Bu yazıda məqsədimiz İrəvan Gimnaziyası haqqında yazılmış çoxsaylı kitab, məqalə və s. nəşrlərdə əksini tapmış müxtəlif tarixi faktlara, gimnaziyada işləmiş və onun məzunlarından olmuş görkəmli şəxsiyyətlər haqqında məlumatlara yenilik gətirməkdən ibarət deyil. Əsas məqsədimiz Azərbaycanın görkəmli dövlət xadimlərinin, bir sıra alim və mütəxəssislərin, o cümlədən Əsgər Zeynalov, Nazim Mustafa, İbrahim Bayramov, Həsən Bayramov, Fərrux Rüstəmov, Hümeyir Əhmədov, Cəlal Allahverdiyev, Əli Adıgözəlov və başqalarının tədqiqatlarına və analitik yazılarına, həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının müvafiq sənədlərinə əsaslanaraq, 2021-ci ildə 140 yaşı tamam olmuş İrəvan Gimnaziyasının - təhsil tariximizin şərəfli səhifələrinin yazıldığı möhtəşəm maarif ocağının fəaliyyəti haqqında müfəssəl məlumat verməyə iddia etmədən, öz baxış prizmamızdan bir sıra fakt və epizodlar haqqında söz açmaqla bəzi fikir və mülahizələrimizi geniş oxucu kütləsi ilə bölüşməkdir.

 

Əvvəlcə bu maarif ocağının yaranması və fəaliyyəti ilə bağlı bir neçə vacib məqamı qeyd etmək istərdim.

 

İrəvan Kişi Gimnaziyası - 14 yanvar 1832-ci ildə açılan ikisinifli İrəvan qəza məktəbi, 1839-cu ildə üçsinifli qəza məktəbinə,  1869-cu ildə isə dördsinifli progimnaziyaya, nəhayət, 31 mart 1881-ci il tarixindən isə səkkizsinifli İrəvan Kişi Gimnaziyasına çevrilmişdir.

 

1881-ci ildə açılmış İrəvan Kişi Gimnaziyasında ilk tədris ilində 231 şagird təhsil almışdır ki, onlardan 37 nəfəri azərbaycanlı idi. 1883-cü ildə gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Gimnaziyanın tərkibində əsaslı və şagird kitabxanaları fəaliyyət göstərmişdir. Əsaslı kitabxanada 1178 adda 4096 cilddə, şagird kitabxanasında isə 428 adda kitab olmuşdur.

 

1 yanvar 1883-cü ilə olan məlumata görə, İrəvan Gimnaziyasında təhsil alan şagirdlərin sayı 231 olmuşdur. Bunlardan 212-si gəlib-gedən (pansionda qalmayan), 19-u isə gimnaziyanın yataqxanasında qalanlar idi. Şagirdlərdən 37-si azərbaycanlı, 33-ü rus, 7-si gürcü, 151-i erməni, 1-i yəhudi və 2-si alman idi.  Gimnaziyada təhsil müddəti 8 il olmuşdur. Burada həftədə 14 saat Azərbaycan dili, 5 saat isə şəriət dərsi tədris edilirdi. Azərbaycan dili bütün siniflərdə müxtəlif millətlərdən olan şagirdlərə öyrədilirdi. Gimnaziyanın Azərbaycan dili müəllimi görkəmli pedaqoq Mirzə Ələkbər Elxanov olmuşdur.

 

Eyni zamanda, bu tədris ocağında hesab, həndəsə, coğrafiya, tarix, təbiət elmləri və rus, fransız, alman dilləri, xəttatlıq, musiqi, işgüzar münasibətlər fənləri də tədris edilirdi. Gimnaziyaya qəbul olmaq istəyənlər əvvəl onun nəzdində fəaliyyət göstərən hazırlıq sinfində oxumalı idilər.

 

Artıq qeyd edildiyi kimi, 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurdu və ilk buraxılış ili olan 1885-ci ildə onlardan 36 nəfəri bu təhsil ocağını bitirmişdir. Gimnaziyada şəriət dərslərini və Azərbaycan dili fənnini 1885-1895-ci illərdə görkəmli maarifçi Firidun bəy Köçərli, 1895-1905-ci illərdə İsmayıl bəy Şəfibəyov, 1905-1906-cı illərdə Mirzə Məhəmməd Şeyxzadə, 1907-1918-ci illərdə Şeyx Abusəttar Kazımov tədris etmişlər. 1915-ci ildə burada 141 azərbaycanlı təhsil alırdı. Ümumiyyətlə, 1881-1916-cı illərdə İrəvan Kişi Gimnaziyasını 582 azərbaycan türkü bitirmişdir.

 

Gimnaziyanın ilk müəllimlərindən olmuş böyük mütəfəkkir Firidun bəy Köçərli 1863-cü ildə Şuşa  şəhərində doğulmuşdur. 1876-cı ildə Şuşadakı rus  məktəbinə daxil olmuş, 1879-1885-ci illər ərzində Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış və təhsilini bitirdikdən sonra İrəvan Gimnaziyasına təyinat almışdır. 1890-cı ilə qədər gimnaziyada həm müsəlman şöbəsinin müdiri, həm də Azərbaycan dili və hüsnxətt fənlərini tədris etmiş, gimnaziyanın tərkibində pansionun müdiri vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona “Kollecski sekretar”, “Titulyar sovetnik” və “Statski sovetnik” rütbələri verilmişdir. 1893-1894-cü illərdə yenidən həmin gimnaziyada fəaliyyət göstərmişdir. Firidun bəy İrəvan Gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-türkü” adlı dərslik tərtib etmişdir. 1891-ci ildə “Təlimati-Sokrat” adlı fəlsəfi əsərin nəşrinə nail olmuşdur. 1895-ci ildə F.Köçərli İrəvan Gimnaziyasından Qori Müəllimlər Seminariyasına köçürülmüşdür. 1900-cü ildə Ümumdünya Paris sərgisində Qori Seminariyasından nümayiş etdirilən eksponatlar sırasına F.Köçərlinin kitabları da daxil edilmişdir. 1918-ci ildə Qori Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürülmüş və onun əsasında Qazax Müəllimlər Seminariyası yaradılmış və  Firidun bəy onun direktoru təyin olunmuşdur.

 

İsmayıl bəy Məşədi Məmməd bəy oğlu 1859-cu ildə Şuşa şəhərində doğulmuş, Şuşa Real məktəbini bitirmişdir. 1880-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuş və 1887-ci ildə təhsilini bitirdikdən sonra Şuşa qəzasının Gülablı kəndində və İrəvan Kişi Gimnaziyasında nümunəvi pedaqoji xidmət göstərmişdir. 1895-ci ildə F.Köçərli Zaqafqaziya Müəllimlər Seminariyasına müəllim təyin olunduqdan sonra iyirmi üç il İrəvan Gimnaziyasında fəaliyyət göstərmişdir.

 

Azərbaycanlı uşaqlara ana dilinin tədrisi üçün dərslik yazılmasının ilk təşəbbüskarı olmuş Mirzə Ələkbər Elxanov İrəvan Gimnaziyasında 30 ilə qədər Azərbaycan dili fənnini tədris etmişdir. Onun səs üsulu ilə tərtib etdiyi “Vətən dili” dərsliyi XIX yüzilliyin 80-ci illərində Rusiya Xalq Maarif Nazirliyində müzakirə edilərək çapa tövsiyə edilmişdir. Təəssüf ki, çapa hazır olan həmin dərslik M.Ə.Elxanovun sağlığında işıq üzü görməmişdir. Ümumiyyətlə, İrəvan Gimnaziyasının Azərbaycan dili müəllimləri Firidun bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Mirzə Ələkbər Elxanov və başqalarının bu sahədəki xidmətləri unudulmazdır.

 

İrəvan Gimnaziyasının məzunları haqqında da yığcam məlumat vermək yerinə düşərdi. Görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmməd Kərim oğlu Əliyev  və tanınmış ictimai və dövlət xadimi, akademik, cərrah Mustafa bəy Ağabəy oğlu Topçubaşov bu təhsil ocağının məzunlarından olmuşlar.

 

İrəvan Gimnaziyasını bütün fənlər üzrə əla qiymətlərlə bitirən Əziz Məmməd Kərim oğlu Əliyev 1917-ci ildə Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Peterburq Hərbi-Tibb Akademiyasına göndərilmiş və burada təhsil almışdır. 1923-cü ildən təhsilini Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində davam etdirmiş və təhsilini bitirdikdən sonra universitetin daxili xəstəliklər kafedrasında saxlanılmışdır.

 

Əziz Əliyev Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirmiş və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunmuşdur. 1929-1932-ci illərdə o, Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir. Sonrakı illərdə Xalq Səhiyyə Komissarlığının müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının müavini, Xalq Səhiyyə Komissarı vəzifələrində çalışmışdır. İrəvan Gimnaziyasının son qızıl medalçısı olmuş Əziz Əliyev 1935-ci ildə namizədlik, iki il sonra isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

 

1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir. O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) PMK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləmişdir. Onun fəaliyyəti milli tariximizə əbədi həkk olunmuşdur.

 

Azərbaycanda tibb təhsilinin və səhiyyənin təşkilatçılarından, eləcə də cərrahlıq elmi məktəbinin banilərindən biri olmuş Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan olmuşdur. M.A.Topçubaşov 1904-cü ildə İrəvan Kişi Gimnaziyasına daxil olmuş və bu təhsil ocağını bitirdikdən sonra Kiyev Universitetinin tibb fakültəsinə qəbul olunmuşdur. 1919-cu ildə təhsilini başa vurmuş gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrah kimi fəaliyyət göstərmişdir. 1919-cu ildə yaradılan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində ilk müəllimlərdən olmuşdur.

 

1920-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, assistent işləmişdir. 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əməkdar elm xadimi adını almış M.Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının fəxri üzvü seçilmiş, müxtəlif illərdə Azərbaycan SSR Akademiyasının vitse-prezidenti vəzifəsində çalışmış, Azərbaycan SSR Ali Sovetinə başçılıq etmişdir. SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü və Bolqarıstan Elmlər Akademiyasının fəxri üzvü olmuş Mustafa bəy 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

 

İrəvan Gimnaziyasının tanınmış məzunlarından olmuş görkəmli elm xadimi Mehdi Məhəmməd oğlu İrəvanski 1898-ci ildə İrəvanda anadan olmuş, 1918-ci ildə İrəvan Gimnaziyasını, 1925-ci ildə isə Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. O, universitetdə təhsil alarkən türk, ərəb, fars və fransız dillərini öyrənmişdir. 1938-ci ildə qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri seçilmiş və həmin ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1959-cu ildə ona professor elmi adı verilmiş, bir il sonra isə dünyasını dəyişmişdir.

 

Adıçəkilən gimnaziya fəaliyyət göstərdiyi illərdə burada təhsil almış digər azərbaycanlı məzunlar da bu möhtəşəm təhsil ocağını bitirdikdən sonra Avropanın ən tanınmış universitetlərində təhsillərini davam etdiriblər. Onlardan Adil Abbasəli oğlu Muğanlinski 1889-cu ildə İrəvanda anadan olmuş, İrəvan Gimnaziyasını, 1919-cu ildə isə Azərbaycan Demokratik Respublikasının göndərişi ilə Almaniyanın Leypsiq Universitetinin tibb fakültəsini bitirmişdir. 1923-cü ildə Berlindən Parisə gəlmiş və bir daha Azərbaycana qayıda bilməmişdir.

 

Əsildar Abbasəli oğlu Muğanlinski 1900-cü ildə İrəvanda anadan olmuş, İrəvan Gimnaziyasını bitirmiş, 1919-cu ildə qardaşı Adillə Almaniyanın Leypsiq Universitetinə göndərilmiş, orada hüquq fakültəsini bitirərək 1927-ci ildə Azərbaycana qayıtmışdır. Azərbaycan Dövlət Bankında kassa planlaşdırılması qrupunun məsləhətçisi və müdiri vəzifəsində çalışmış və 1934-cü ildən Bakının ali məktəblərində alman dili müəllimi işləmişdir.

 

Akademik Əhməd Rəcəbli 1898-ci ildə İrəvanda anadan olmuş, İrəvan Gimnaziyasını bitirmiş, təhsilini İtaliyanın Peruca şəhərində davam etdirmişdir. Azərbaycan Milli Hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri olmuşdur. Vətəninə qayıdan Ə.Rəcəbli uzun illər sürgün həyatı yaşamış, həbsdən qurtulandan sonra Zaqatala Kənd Təsərrüfatı Texnikumunun direktoru, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kafedra müdiri, 1945-ci ildən ömrünün sonuna kimi Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Meyvəçilik və Subtropik Bitkilər İnstitutunda şöbə müdiri işləmişdir. Bir çox elmi əsərlərin yaradılmasında mühüm xidmətləri olmuşdur. 1935-ci ildə professor, 1958-ci ildə Azərbaycanda kənd təsərrüfatı ixtisası üzrə EA-nın akademiki adına layiq görülmüşdür.

 

Abbas ağa Fərəcov İrəvan Gimnaziyasını bitirdikdən sonra Almaniyanın Leypsiq Universitetində ali təhsil alıb doğma şəhəri İrəvana qayıtmış, xeyriyyə işləri ilə məşğul olmuşdur. A.Fərəcovun evi ziyalılar ocağı kimi fəaliyyət göstərmiş, onlar burada yığışıb elmi və ədəbi məsələləri müzakirə edərmişlər. Rus, erməni, alman, fars və ərəb dillərini mükəmməl bilən bu şəxs el arasında böyük nüfuza sahib imiş. Qırxbulaqdan İrəvana su çəkdirən üç nəfərdən biri olmuşdur.

 

Bəzi araşdırmalarda adı çəkilən Tağı Rzayev haqqında qeyd etmək lazımdır ki, o, 1916-cı ildə  İrəvan Kişi Gimnaziyasını bitirmiş və AXC Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini “Dağ mühəndisliyi” ixtisası üzrə davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir.

 

Təhsilini bitirdikdən sonra Bakıya qayıdaraq bir müddət Toxuculuq kombinatında işləmiş, Toxuculuq Sənayesi Komissarlığında şöbə rəisinin müavini olmuşdur.

 

Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim, Azərbaycan Milli Şurasının üzvü, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. O, 23 iyul 1890-cı ildə İrəvan Kişi Gimnaziyasını  gümüş medalla bitirdikdən sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almağa başlamışdır. 1896-cı ildə Varşava Universitetinin  hüquq fakültəsinə köçürülmüş və 1897-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini bitirdikdən sonra İrəvan bölgə məhkəməsində çalışmağa başlamışdır. Bir müddət Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ədliyyə naziri, hərbi  məhkəmənin sədri  vəzifələrində işləmişdir. 1918-ci il oktyabrın 20-dən noyabrın 6-dək və 1920-ci ilin fevral ayından Ermənistan Hökuməti yanında Azərbaycanın diplomatik nümayəndəsi olmuşdur. AXC-nin bolşeviklər tərəfindən işğal edilməsindən sonra erməni hökuməti tərəfindən Azərbaycanın İrəvandakı nümayəndəliyinin fəaliyyətinə son qoyulmuşdur. Ermənistan prokurorluğu diplomatik toxunulmazlığın aradan qaldırılmasından sonra Teymur bəyə qarşı cinayət işi açmış, lakin o, Gürcüstan nümayəndəsinin yardımı ilə gizli şəkildə İrəvanı tərk etmişdir.

 

Bakıya qayıtmış T.Makinski Azərbaycanın Xarici İşlər Komissarlığına yazdığı məlumatda diplomatik fəaliyyətlə məşğul olduğu dövrdə xərclənmiş vəsaitlərin dəqiq hesabatını vermiş və bununla da bolşevik hökuməti qarşısında maliyyə hesabatı verməklə, gələcəkdə ona qarşı irəli sürülə biləcək ittihamları önləməyə çalışmışdır. Onun bundan sonrakı həyatı barədə məlumat yoxdur.

 

Ümumiyyətlə, Makinski soyu Oğuz boylarından biri olan Bayat elindən çıxmış və onun böyük qollarından biri Cənubi Azərbaycanda  yerləşən Maku bölgəsində məskunlaşmışdır. Elin başçısı olan Əhməd sultan 1747-ci ildə Nadir şahın ölümündən sonra Makuya gələrək, burada Maku xanlığını yaratmış və “xan” titulunu qazanmışdır. Əhməd xan 1778-ci ildə vəfat etmişdir. Onun Hüseyn xan və Həsən xan adlı iki oğlu olmuşdur. Hüseyn xanın oğlanlarından biri İrəvan şəhərinə köçərək burada məskunlaşmışdır. Onun törəmələri xanlıq dönəmində Bayati-Maku (yəni “Maku bayatları, Makulu bayatlar”) kimi tanınır, rus üsul-idarəsi dövründə isə Makinski soyadı daşıyırmışlar.

 

İrəvanın məşhur zadəganı, 1862-ci ildə İrəvanda doğulmuş Hüseyn xan Bayatın nəticəsi Paşa xan Makinski 1884-cü ildə bir il İrəvan Gimnaziyasının fəxri himayədarı olmuşdur.

 

Müəllifin xatirələrindən: Faktlar, insanlar, hadisələr. “525-ci qəzet”in 23 may 2020-ci il tarixli nömrəsində dərc olunmuş “Makinski qardaşlarının Fransa həyatı” adlı  məqaləmdə Paşa xan  (Pavel) Makinski  və onun  ailəsi haqqında qısa məlumat verilmiş, oğlanları Kiril (Kərim xan) və Aleksandrın (İsgəndər xan) Fransa Müqavimət hərəkatının sıralarında İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə iştirakları barədə danışılmışdır.

 

Belə ki, Paşa xan Makinski 1917-ci ildə Rusiyanı tərk edərək əvvəl Varşavada sonralar isə Parisdə yaşamışdır. Uzun sürən xəstəlikdən sonra 1934-cü ildə vəfat etmiş və Paris yaxınlığındakı Sent-Jenevyev De Bua məzarlığında dəfn olunmuşdur.

 

Kiril (Kərim xan) Makinski (1910-1991-ci illərdə) müharibədən əvvəl Katolik İnstitutunda ingilis dili müəllimi işləmişdir. Almanların Fransaya gəlişi ilə institut bağlanmışdı. İkinci Dünya müharibəsinin əvvəlində Kiril Makinski könüllü olaraq Fransa Xarici Legionuna qoşulmuşdu. Kərim xan milliyyətcə rus qadınla ailə qurmuş, onun Mişel adlı oğlu olmuşdur. Mişel Belçika əsilzadələrindən olan bir xanımla ailə qurmuş və bu izdivacdan Nadejda, Pyer və Pavel adlı övladları doğulmuşdur. Hazırda onlar Parisdə yaşayırlar.

 

(Ardı var)

 

Rövşən AĞAYEV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü