Olimpiada həyəcanı, medal sevinci | |
Bu dəfə sevindirici xəbər Macarıstandan gəldi. Macarıstanın Seged şəhərində 28 avqust - 4 sentyabr tarixlərində keçirilmiş 35-ci Beynəlxalq İnformatika Olimpiadasına qatılmış şagirdlərimiz növbəti uğura imza atıblar. Şagirdlərimiz 1 bürünc medal və 2 həvəsləndirici mükafatla vətənə dönüblər. Gəlin onların uğur hekayələri ilə tanış olaq.
“Müəllimlərimin əziyyətini nəticəsiz qoymadım”
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev müxtəlif illərdə informatika üzrə respublika fənn olimpiadalarında yüksək nəticə göstərərək 3 qızıl, 3 gümüş, 4 bürünc medal əldə edib. İstedadlı gənc “Azərbaycan müəllimi”nə bildirib ki, olimpiadalarda, ümumiyyətlə, imtahanlarda uğur qazanmaq üçün öncə bilikli və iradəli olmaq lazımdır. Eyni zamanda, qarşına qoyduğun məqsədə çatmaq üçün çox çalışmalısan: “Hər gün 6-7 saat dərslərimlə məşğul oluram. Dərslərimə daha çox vaxt ayırmağa çalışıram. Olimpiadalarda iştirak edərkən çox sərbəst oluram. Bütün sualları cavablandırmağa çalışıram. Liseyimizin müəllimləri olduqca tələbkar və məsuliyyətlidirlər. Tələbkarlıq olan yerdə də uğur yüksək olur. Mən də müəllimlərimin əziyyətini nəticəsiz qoymadım”.
Beynəlxalq müsabiqələrdə qazandığı uğurlar onda arxayınlıq yaratmır. Əksinə, məsuliyyətini birə-beş artırır. Özünü sistemli şəkildə hazırlamağın üstünlüklərini deyən medalçımız sözlərinə əlavə edib: “Dərk edirəm ki, yüksək nəticə göstərmək psixoloji hazırlıqdan da çox asılıdır. Mən bu baryeri aşmasaydım, bəlkə də uğurlarım olmazdı... Belə ki, 35-ci Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal qazana bilməzdim”.
“ADA-ya qəbul olmaq ən böyük arzum idi”
Bakı şəhəri 245 nömrəli tam orta məktəbin məzunu Sahib Əliyev bilik yarışlarında həmişə özünə güvənən gənclərimizdəndir: “Respublika fənn olimpiadasında qızıl medal, 35-ci Beynəlxalq İnformatika Olimpiadasında həvəsləndirici mükafata layiq görülməyim məni daha da ruhlandırdı. Mən öz gücümə güvəndim, uğur qazandım və arzumu reallaşdırdım. Artıq tələbə adını qazandım. ADA Universitetinin Kompüter elmləri fakültəsinə qəbul oldum. ADA-ya qəbul olmaq ən böyük arzum idi. Bu ali təhsil ocağı müasir texnologiyalarla zəngindir, dərslər ingilis dilində keçirilir və s. Məhz elə bu üstünlükləri də məni “ADA”-nı seçməyə ruhlandırdı”. ADA-da alacağı təhsilin onu daha yüksək zirvələrə apardığına inanır. Azərbaycanın ən öndə gedən kadrlarından biri olacağına əmindir. Gələcəkdə isə özünü yüksəkixtisaslı kadr kimi, işinin peşəkarı olaraq oxuduğu təhsil ocağının adını yüksəklərə qaldırmaq arzusundadır: “Bunun üçün də gecəmi-gündüzümə qatıb çalışmalıyam. Mən bu məsuliyyəti dərindən dərk edirəm. Hər kəs çalışdığı sahənin mahir bilicisi olmalıdır. Belə olarsa, işinə də yüksək qiymət verilər və karyeran da pillə-pillə öz yerini dəyişər”.
“Müəllimlərimə borcluyam”
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova da olimpiada sevincini bizimlə bölüşür: “Hər bir məzun tələbə adını qazanmaq üçün səylə çalışmalıdır. Vaxtını boş keçirməməlidir, oxumalıdır, yenə də oxumalıdır. Məzunlarına düzgün addım atmağı öyrədən, Azərbaycanın gələcəyi üçün layiqli vətəndaşlar yetişdirən müəllimlərimə borcluyam”. 11-ci sinif buraxılış imtahanlarından 287 bal toplayan Fidanın müəllimləri uğurlarını görəndə sevinci yerə-göyə sığmayıb... Respublika fənn olimpiadasında 8- ci sinifdən iştirak etməyə başlayıb. Müxtəlif illərdə beynəlxalq olimpiadalarda iştirak edərək 5 qızıl medal, dəfələrlə gümüş və bürünc medallar qazanıb... “Birincilərin birincisi” olub.
Beynəlxalq İnformatika Olimpiadasında həvəsləndirici sertifikata layiq görüldüyünü qürurla vurğulayan Fidan təhsilini Birləşmiş Krallığın dünya reytinq sıralamasında 9-cu yerdə olan UCL-də (Universal College London) davam etdirəcəyini deyir. “Çox sevincliyəm, oxuduğum illər ərzində zəhmətim hədər getməyib. I sinifdən XI sinfə qədər dərs proqramlarını tam mənimsədikdən sonra özümə güvəndim. Düşünürəm ki, burada alacağım təhsil məni dərin biliklərə yiyələndirəcək”.
Sifai SƏFƏROVA |
|
15.09.2023 | 17:08 | |
|
|
|