Ulu Öndər Heydər Əliyev tərəfindən düşünülüb müəyyən edilmiş yeni neft strategiyasının uğurla həyata keçirilməsi respublikanın iqtisadi inkişafında və dövlət quruculuğu prosesinin dönməzliyində mühüm faktor kimi dəyərləndirilir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” iqtisadi mənfəətə görə deyil, həm də geosiyası və tarixi məzmununa görə Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bu ideyanın reallaşması ölkəmizi dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevirib.
Ulu Öndər Heydər Əliyev uğurlu neft strategiyasının banisidir. Görkəmli dövlət xadimi bu konsepsiyanın, vacib layihənin həyata keçirilməsində qətiyyətli mövqe nümayiş etdirdi, ortaya çıxan problemləri böyük siyasi ustalıqla, əzmkarlıqla həll etdi. Ayrı-ayrı dövlətlərin, beynəlxalq şirkətlərin nümayəndələri dəfələrlə bildirirdilər ki, əgər Heydər Əliyev hər hansı bir məsələyə xeyir-dua verirsə, həmin məsələnin perspektivi barədə tərəddüd etməyə əsas yoxdur.
1994-cü ilin sentyabr ayında dünyanın ən nüfuzlu şirkətləri ilə bağlanmış və tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş bu tarixi əhəmiyyətli müqavilə Xəzər dənizinin Azərbaycana aid hissəsində “Azəri,” “Çıraqlı”, “Günəşli” yataqlarının işlənilməsinə dair ilk mühüm və həlledici addım oldu. Müqaviləyə əsasən, Azərbaycanla yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ və başqa dövlətlərin neft şirkətləri də Xəzərin neft və qaz ehtiyatlarının istismarında iştirak imkanı qazandılar.
Azərbaycanın neft –qaz ehtiyatlarının səmərəli şəkildə istifadəsi və ixracı nəticəsində ölkəmiz Qara dəniz və Xəzər dənizi hövzəsində mühüm mövqe tutmağa başladı, regionda yeni beynəlxalq mərkəzə çevrildi, möhkəm təmələ əsaslanan Şərq-Qərb enerji dəhlizinin yaradılmasına yol açıldı. Həmin dəhlizdən isə əvvəllər əfsanə kimi bəhs edirdilər. Müstəqilliyimiz bərpa edildikdən sonra, xüsusilə də Heydər Əliyevin ölkəyə yenidən rəhbərlik etməsi ilə (1993-cü ildən etibarən) Azərbaycan neft sektorunun dirçəldilməsində mühüm bir dönəm başlandı. Belə ki, Ulu Öndərin yanacaq və energetika sahəsinin inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin tərkib hissəsi olan islahatların, tədbirlərin və proqramların əsas mərhələsi məhz 1993-cü ilin iyul ayından başlayır. Xalqımızın təkidi və tələbi nəticəsində hakimiyyətə gələn Heydər Əliyev yaranmış ağır iqtisadi və siyasi böhrandan çıxış yollarından biri kimi neft-qaz sənayesinin yeni inkişaf strategiyasını irəli sürdü. Həmin strategiyanın əsasını ölkəmizin neft sənayesində uzun illər ərzində formalaşmış elmi–texniki və kadr potensialından səmərəli şəkildə istifadə etməklə yanaşı, xarici neft şirkətlərinin müasir beynəlxalq təcrübəsinin və maliyyə vəsaitlərinin buraya cəlb olunması, bunun hesabına yeni yataqların kəşf edilməsi, işlənməsi, hasil olunmuş neft və qazın dünya bazalarına nəql edilməsi təşkil edirdi. Sözsüz ki, mövcud infrastrukturun müasirləşdirilməsi, yeni obyektlərin və qurğuların inşasını tələb edən bu strateji planın həyata keçirilməsi yeni iş yerlərinin açılmasına zəmin yaradırdı. Başqa tərəfdən bu, ölkəmizin neft diyarı kimi şöhrətini artırır, Azərbaycanı Cənubi Qafqazın güclü dövlətinə çevirir, dövlətimizi dünyanın aparıcı güclərinin maraq dairəsinə salırdı. Ancaq bütün bunları həyata keçirmək üçün qarşıda duran maneələri aradan qaldırmaq lazım idi.
Azərbaycanda ictimai-siyasi sabitliyin tam bərpa olunmaması problemləri daha da artırırdı. Xəzərin statusu müəyyənləşdirilməmiş qalırdı. Xəzərin bölünməsinə ehtiyac duymayan bəzi ölkələr bildirirdilər ki, Xəzər sahilyanı dövlətlərin ümumi mülkiyyəti olmalıdır. Xarici şirkətlər tərəddüd içində idi və belə bir şərt irəli sürürdülər ki, ilk öncə müqavilə imzalanmalıdır; Xəzərin statusu müəyyənləşdikdən sonra isə bu müqavilə qüvvəyə minməlidir. Xəzərin statusu məsələsi uzun müddət müzakirə mövzusu oldu. Amma həlledilməz qalmadı. Xəzər dənizinin hüquqi statusu məsələsinin beş dövlət arasında razılaşdırılması məsələsi nəhayət, Rusiya və Azərbaycan rəhbərlərinin qarşılıqlı səyi nəticəsində öz həllini tapdı. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bu problemin həllinə dair Azərbaycanla Qazaxıstan, Rusiya ilə Qazaxıstan, Azərbaycanla Rusiya arasında imzalanmış tarixi sazişlər digər dövlətlərin - İran və Türkmənistanın da mövqelərinin əhəmiyyətli dərəcədə dəyişməsinə təsir göstərdi.
Böyük çətinliklərə və maneələrə baxmayaraq, nəhayət 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə kəşfiyyatı, işlənməsi, hasilatın bölgüsü üzrə dünyanın tanınmış neft şirkətlərinin birləşdiyi konsorsiumla (Böyük Britaniyanın bp, “Ramko”, Norveçin “Statoyl”, Rusiyanın “LUKoyl”, ABŞ-ın “Amoko”, “Yunokal”, “Pennzoyl”, Türkiyənin “Türk Petrolları”, Səudiyyə Ərəbistanın “Delta”) ”Əsrin müqaviləsi” adlandırılan tarixi saziş imzalandı.
1994-cü il 12 dekabrda bu saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə mindi.
Paytaxtımızın görkəmli binalarında biri olan Azərbaycan Tarixi Muzeyinin salonunda 1995-ci il yanvarın 24-də neft müqaviləsini həyata keçirən Rəhbər Komitənin ilk iclası keçirildi. İclas zamanı Heydər Əliyev konsorsiuma daxil olan neft şirkətlərinin nümayəndələrini müqavilənin bağlanması münasibəti ilə ürəkdən təbrik etdi və hamıya uğurlar arzuladı. Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan ilk dəfə Qərbin nəhəng neft şirkətləri ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəm təməlini qoydu.
Bu neft sazişini imzalayan şirkətlərin növbəti illərdə sayı artdı; neft sənayesinin infrastrukturunun yenidən qurulması, nəqliyyat və xidmət sahələrinin inkişafı, peşəkar milli kadrların hazırlanması və minlərlə yeni iş yerlərinin açılması üçün geniş imkanlar yarandı. Başlıcası, neft amili ölkəmizin hərtərəfli inkişafında öz sözünü dedi.
Uğurlu neft siyasəti Azərbaycanın daha gözəl gələcəyinə möhkəm təminat verir.
ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti Sevda Həsənova və kollecin müəllimi Nərmin Tapdıqlı