(Əvvəli https://muallim.edu.az/news.php?id=26201)

 

Aleksandr (İskəndər xan) Makinski (1900-1988) Rusiyada İmperator Hüquq Məktəbində təhsil alıb, Parisdə və Lissabondakı Rokfeller Fondunda çalışıb. Hitler işğalı dövründə fransız elm adamlarına, o cümlədən Fransa qəhrəmanı Jan Mulana Parisdən çıxmağa kömək edib. 1941-ci ildə Amerikaya köçüb, burada “Coca-Cola” şirkətinin vitse-prezidenti olub. 1988-ci ildə vəfat edib və Fransada dəfn edilib. Onun Sent-Jenevyev De Bua qəbiristanlığındakı qəbir daşının üzərindəki qeydi olduğu kimi təqdim edirik: “Şahzadə Aleksandr Makinski. 13.X.1900-24.IV.1988”.

 

Maraqlıdır ki, Makinski qardaşlarının hər ikisi “Fəxri Legion” ordeni ilə təltif edilib.

 

Mirbabayev Miryusif Abbas oğlunun da həyatının müəyyən mərhələsi diplomatiya ilə bağlı olub. O, 1889-cu ildə İrəvan şəhərində anadan olub, ilk təhsilini İrəvan rus-tatar məktəbində və İrəvan Kişi Gimnaziyasında alıb. 1916-cı ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M.Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində katib əvəzi, sonra katib işləyib. İrəvanda sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan İnqilab Komitəsinin Hərbi Tribunalında, Xalq Maliyyə Komissarlığında məsul vəzifələrdə çalışıb. Eyni zamanda Pedaqoji Texnikumda tədris hissə müdiri, fəhlə fakültəsinin rəhbəri vəzifələrində işləyən Miryusif Mirbabayev Ermənistan Tarix İnstitutunda və Ölkəşünaslıq Muzeyində elmi işçi olmaqla yanaşı, Xalq Maarif Komissarlığı nəzdindəki Milli Azlıqlar Şurasının, Yeni Türk Əlifbası Komitəsinin üzvü kimi də ictimai işlərdə yaxından iştirak edib. 1933-cü ildə Bakıya köçən alim özünü dilçilik sahəsində sınayıb, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında elmi işçi olub. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun ilk direktoru seçilib.

 

İrəvan Gimnaziyasını bitirən Məhəmməd Məhərrəmov və Əkbər ağa Şeyxülislamov da öz fəaliyyətlərini diplomatiya sahəsinə bağlayıblar.

 

Məhəmməd Məhərrəmov (1895-1992) 28 dekabr 1918-ci il AXC Hökumətinin qərarı ilə Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin müşaviri təyin edilib. Parisdə olarkən Denikinin Şimali Qafqaz Respublikasının ərazisini işğal etməsi, Azərbaycan və Gürcüstan respublikaları üçün təhlükə törətməsinə qarşı sosial-demokrat, “Keçmiş Rusiya millətlərinin hüquqlarını müdafiə cəmiyyəti”nin sədri Albert Tomun təşəbbüsü ilə sayca dördüncü olan etiraz notası hazırlanır. Bu etiraz notasını Azərbaycan nümayəndə heyətinin üzvlərindən Məhəmməd Məhərrəmov və Əkbər ağa Şeyxülislamov imzalayıblar. M.Məhərrəmov 1992-ci ildə Parisdə vəfat edib.

 

Əkbər ağa Şeyxülislamov 1891-ci ildə anadan olub, 1912-ci ildə İrəvan Kişi Gimnaziyasını bitirdikdən sonra Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olub, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq və əmlak naziri işləyib, Parisə sülh konfransına gedən nümayəndə heyətinin tərkibində təmsil olunub və bolşeviklərin Bakını işğal etməsi ilə əlaqədar bir daha Azərbaycana qayıtmayıb.

 

Müəllifin xatirələrindən: Faktlar, insanlar, hadisələr. “525-ci qəzet”in 10-13 iyul 2018-ci il tarixli nömrəsində oxuculara təqdim edilmiş  yazımda AXC-nın 100 illik yubileyinin qeyd olunduğu ildə vaxtilə Cümhuriyyətə şərəflə xidmət edən görkəmli şəxsiyyətlər, eyni zamanda öz vətəninin hüdudlarından uzaqlarda məskunlaşmış şəxslər barədə məlumat verilib. Həmin şəxslərdən Məhəmməd Məhərrəmov və Əkbər ağa Şeyxülislamov haqqında müfəssəl, onların 1920-ci ildə Azərbaycanın işğalından sonrakı taleyi barədə isə qısa məlumat verilib.

