35 min gənc müəllimdən 11 mini məktəbi tərk edib
İngiltərədə təhsil müəssisələri müəllimləri məktəbə cəlb etmək üçün ciddi səylər göstərir. Daha çox müəllim heyəti çatışmazlığı problemi paytaxt Londonda yaşanır. "The Guardian" qəzetinin yazdığına əsasən, 2012-ci ildə ixtisaslaşmadan keçmiş müəllimlərin yalnız 57 %-i 2017-ci ilə qədər məktəbdə qalaraq işləyiblər. Rəsmi məlumatlara görə, 2010-cu ildə paytaxtda işə başlamış 35 min gənc müəllimdən 11 mini məktəbi tərk edib. Vəziyyət 2011-ci ildən pisləşməyə başlayıb. 2015-ci ildən 2017-ci ilə qədər müəllimlərin dörddə birindən çoxu məktəbdən uzaqlaşıb. Hökumət bu vəziyyəti çox həyəcanlı hal kimi qiymətləndirir. Məmurların fikrincə, müəllim çatışmazlığı böhranı dünən başlamayıb və əlverişsiz ümumi iqtisadi situasiya ilə izah olunur: yaşayış xərcləri artıb, ev almaq imkanı yoxdur və.s. Bundan başqa, bu tendensiyanın qarşısını alacaq dəqiq plan da yoxdur.Vəziyyəti xüsusilə kəskinləşdirən məqam odur ki, bu cür situasiya yerlərdə, xüsusən də paytaxtda şagirdlərin sayının artması fonunda baş verir.
Təhsil Nazirliyi (Department for Education – DfE) 2025-ci ilə qədər orta məktəblərdə şagird sayının 19,4 faiz artacağını proqnozlaşdırır. Hökumətin təhsil proqramlarını tənqid edən ekspertlər baş verənlərin səbəblərinin maliyyə vəsaitlərinin qeyri-rasional xərclənməsi ilə izah edirlər. Məsələn, yeni müəllimlərin təliminə xərclənən vəsaitin həcmi mövcud məktəb müəllimlərinin inkişafına xərclənən vəsaitlərdən 10 dəfə artıqdır.
Təhsil Nazirliyinin nümayəndələri inandırırlar ki, problem haqqında məlumatlıdırlar və onun həlli üzün bütün gücləri səfərbər ediblər. "Biz məktəblərə müəllimlərin cəlb edilməsi üzrə səyləri davam etdirəcəyik. Biz bütün ən yaxşı müəllimlərin bu peşədə qalması və həmçinin onların yükünün azaldılması üçün mümkün bütün təşəbbüsləri göstərəcəyik", - deyə nazirliyin nümayəndəsi bildirib.
Oruc MUSTAFAYEV