, məktəb psixoloqlarının, metodbirləşmələrin və s.) fəaliyyətinin qiymətləndirilməsi zərurəti yaranır. Məktəbdə təlim-tərbiyə prosesinin iştirakçılarının qiymətləndirilməsi üçün ilk növbədə qiymətləndirilən fəaliyyəti xarakterizə edən kəmiyyət və keyfiyyət göstəriciləri (parametrləri), həmçinin onların çəki əmsalları müəyyən olunmalıdır. Aydındır ki, hər hansı fəaliyyəti xarakterizə edən göstəricilərin sayı olduqca müxtəlif ola bilər. Ona görə də müəyyən fəaliyyət qiymətləndirildikdə əsas məsələ göstəricilərin düzgün müəyyənləşdirilməsidir. Məktəb psixoloqunun fəaliyyətinin keyfiyyətcə qiymətləndirilməsi onun fəaliyyətinin dinamik inkişafının təmin olunmasına xidmət etməlidir. Çünki keyfiyyət davamlı inkişafa yönələn sistem və üsulların hökm sürməsi, zəruri işlərin vaxtında görülməsidir.
Həmçinin məktəb psixoloqunun fəaliyyətinin qiymətləndirilməsi ona öz işlərini yerinə yetirməsinin səmərəliliyini, bacarıq səviyyəsini, fəaliyyətinin müsbət cəhətlərini müəyyən etməyə kömək edəcək, fərdi xüsusiyyətlər fonunda onları inkişaf etdirməyə, müəyyən edilmiş tələblərin göstəricilərinə və iş funksiyalarına uyğunluğunu müəyyənləşdirməyə imkan verəcəkdir. Bir sözlə, bu qiymətləndirmə prosesi həm fərdi işçi, həm də bütün məktəb kollektivi üçün səciyyəvi olan problemləri üzə çıxarmağa kömək edəcək.
Deyilənlərdən bir daha aydın olur ki, pedaqoji kadr kimi məktəb psixoloqlarının da fəaliyyəti təhsilin keyfiyyətinə birbaşa təsir edir. Pedaqoji personalın fəaliyyəti ölkə rəhbərinin daim diqqətində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2017-ci il tarixli sərəncamlarına əsasən 57 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 58 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil işçiləri kimi müəllimlərin fəaliyyəti qiymətləndirilir, onların Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 6 may 2014-cü il tarixli 526 nömrəli əmrinə əsasən hər il davamlı olaraq diaqnostik qiymətləndirilməsi aparılır, lakin məktəb psixoloqlarının fəaliyyəti isə qiymətləndirilmir. Onların qiymətləndirilməsi, fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində heç bir tədbir görülmür. Bu gün məktəb psixoloqları haqqında yalnız anket xarakterli məlumatlar mövcuddur. Onun keyfiyyət göstəriciləri (məsələn, ixtisas bilikləri, psixoloji durumu, fəaliyyət istiqamətlərindən istifadə metodikası və bu metodikaların tətbiqi) haqqında isə məlumat mövcud deyil. Məktəb psixoloqlarının keyfiyyət göstəriciləri haqqında məlumatın olmaması onlar haqqında lazımi qərarların verilməsinə mane olur. Keyfiyyət göstəricilərinin əks olunduğu sənədin hazırlanması və onların diaqnostik qiymətləndirilməsinin aparılması “Orta məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər? Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirlərmi?” kimi sualların cavablandırılmasına kömək etmiş olacaq.
Məktəb psixoloqunun fəaliyyətinin qiymətləndirilməsi onların vəzifə məsuliyyətlərini artıracaq. Nəticədə daim yeniliklərlə tanış olan, yeni fəaliyyət istiqamətlərinə uyğun metod və üsullardan istifadə etməklə öz səriştələrini və kompetensiyalarını inkişaf etdirən kadrlar formalaşacaq. Özünütəhsilə təkan verən bir amil kimi məktəb psixoloqlarının bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Artıq o hiss edəcək ki, həm məktəb, həm də cəmiyyət qarşısında məsul şəxsdir. Diaqnostik qiymətləndirmə imkan verəcək ki, məktəb psixoloqlarının hazırkı vəziyyəti öyrənilsin, onların bilik və bacarıqları müəyyənləşdirilsin. Bu qiymətləndirmə onların peşəkarlığını daha da təkmilləşdirəcək, ehtiyaclarını öyrənməyə imkan verəcəkdir. Bununla da məktəb psixoloqlarının peşəkarlığının inkişafı istiqamətində hansı tədbirlərin həyata keçiriləcəyi də müəyyənləşdirilmiş olacaq.
Günay QULİYEVA,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun böyük elmi işçisi