 

M.Məhərrəmov Sorbonda iqtisadiyyat sahəsi üzrə ali təhsil alıb. Bir müddət bankda işləyib, sonra bukinist dükanı açıb. İkinci Dünya müharibəsindən sonra fransız təbəəliyini qəbul edib. 1972 və 1975-ci illərdə o, Bakıya səfər edib və şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid çoxlu qiymətli materiallar bağışlayıb. 1982-ci ildə Parisdə vəfat edib.

 

Əkbər ağa Şeyxülislamov Xalq Cümhuriyyətinin süqutundan sonra yaşamaq üçün Parisdə qalıb və burada kiçik bir fabrik açıb, lakin az sonra müflis olub. Fransada yeni siyasi karyeraya başlayaraq, radiostansiyasının Azərbaycan versiyasının yaradıcılarından biri olub. Ə.Şeyxülislamov 2 mart 1961-ci ildə vəfat edib və Paris ətrafındakı Bobinyi qəbiristanlığında torpağa tapşırılıb.

 

İrəvan Gimnaziyasının məzunları arasında sonradan hərb sahəsində general olanlar da vardır. Bunlardan  Həbib bəy Yusif oğlu Səlimovu və Qambay Məmməd oğlu Vəzirovu qeyd etmək olar.

 

Həbib bəy Hacı Yusif oğlu Səlimov (1881-1920), general-mayor. İrəvan Gimnaziyasında təhsil alıb, Birinci Dünya müharibəsində iştirak edib, Peterburq Hərbi Akademiyasını bitirib. AXC ordusunun ilk baş qərargah rəisi olub.

 

Qambay Məmməd oğlu Vəzirov, general-mayor,  1899-cu ildə anadan olub, ilk  təhsilini İrəvan Kişi Gimnaziyasında alıb. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edib. Moskvada Frunze adına Hərbi Akademiyanı bitirib, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilib, 1937-ci ildə repressiya qurbanı olub.

 

Burada qeyd etmək lazımdır ki, 1881-ci ildə İrəvan Kişi Gimnaziyası, həmçinin  İrəvan Müəllimlər Seminariyası və 1884-cü ildə yaranmış İrəvan Qız progimnaziyası kadr hazırlayan üç böyük tədris müəssisəsi adı altında yaranaraq fəaliyyət göstərib.

 

Yeri gəlmişkən, İrəvan Qız progimnaziyasının yaranması və fəaliyyəti ilə bağlı qısa məlumat vermək istərdim.

 

91 şagirdlik İrəvan Qız progimnaziyasında (natamam gimnaziya, 4 və 6 sinifli progimnaziya) Xeyriyyə Cəmiyyəti və pedaqoji Şura fəaliyyət göstərib. Qız progimnaziyasında Pansion yaradılıb və burada 8 yaşından 12 yaşınadək olan qızlar xeyriyyə vəsaiti, yuxarı yaşlılar isə öz vəsaitləri hesabına təhsil alıblar. Progimnaziyada təhsil alan pansioner qızlar cəmi 150 rubl təhsil haqqı ödəyiblər, ilk əvvəl qəbul üçün 36, ilin sonunda isə sinifdən-sinfə keçəndə, bir qayda olaraq, 30 rubl vəsait daxil edirmişlər. 1898-1918-ci illərdə bu tədris ocağı gimnaziya kimi fəaliyyət göstərib.

 

İrəvan Qız Gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin düşsələr də, yerində qalanları Sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görüb, digərləri isə təhsilini xaricdə davam etdiriblər.

 

Onlardan Kubra xanım İsmayıl qızı Bağırbəyova İrəvan Gimnaziyasında təhsil aldıqdan sonra Tiflisdə Tibb Universitetini bitirib, aspiranturaya daxil olub, dissertasiya müdafıə edərək tibb elmləri namizədi alimlik dərəcəsini alıb. Professor Mehdi xan İrəvanski ilə ailə quran Kubra xanımın doktorluq dissertasiyası hazır olsa da, onu müdafiə edə bilməyib.

 

Umbülxanım Ağaxan qızı 1897-ci ildə İrəvanda doğulub. İrəvan Gimnaziyasını bitirdikdən sonra 1917-1920-ci illərdə İrəvanda və Gədəbəydə müəllim işləyib. Dəllərdə, Naxçıvanda və İrəvanda yaratdığı qadınlar klubunun rəhbəri olub.

 

Ruqiyyə və Kubra xanım bacıları - İrəvan şəhərində o dövrün tanınmış adamlarından biri olan Mirbağır Mirbabayevin qızlarıdır. 1909-cu ildə İrəvan Qız Gimnaziyasını bitirdikdən sonra İsveçrədə ali təhsil alıb və vətənə qayıdıblar. Ruqiyyə xanım tibb, Kubra xanım isə humanitar fənlər ixtisasına yiyələniblər. Ruqiyyə xanım Mirhüseyn Mirbağırovla, Kubra xanım isə Miryusif Mirbabayevlə ailə qurub.

 

Ruqiyyə xanımın həyat yoldaşı Mirhüseyn Mirbağırov 1896-cı ildə İrəvanda anadan olub, İrəvan Kişi Gimnaziyasında təhsil alıb, Moskva Ticarət İnstitutunun iqtisadiyyat fakültəsini bitirib, 1944-cü ildə dissertasiya müdafiə edib, uzun illər Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb.

 

Mənbələrə əsasən, təkcə 1916-1918-ci illərdə qızlar gimnaziyasını 36 azərbaycanlı qız bitirib.  İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, həmin gimnaziyada şəriət və Azərbaycan dili dərslərini İrəvan Kişi Gimnaziyasının məzunu  Haşım bəy Nərimanbəyov tədris edib.

 

Azərbaycanda tanınmış Nərimanbəyovlar soyundan olan Haşım bəy Nərimanbəyov 1859-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. İbtidai təhsilini molla yanında alıb, İrəvan  gimnaziyasında oxuyub, sonra seminariyaya qəbul olub. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra isə orada qalıb, müəllim və məktəb direktoru işləyib. H.Nərimanbəyov kollec qeydiyyatçısı mülki çini (rütbəsi) alıb.

 

Gimnaziyanın məzunlarından biri də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri,  Cümhuriyyət Parlamentinin,  AXC Milli Şurasının  və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü  Nəriman bəy Nərimanbəyov olub.

 

Haşım bəy Nərimanbəyovun oğlu olan Nəriman bəy 1889-cu ildə Şuşa şəhərində anadan olub. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan Gimnaziyasında alıb, Moskva Dövlət Universitetinin  fizika-riyaziyyat fakültəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxuyub. 1915-ci ildə ali təhsilini başa vuraraq Azərbaycana qayıdan Nəriman bəy burada vəkil olaraq çalışıb. 1920-ci ilin aprel işğalından sonra N.Nərimanbəyov təqiblərə məruz qalıb. 1937-ci il repressiyaları zamanı o Solovki əsir düşərgəsinə sürgün edilib və orada həlak olub.

 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanda tanınmış Şahtaxtinskilər soyundan olan Hüseynağa Şahtaxtinski də İrəvan Kişi Gimnaziyasını bitirib.

 

Müəllifin xatirələrindən: Faktlar, insanlar, hadisələr. Bu soyaddan olan görkəmli publisist, alim və ictimai xadim İsa Sultan Şahtaxtinskinin qızı Leyla Şahtaxtinskaya Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qız olub. H.Z.Tağıyevin vəsaiti ilə o, 1904-cü ildə İsveçrə Tibb Universitetinə daxil olub, lakin təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat edib. “Molla Nəsrəddin” jurnalı Leyla Şahtaxtinskayanın ölümü ilə əlaqədar nekroloq dərc edib.

 

Yazıçı-publisist, maarifçi-pedaqoq, dramaturq, teatr xadimi və teatr tənqidçisi, tərcüməçi, ictimai xadim Sultanov Eynəli bəy Çölü bəy oğlu (1866-1935) Naxçıvan şəhərində anadan olub, 1880-1886-cı illərdə İrəvan Kişi Gimnaziyasında təhsil alıb. O, burada rus, latın, yunan dillərini öyrənib, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və digər fənləri dərindən mənimsəyib. Sonralar bir çox xarici dilləri bilməyi onu tərcüməçilik fəaliyyəti ilə də məşğul olmağa sövq edib. Maraqlıdır ki, o, gimnaziyada oxuduğu illərdə Qori Seminariyasının məzunu şuşalı Firidun bəy Köçərli də müəyyən müddət Eynəli bəyə dərs deyib.

