Sentyabrın 30-da Bakıda Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Toplantısı keçirilib.
 

İlk dəfə Azərbaycanda təşkil edilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, KKTC Baş nazirinin müavini Fikri Ataoğlu, Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyn Yıldırım, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycanın millət vəkilləri, Türkiyədə təhsil almış məzunlar iştirak ediblər.


Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynadıqlarını və böyük töhfələr verdiklərini vurğulayıb. Emin Əmrullayev gənclərin əksəriyyətinin qardaş ölkədə təhsil almağa üstünlük verdiyini qeyd edib və buna görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.


Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren çıxışında Türkiyənin 1990-cı illərdə başladığı “Böyük tələbə layihəsi”ndən danışıb, həmçinin hazırda Türkiyədə 34 min azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb.
 

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tədbirin təşkilinə görə təşəkkür edib.


Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında bildirib ki, Beynəlxalq Türkiyə Məzunları Toplantısının Azərbaycanda keçirilməsi Türkiyənin Azərbaycana olan sevgisinin göstəricisidir.
 

Tədbirdə digər çıxış edənlər ölkələrimiz arasındakı qardaşlıq əlaqələrindən danışıblar.


Sonda akademik və elmi araşdırmalar, iqtisadiyyat, sahibkarlıq, jurnalistika, media, səhiyyə, mədəniyyət, incəsənət sahələrində uğur qazanmış azərbaycanlı məzunlara “Türkiyə məzunları ödülləri” adlı mükafat təqdim olunub.