Azərbaycan təhsilinin intibahı tariximizdə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi dövrə təsadüf edir. Ulu Öndərin ən böyük xidmətlərindən biri Azərbaycan təhsil sisteminin yerli kadrlar hesabına milliləşdirilməsi idi.

 

Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyət illəri xalqımızın tarixində dönüş nöqtəsi olub, ölkəmizdə ilk növbədə, təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, quruculuq və tərəqqi dövrü kimi xarakterizə edilir.

 

Ulu Öndər XX əsrin 70-ci illərinin başlanğıcından etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük bir şəxsiyyətdir. Heydər Əliyev uzaqgörən və müdrik siyasəti sayəsində kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurlarının bünövrəsini qoymuşdur. 

 

Azərbaycan təhsilinin özəyini təşkil edən ümumi təhsilin qarşısında XX əsrin 60-cı illərinin sonlarında yeni vəzifə- ümumi icbari orta təhsilə keçmək məsələsi qoyuldu, lakin bu qərarın verilməsi dövründə icbari təhsilin bu pilləsinin maddi-texniki və kadr təminatı zəif idi. Çünki təhsildə çalışan müəllimlərin yalnız 45 faizi ali təhsilli idi. Məktəblərin sayı az idi. Mövcud infrastruktur dövrün tələblərinə cavab vermirdi. Belə bir dövrdə, belə bir şəraitdə respublikamıza rəhbər seçilən Heydər Əliyev ölkədə sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz təhsildən, maarifdən keçdiyini dərindən hiss edərək, əsas diqqəti bu sahəyə yönəltdi.

 

Respublikada bu sahənin inkişafına nail olmaq məqsədilə dövlət başçısının imzaladığı “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972); “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973) qərarlar mühüm rol oynadı. Qərarların qəbulundan sonra onların dönmədən həyata keçirilməsi təmin edildi ki, bu da qısa bir vaxtda ümumi təhsilin inkişafında əsaslı kəmiyyət və keyfiyyət dəyişmələri ilə nəticələndi.

 

XX əsr Azərbaycan tarixinin böyük nailiyyətlərindən biri ölkəmizdə müasir tipli tədris-tərbiyə müəssisələrinin formalaşması sayıla bilər, bu sahənin hərtərəfli inkişafı Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır.

 

Heydər Əliyevin təhsil sahəsində sovet dövründəki fəaliyyəti, əsasən, aşağıdakı istiqamətləri əhatə edirdi:

 

Azərbaycan SSR-in maarif sisteminin ştat heyəti yerli kadrlar hesabına milliləşdirilir, respublikanın hər yerində, xüsusən kənd yerlərində müasir tipli məktəblər inşa edilir, müəllimlərə qayğı göstərilir, müəllimlərin işə təyinat sistemi genişləndirilir, təyinatla kənd yerlərində işləyən müəllimlərə mənzil kirayə haqqı verilir və digər güzəştlər edilir, gənclərin ali təhsil almalarına şərait yaradılır, kənd yerlərini mütəxəssislərlə təmin etmək məqsədilə gənclər ali məktəblərə müsabiqədənkənar qəbul etdirilir, ali təhsil ocaqlarının sayı artırılır, onların maddi-texniki bazası gücləndirilir, Azərbaycan təhsilinin qabaqcıl dünya ölkələrinin təhsil sistemi ilə əlaqəsini qurmaq və genişləndirmək üçün səylər göstərilirdi. 

 

Heydər Əliyev, ilk növbədə, Azərbaycan SSR Maarif Nazirliyinin tərkibini milliləşdirməyə uğurla nail oldu. Yüksəkixtisaslı kadrlara tələbat artırıldı. Azərbaycanlı təhsil işçilərinin nazirlik sistemində işə qəbulu gücləndirildi. İşdə nöqsanlara yol verənlər tutduqları vəzifələrdən azad edilirdilər. Xalq maarifi müəssisələrinin saxlanılmasına ayrılan xərclər 1969-cu ildən başlayaraq hər il daim artırılırdı. 

 

1969-cu ilin sentyabrında respublikamızda 120 yeni məktəbin açılışı olmuşdur. 1969-cu ildən 1982-ci ilə qədər olan dövrdə Azərbaycanda məktəb binalarının tikilməsi və uşaqların məktəblərə cəlb edilməsi daim yüksələn xətlə inkişaf etmişdir. Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldikdən az sonra Azərbaycanda olan orta məktəblərin ümumi sayı 1130-a çatdırıldı. Həmin tədris ilinin başlanğıcında 1mln. 130 min şagird dərsə başlamışdır.

 

Azərbaycan Respublikasında 1971-ci ildə 1905 səkkizillik, 1303 orta məktəb fəaliyyət göstərirdi. 1972-ci il sentyabr ayında verilən məlumata görə, 1382 orta və 1843 səkkizillik məktəb öz şagirdlərini qəbul etmişdi. Göstərdiyimiz rəqəmlər əvvəlki illərlə müqayisədə xalq maarifi sahəsində böyük sıçrayış demək idi. Təhsildə belə inkişafa respublika rəhbərliyinin xalq maarifinə, ümumi təhsilin inkişafına bilavasitə qayğısı nəticəsində nail olunmuşdur.

 

Azərbaycanlı qızların məktəbə cəlb edilməsinə xüsusi diqqət yetirilməsi nəticəsində təhsil sistemində təhsilli qadınların xüsusi çəkisi sürətlə artırdı. Azərbaycan qadınları respublikanın ictimai-siyasi və təsərrüfat həyatında mühüm rol oynayırdılar. Artıq 1978-ci ildə Azərbaycanda 770 min  ali və orta təhsilli qadın var idi.  

 

Təhsilin keyfiyyətini yüksəltmək üçün respublika rəhbəri Heydər Əliyev həm kadr siyasətini, həm də yeni məktəb binalarının tikintisini diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev bu məsələləri Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin büro iclaslarında hərtərəfli, geniş müzakirə obyektinə çevirir və bununla bağlı qəti qərarlar qəbul edirdi.

 

Heydər Əliyevin sədrliyi ilə 1973-cü il avqustun 28-də keçirilən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunun iclasında respublika ərazisində yeni məktəb binalarının tikintisinə dair qərar qəbul edildi. Bu qərara əsasən 1977 və 1980-ci illərdə 276 min şagird yeri olan müasir tipli məktəb binaları tikilməli idi.

 

1969-1978-ci illərdə Azərbaycanda orta məktəblərin sayı artmış, ucqar kəndlərdə kənd məktəblərinin sayı 680-dən 1264-ə çatdırılmışdır. 1979-cu ilin siyahıya alınmasına görə şəhər əhalisinin savadlılığı 100%, kənd əhalisinin savadlılığı isə 99% təşkil edirdi.

 

1970-1980-ci illərdə respublikada aparılan güclü məktəb tikintisi ikinci növbədə oxuyanlar üzrə göstəricinin yaxşılaşdırılmasına təkan verdi. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdisə, 1975-ci ildə 48200 nəfərlik 100 məktəb binası inşa edilmişdi. Nəticədə şagirdlərin 2-ci növbədə oxumaq göstəricisi 1978-ci ildə 30,8%-ə, 1980-cı ildə 28,1%-ə, nəhayət, 1985-ci ildə isə 24,9%-ə çatdırıldı ki, bununla da şagirdlərin 75,1%-nin 1-ci növbədə təhsil almaq imkanı əldə edildi. Heydər Əliyev Azərbaycan müəllimlərinin XI qurultayındakı çıxışında qeyd edir ki, 1979, 1980-1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün şəraiti olan məktəb binaları tikilmişdi. Bu da hər il üçün 50-60 məktəb binasının tikintisi demək idi. Həmin illərdə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 350 mindən çox şagird yeri olan 849 məktəb binası tikilib istifadəyə verilmişdi. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ilin əvvəllərində 710 min nəfərədək, məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1969-1982-ci illərdə 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı isə 110 mindən 147 minə qədər artmışdı.

 

Aparılan genişmiqyaslı işlər nəticəsində 1979-cu ildə ümumtəhsil məktəblərinin şəbəkəsi 1965-ci illə müqayisədə üç dəfədən çox artaraq 765-dən 2117-yə qədər yüksəlmişdir. Bu dövrdə 1145 ibtidai məktəb orta məktəbə çevrilmişdir. Ümumi təhsil sahəsində aparılan kardinal işlərdən biri təhsilin məzmununu özündə əks etdirən dərslik məsələsi olmuşdur. 1978-ci ildən ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklə təminatı pulsuz həyata keçirilmişdir.

 

Məktəblərdə ayrı-ayrı fənlər üzrə fənn kabinələrinin təminatı bu illərdə əsaslı şəkildə tam başa çatdı. Məktəblərin texniki və elmi-metodik vasitələrlə təminatı da xeyli yüksəlmişdir.

 

Heydər Əliyev azərbaycanlıların harada yaşadıqlarından asılı olmayaraq, əhalinin aşağı və orta deyil, yüksək təbəqəsində mövqe tutmasını arzulayırdı. O belə hesab edirdi ki, azərbaycanlı mütəxəssislər Azərbaycanın milli sərvətidir.

 

Azərbaycan rəhbərinin bilavasitə gərgin fəaliyyəti nəticəsində respublikamız savadlılar diyarına çevrilmişdi. Təhsil sahəsində gərgin əməyinin nəticəsini görən Heydər Əliyev deyirdi: “Azərbaycanda ən böyük nailiyyət ondan ibarətdir ki, bizdə bu gün savadsız adam yoxdur, ölkəmizdə hər hansı bir bölgəyə, rayona, kəndə, hətta hansı bir dağ kəndinə getsəniz, orada savadsız adam tapa bilməzsiniz. Azərbaycanda xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyənin yüksəlməsi XX əsrdə özünü çox bariz şəkildə göstərmişdir”.

 

Heydər Əliyev sonralar ötən əsrin 70-ci illərinin təhlilini verərkən qeyd edirdi ki, ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan xalqının bir neçə nəsli təhsil almış, böyümüş, yüksək səviyyələrə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşlar. Bunların hamısı xalqımızın milli nailiyyətidir və indi bizim Azərbaycan Respublikasının intellektual potensialını təşkil edir.

 

Böyük iftixar hissi ilə bildiririk ki, istər Azərbaycandan kənar, istərsə də respublika daxilində (C.Naxçıvanski adına Hərbi Lisey) milli hərbi kadrların hazırlanması sahəsində Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz 1970-1980-ci illərdə Azərbaycanda yaradılan hərbi məktəblər, eləcə də respublikadan kənarda təhsil almış milli kadrlar hesabına bu gün müstəqil Azərbaycanın ordu quruculuğu və milli hərbi sistemi formalaşmış, o illərdə yaradılan təməl üzərində qurulmuşdur. C.Naxçıvanski adına hərbi məktəb bu gün də fəaliyyətini davam etdirir, hər il yüzlərlə gənc bu hərbi məktəbi bitirib, ali hərbi məktəbdə öz təhsillərini davam etdirirlər. Bu məktəbin məzunları həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində igidlik göstərmişlər. 2003-cü il aprelin 21-də Heydər Əliyev Sarayında C.Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyində çıxış edən Ümummilli Lider demişdir: “Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax bu cür baxacağam”. 

 

1978-ci ildə Azərbaycan müəllimlərinin IV qurultayı keçirildi. Qurultayda Heydər Əliyev geniş nitq söylədi. Ulu Öndərin nitqində Azərbaycan məktəbinin keçdiyi tarixi inkişaf yolu, mövcud vəziyyəti dərindən təhlil edilir, perspektivləri və qarşıda duran vəzifələrin həyata keçirilmə yolları göstərilirdi. Heydər Əliyev Azərbaycan xalqının inkişaf etməsində və tərəqqisində məktəb və təhsilin roluna xüsusi əhəmiyyət verdiyini qeyd edirdi.

 

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında misilsiz xidməti olan Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin və təhsilimizin himayədarı kimi çıxış etmişdir. Heydər Əliyev elmin, təhsilin inkişafına milli zərurət kimi yanaşır, xalqın intellektual səviyyəsinin artırılmasının ən vacib vəzifə olduğunu qeyd edirdi. 

 

Ulu Öndər deyirdi ki, Azərbaycanda təhsil XX əsrdə çox sürətlə inkişaf etmişdir və təhsilə cəlb olunmayan uşaq, gənc, insan qalmamışdır. Bu, bizim böyük nailiyyətimizdir ki, xalqımız tam savadlıdır, tam təhsillidir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan iqtisadiyyatının inkişafı, elmin inkişafı, təhsilin inkişafı, insanlarımızın rifah halı o qədər də yaxşı olacaqdır. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Ona görə də təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır.

 

Ulu Öndər Heydər Əliyev ümumrespublika  tədbirlərində daim vurğulayırdı ki, həm orta məktəblərdə təhsilin keyfiyyəti yüksəldilməlidir, həm də təhsil ocaqlarında gənclərin təhsil almasına qayğı artırılmalıdır. Gənclərin daha da yaxşı oxuması, təhsil alması üçün tələbkarlıq artırılmalıdır.

 

Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi bir mərhələ bu gün haqlı olaraq Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi qiymətləndirilir.

 

Heydər Əliyevin irsində böyüyən nəslin fiziki mənəvi və əqli tərbiyəsi məsələləri də geniş yer tutur. Ümummilli Liderimiz hesab edirdi ki, Azərbaycanın milli tərbiyə Konsepsiyasında bu cəhətlər öz geniş əksini tapmalıdır. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi işinə bilavasitə xidmət etdiyi önə çəkilirdi.

 

Heydər Əliyev irsində vətən sevgisi, azərbaycançılıq, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi xüsusi yer tutur. Heydər Əliyevin şəxsi nümunəsi və həyat təcrübəsi xalqına, ölkəsinə, dövlətinə əsl sədaqətlilik örnəyidir.

 

Ümummilli Lider deyirdi: “Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Vətənpərvər gənclərin yetişdirilməsi təkcə təhsilin məzmununa deyil, məhz mənəviyyat məsələsinə, mənəvi tərbiyə işininin məzmununa daxildir. Deməli, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması milli tərbiyə konsepsiyasının, eləcə də milli ideoloji siyasətin əsas tərkib hissəsi kimi nəzərə alınmalıdır. Hər bir azərbaycanlının yaşadığı ölkədən, vətəndaşı olduğu dövlətdən asılı olmayaraq, dünyanın harasında azərbaycanlı varsa, onda azərbaycançılıq hissi özünü göstərməlidir. Vətənpərvərlik hissini, milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır. Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır”.

 

Heydər Əliyev uzaqgörənliklə milli tərbiyənin məzmununa gənc nəslin milli vətənpərvərlik anlayışını da daxil etmiş və onun məzmununu müəyyənləşdirmişdir. Gənclərimizin milli ruhda, milli-ənənəvi dəyərlər əsasında tərbiyələnməsini vacib sayan Heydər Əliyev göstərir ki, gənclərimiz tariximizi yaxşı bilməlidirlər, tarixini bilməyən gənc vətənpərvər ola bilməz.

 

Natiq AXUNDOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim, ARTİ-nin “Təlimin nəzəriyyəsi və metodikası” şöbəsinin baş mütəxəssisi