 

İrəvan quberniyasının vitse-qubernatoru İsmayıl bəy Qazıyevin oğlu Məmməd bəy Qazıyev İrəvan Gimnaziyasını qızıl medalla bitirən ilk məzundur. O, sonralar Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və müxtəlif vəzifələrdə çalışıb. Yeri gəlmişkən, İsmayıl bəyin digər oğlu Yusif bəy də İrəvan Gimnaziyasının məzunu olub.

 

Şübhəsiz, İrəvan Kişi Gimnaziyası Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə, mədəniyyətinə, incəsənətinə bir çox görkəmli şəxsiyyətləri bəxş edib. İctimai xadim, professor, Əməkdar elm xadimi Həsən Seyidov, böyük bəstəkarımız, Azərbaycan SSR Xalq artisti, dirijor  Səid Rüstəmov, akademik, sərqşünas alim Heydər Hüseynov, həmçinin tanınmış şəxslərdən Maqsud Məmmədov, Mehdi Kazımov, Mirabbas Mirbağırzadə, Mehdi bəy Məlikaslanov, Ələkbər bəy Qədimbəyov və digərləri də İrəvan Gimnaziyasının məzunları olublar.

 

İrəvan Kişi Gimnaziyasının məzunlarının bir qismi qəza məktəblərində müəllim işləyib, bir qismi isə Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdiriblər.

 

Açığını desək, İrəvan Gimnaziyasının fəaliyyəti və məzunları barədə ən qısa məlumat üçün bir-iki qəzet səhifəsi belə yetərli deyildir. Lakin etiraf etmək lazımdır ki, bu mövzuda azərbaycanlı alimlər tərəfindən fundamental tədqiqatların aparılmasına, çoxsaylı mütəxəssis məqalələrinin dərc olunmasına baxmayaraq, əvvəlki məlumatlara əsaslanmaqla həmin istiqamətdə araşdırmaların davam etdirilməsinə  ciddi ehtiyac vardır. Burada, fikrimizcə, İrəvan gimnaziyasını bitirənlərin tam siyahısının dəqiqləşdirilməsinə, avtobioqrafik məlumatlarının zənginləşdirilməsinə, eyni zamanda haqqında hər hansı mötəbər məlumat olmayan məzunların sonrakı taleyinin öyrənilməsinə də xüsusi diqqət yetirilməlidir.

 

Bundan əlavə, 2024-cü ildə İrəvan Qız Gimnaziyasının yaradılmasının 140 illik yubileyinin tamam olacağını nəzərə alaraq, bu yubiley tarixi ilə bağlı müvafiq tədbirlərin keçirilməsi barədə də düşünmək lazımdır.

 

Bəllidir ki, 2021-ci ildə İrəvan Kişi Gimnaziyasının yaradılmasının 140 illiyi tamam oldu. Amma koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərə görə bu yubiley tarixinin lazımi səviyyədə qeyd olunmasını təşkil etmək mümkün olmadı. Buna görə də yaxın aylarda müvafiq tədbirlərin - qısa sənədli filmlərin çəkilməsi, elmi-praktik konfransların, “dəyirmi masa”ların, televiziya verilişlərinin təşkili məsələlərinə baxılmasını məqsədəuyğun hesab edirik.

 

Bununla belə, İrəvan Gimnaziyasının tarixi ilə bağlı xarici dillərdə məqalələrin, məlumatların yayılması da qarşıya qoyulan məqsədlərə çatmaq üçün vacib amillərdən olardı. Bu materialları xaricdə fəaliyyət göstərən səfirliklərimizə və beynəlxalq təşkilatlara, həmçinin Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq edən xarici universitetlərə göndərmək lazımdır.

 

Təbii ki, yuxarıda qeyd olunan tədbirlərin hazırlanması və keçirilməsi üçün bütün maraqlı təşkilatların və Qərbi Azərbaycan İcmasının nümayəndələrinin iştirakı ilə kompleks tədbirlər planı hazırlanmalıdır. Tədbirlər hazırlanarkən o dövrdə İrəvan Gimnaziyasında işləmiş və məzun olmuş şəxslərin, o cümlədən xaricdə yaşayanların yaxın qohumlarının dəvət edilməsinin nəzərdə tutulması da ümumi məqsədə xidmət edərdi.

 

Bu məqaləni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqindən bir fikri ilə yekunlaşdırmaq istərdim:  “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix,  sənədlər və xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.

 

Rövşən AĞAYEV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü