Beynəlxalq İnformatika Olimpiadasının qaliblərinin uğur hekayələri


Bu dəfə  sevindirici xəbər Macarıstandan gəldi. Macarıstanın Seged şəhərində 28 avqust - 4 sentyabr  tarixlərində keçirilmiş  35-ci Beynəlxalq İnformatika Olimpiadasına qatılmış şagirdlərimiz  növbəti uğura imza atıblar.  Şagirdlərimiz  1 bürünc medal və 2 həvəsləndirici mükafatla  vətənə dönüblər. Gəlin onların uğur hekayələri ilə tanış olaq.

 

“Müəllimlərimin əziyyətini nəticəsiz qoymadım”

 

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev müxtəlif illərdə informatika üzrə respublika fənn  olimpiadalarında  yüksək  nəticə göstərərək 3 qızıl, 3 gümüş, 4 bürünc medal əldə edib. İstedadlı gənc “Azərbaycan müəllimi”nə bildirib ki,  olimpiadalarda, ümumiyyətlə,  imtahanlarda  uğur qazanmaq  üçün  öncə bilikli və iradəli olmaq lazımdır. Eyni zamanda, qarşına  qoyduğun məqsədə çatmaq üçün   çox çalışmalısan: “Hər gün 6-7 saat dərslərimlə məşğul oluram. Dərslərimə daha çox vaxt ayırmağa çalışıram. Olimpiadalarda iştirak edərkən  çox sərbəst  oluram. Bütün sualları cavablandırmağa çalışıram.  Liseyimizin müəllimləri olduqca tələbkar və məsuliyyətlidirlər. Tələbkarlıq olan yerdə də uğur  yüksək olur. Mən də müəllimlərimin əziyyətini nəticəsiz qoymadım”.

 

Beynəlxalq müsabiqələrdə qazandığı uğurlar  onda arxayınlıq  yaratmır. Əksinə,  məsuliyyətini birə-beş artırır.  Özünü sistemli şəkildə hazırlamağın üstünlüklərini deyən medalçımız sözlərinə əlavə edib:  “Dərk edirəm ki, yüksək nəticə göstərmək psixoloji hazırlıqdan da çox asılıdır. Mən bu baryeri aşmasaydım, bəlkə də  uğurlarım olmazdı... Belə ki, 35-ci Beynəlxalq İnformatika Olimpiadasında  bürünc medal  qazana bilməzdim”.

 

“ADA-ya qəbul olmaq ən böyük arzum idi”

 

Bakı şəhəri  245 nömrəli tam orta məktəbin məzunu Sahib Əliyev bilik yarışlarında həmişə özünə güvənən gənclərimizdəndir: “Respublika fənn olimpiadasında qızıl medal, 35-ci Beynəlxalq İnformatika Olimpiadasında həvəsləndirici mükafata layiq görülməyim məni daha da ruhlandırdı. Mən öz gücümə güvəndim, uğur qazandım və arzumu reallaşdırdım. Artıq  tələbə adını qazandım. ADA Universitetinin Kompüter elmləri  fakültəsinə qəbul oldum. ADA-ya qəbul olmaq ən böyük arzum idi. Bu ali təhsil ocağı  müasir  texnologiyalarla zəngindir,  dərslər ingilis dilində keçirilir və s. Məhz elə bu üstünlükləri də məni  “ADA”-nı seçməyə ruhlandırdı”. ADA-da alacağı təhsilin  onu  daha  yüksək zirvələrə apardığına inanır. Azərbaycanın ən öndə gedən kadrlarından  biri olacağına əmindir. Gələcəkdə  isə özünü yüksəkixtisaslı kadr kimi, işinin peşəkarı olaraq oxuduğu təhsil ocağının adını yüksəklərə qaldırmaq  arzusundadır: “Bunun üçün də  gecəmi-gündüzümə qatıb çalışmalıyam. Mən bu məsuliyyəti  dərindən dərk edirəm. Hər kəs çalışdığı sahənin mahir bilicisi olmalıdır. Belə olarsa, işinə də yüksək qiymət verilər və karyeran  da pillə-pillə öz  yerini dəyişər”. 

 

“Müəllimlərimə borcluyam”

 

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin  məzunu Fidan Hüseynova da olimpiada sevincini bizimlə bölüşür: “Hər bir məzun tələbə adını qazanmaq üçün səylə çalışmalıdır. Vaxtını  boş  keçirməməlidir, oxumalıdır, yenə də oxumalıdır. Məzunlarına düzgün addım atmağı öyrədən,  Azərbaycanın  gələcəyi üçün layiqli vətəndaşlar yetişdirən müəllimlərimə borcluyam”. 11-ci sinif  buraxılış imtahanlarından 287 bal toplayan Fidanın  müəllimləri uğurlarını görəndə sevinci yerə-göyə sığmayıb...  Respublika fənn olimpiadasında 8- ci sinifdən iştirak etməyə başlayıb. Müxtəlif illərdə  beynəlxalq olimpiadalarda  iştirak edərək 5 qızıl medal,  dəfələrlə gümüş və bürünc medallar qazanıb... “Birincilərin  birincisi” olub.

 

Beynəlxalq İnformatika Olimpiadasında həvəsləndirici sertifikata layiq görüldüyünü qürurla vurğulayan Fidan təhsilini Birləşmiş Krallığın dünya reytinq sıralamasında 9-cu yerdə olan UCL-də (Universal College London) davam etdirəcəyini deyir. “Çox sevincliyəm, oxuduğum illər ərzində zəhmətim hədər getməyib. I sinifdən XI sinfə qədər dərs proqramlarını tam mənimsədikdən sonra özümə güvəndim. Düşünürəm ki, burada alacağım təhsil məni dərin biliklərə yiyələndirəcək”.

 

Sifai SƏFƏROVA