Bu, təlim prosesinin səmərəliliyini,keyfiyyətini yüksəldəcək


“Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq... İndiyə qədər yaranmış təməlin,  üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da  təkmilləşəcək...”. 

 

Heydər Əliyev,

Ümummilli lider

 

Riyaziyyat fənninin  tədrisində yeni təlim texnologiyaların tətbiqinin məqsədi fəal təlimin, habelə, kurikulumun prinsiplərini həyata keçirməkdən ibarətdir. Başqa sözlə desək, müəllim və  şagirdlərin  fəaliyyətinə  aid edilən müasir təlim metodları riyaziyyat fənni üzrə təhsil standartların reallaşdırılması, təlim nəticələrinin həyata keçirilməsi, təlimə verilən əsas tələblərin yerinə yetirilməsi və s. bu kimi vacib psixoloji, metodiki faktorları özündə ehtiva edən Milli urikulmun tələblərinə cavab verməyə əsaslanır.

 

Riyaziyyatın  tədrisində müasir təlim texnologiyalarının tətbiqi dedikdə  bu fənn üzrə optimal didaktik proseslər,  məqsədə nail olmaq, təhsil vəzifələrini həll etmək yollarının məcmusu  başa düşülür. Məqsəd  şagirdin fikirlərinə, bilik, bacarıq, davranış və hisslərinə fasilitatorluq etməklə təlim nəticələrini əldə etməkdir.

 

Yuxarı siniflərə qalxdıqca nəzəri riyaziyyat praktik həyatdan uzaqlaşır, göz önünə gətirilməsi, “toxunulması” şagird üçün qismən çətin olur. Odur ki, gündəlik dərslərdə yeni təlim texnologiyalarının istifadəsi zərurətə çevrilir.

 

Müasir təlim texnologiyaları xüsusi halda riyaziyyat fənnin tədrisinə necə tətbiq edilməlidir?

 

Təbii ki, ağıla ilk gələn cavab İKT-nin dərsdə tətbiqidir.   Təlimdə texniki vasitələr və İKT-dən istifadə şagirdlərin tədris olunan mövzunun ətraflı mənimsəməsi, lazımi bacarıq və vərdişlərə yiyələnməsinə stimul verməklə yanaşı müəllimin sərf etdiyi əməyi də qismən yüngülləşdirən yüksək tədris situasiyası yaratmağa qadir olan müasir vasitələrdir. Bu vasitələrdən istifadə şagirdlərdə informasiya bazasının çoxalmasına və mövzunu asanlıqla dərk etmələrinə şərait yaradır.

 

İnteqrasiya  müasir təlim texnologiyalardan biri olub müəyyən tədris prosesində dünyanın bölünməz və vahid olduğunu formalaşdırmağa xidmət edir. İnteqrasiya psixoloji olaraq  idraki fəaliyyətin mərhələli formalaşması və əqli fəaliyyətin assosiati- reflektor nəzəriyyəsinə əsaslanır.

 

Fəal dərsin hər bir mərhələsi, qiymətləndirmə, habelə, dərsin planlaşdırılması ayrı-ayrılıqda müasir təlim texnologiyalarının xüsusiyyətlərini özündə ehtiva edir.

 

Öncəliklə qeyd edim ki, gənc, yaradıcı  müəllim kimi təcrübəli pedaqoqların dərslərindən, yerli və beynəlxalq təlimçilərin təlimlərindən bəhrələni, bir çox uğurlu layihələrdə yaxından iştirak e və əsaslı nəticələrə gələrək öz dərslərimi şəxsiyyətə yönəlmə, fəal idrak, inkişafetdiricilik, əməkdaşlıq, dialoji təlim prinsipləri əsasında qurmağa, İKT-dən ­ axtarış sistemləri, internet resursları, onlayn dərslik və vəsaitləri, müəllimlərin istifadəsi üçün hazırlanmış rəsmi saytları, bloq və sosial səhifələri maksimum istifadə etməyə çalışmışam. Ötən ay  qardaş Türkiyə Respublikasında, dəvət olunduğum İstanbul Erkek Lisesində Beynəlxalq olimpiada yarışmasına hazırlaşan, xüsusi istedadlı  şagirdlərə riyaziyyat fənninin tədrisində, habelə, İstanbul Milli Egitim Müdürlüyü, Böyükşehir belediyyesinin dəstəyi ilə  Bakırköy lisesində “Öğretmen akademileri” layihəsinin “Bilim Olimpiyat Atölyesi” proramında  trkiyəli müəllimlərə verdiyim seminarda, daha sonra Meslek Egitim Fenleri (MEF) özəl məktəbləri ilə hazırladığımız birgə layihələrdə iştirakım zamanı, hazırda tətbiq etdiyim effektiv təlim texnologiyalarının beynəlmil­yinə bir daha əmin olmuşam.

 

Öyrətmək iddiası olanın öyrənmə əzmi olmalıdır! Hər bir peşəkar sənətinin tələbəsi olmağı bacarmalıdır. Təhsilverən yaradıcıdır və davamlı olaraq özünü inkişaf etdirməlidir. Yaradıcı müəllim isə öz metodunu yaratmaqdan çəkinməməlidir. Hesab edirəm ki, sadalanan hallarda müəllim günbəgün yenilənən müasir təlim texnologiyalarını mənimsəyər və tətbiq edər. Şagirdlərinə “öyrənmək və yaratmaq”da canlı örnək olmaqla, habelə fərdi yanaşmanı formalaşdırmaqla fənni sevdirərək öyrədər. Odur ki, yaxşı olar müasir təlim texnologiyaları təhsilverənlər tərəfindən yüksək səviyyədə mənimsənilsin və respublikamızın bütün məktəblərində tətbiq olunsun.

 

Düşünürəm ki, müasir təlim texnologiyaları prinsiplərinin mahiyyətindən irəli gələn əsas yanaşmaları şagirdlərin maraq və tələbatlarına, onların yaş psixologiyasına, sosial yaşam tərzinə, bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəltməklə, tədris prosesində idrak fəallığını, fasilitator dəstəyi ilə öyrənməni, zəruri olan informasiyaları müstəqil əldə etməklə ondan düzgün istifadə etməyi, əməkdaşlığı, şagirdyönümlülüyü reallaşdırmaqla pedaqoji texnologiyaların səmərəli tətbiqinə nail olmaq olar.

 

Ənənəvi yanaşmadan, passiv təlimdən, avtoritarlıqdan uzaq, demokratik münasibətlər əsasında formalaşan yeni təlim texnologiyaları “Müəllim-bələdçi-şagird isə tədqiqatçı” prinsipini əsas tutur. Öyrənən və öyrədən  bərabərhüquqludur!

 

Riyaziyyat fənnində müasir təlim texnologiyanın tətbiqi üçün müəllim aşağıda sadalanan müəyyən əməliyyatları həyata keçirməlidir:

* Ən yeni praktik bilikləri toplamaq;

* Pedaqoji prosesi təşkil etmək;

* Təlim strategiyalarını həyata keçirmək;

* Təlimin təşkilinə verilən əsas tələbləri ödəmək;

* Bilikləri şagirdlərə öyrənmə tərzlərinə (vizual, audial, kinestetik) görə ötürmək.

 

Müasir təlim texnologiyalarından tədris prosesində istifadəsinin texnoloji cəhətdən düzgün müəyyənləşdirilməsi müəllimdən peşəkarlıq və səriştəlilik tələb edir.

 

Belə ki, təlim nəticələrini əldə etmək üçün məzmun xətti üzrə standartları reallaşdırarkən forma, üsul seçimi dərsin məqsədinə, tədqiqatın aparlmasına, məzmuna, metod və dərsin tipinə uyğun olmalıdır. Bundan başqa, mövzunun motivasiyası fənnin məqsəd və vəzifələrini, dərsin xarakterik xüsusiyyətlərini nəzərə almaqla refleksiya ilə uzlaşmalıdır.

 

Riyaziyyat fənnində yeni təlim texnologiyalarının işini qısa bir sxemlə ifadə etsək aşağıdakı mənzərəni almış olarıq:

 

“Ekonomiks” Beynelxalq İqtisadi Araşdırmalar Birliyi xüsusilə qeyd edir ki, təhsilin inkişafı ölkənin gələcək taleyini müəyyən edir.  Odur ki, təlimdə yeni texnologiyaların düzgün istifadəsi həm ölkə, həm də dünya üçün əhəmiyyət kəsb edir.

 

Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada nisbətən az informasiya verildiyi halda, daha çox düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırılır.  Çünki “cansız biliyin” inkişafa xidmət etmədiyi avropalılara çoxdan məlumdur. Canlı bilik, fəaliyyətdə olan bilik ya yeni biliklərin yaranması üçün baza rolunu oynamaqla, ya da müvafiq əməli fəaliyyət sahələrində tətbiq olunmaqla fayda verir.

 

İnteraktiv təlim üsulları olan “Klaster”, “İnsert”, “BBÖ”dən dərslərdə intensiv şəkildə istifadə olunması dərsin keyfiyyətini artırmaqla, öyrənənlərin fəallığına imkan yaradır. V sinifdə  “1.1.2 Mövqeli və mövqesiz say sistemləri ilə tanışdır, natural ədədləri müqayisə edir və düzür.” standartını reallaşdırmaq üçün əlverişli üsullardan olan Venn diaqramından, BİBÖ -dən istifadə oluna bilər. Auksion üsulundan istifadə zamanı isə müəlim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. VI sinifdə “1.2.2 Vurma və bölmənin xassələrini tətbiq edir” tandartını reallaşdırarkən ümmiləşdirici dərsdə ƏBOB, ƏKOB və onların xüsusiyyətləri sadalanır. Fikirlər bir-birini təkrarlamamalıdır. Oyunda axırıncı mümkün cavabı verən şagird “auksion”u qazanır.

 

Kublaşdırma  tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldilir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır. “1.2.5  Nisbət, tənasüb, düz mütənasib, tərs mütənasüb kəmiyyətlərə və faizə aid məsələ həll edir.” standartını reallaşdırarkən bu, tədqiqat metodlarından istifadə etməklə mövzunun hərtərəfli öyrənilməsinə şərait yaranır.

 

Təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsialanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirən dövlət təhsil standartları müasir təlim texnologiyaları vasitəsilə reallaşa bilər. Yaxşı olar ki, hər bir təlim nəticəsinə uyğun təlim texnologiyası müəyyənləşdirilsin.

 

Məsələn, əgər “fərqləndirir” fəaliyyəti reallaşdırılırsa, bunu Vennlə reallaşdırmaq daha effektiv və düzgün olar. Düzgün təlim formasının seçilməsi, təlim üsulunun düzdün müəyyənləşdirilməsi, tədqiqat sualıın təlim nəticələrinə uyğun müəyyənləşdirilməsi və düzgün qiymətləndirmə meyarının müəyyənləşdirilməsi təbii ki, müəllimə qarşıya qoyduğu nəticəni əldə etməyə kömək edəcəkdir.

 

Nəticə olaraq qeyd edək ki, təlimi  humanistləşdirmədən,  humanitarlaşdırmadan, demokratikləşdirmədən şagird şəxsiyyətini  formalaşdırmaq  olmaz!

 

Cəmiyyət müstəqil düşünən, kamil, rəqabətəqabil yaradıcı şəxsiyyət yetişdirməyi çox mühüm vəzifə kimi təhsil müəsisələrinin qarşısında qoyur. Bu vəzifələri həyata keçirmək biz öyrədənlərin üzərinə düşür. Odur ki, müasir təlim texnologiyalarından istifadə etməklə təlim  prosesinin  səmərəliliyini,  keyfiyyətini yüksəltmək olar.

 

Leyla Hacıyeva,

Bakı şəhər R.Nəsrəddinov adına  39 nömrəli tam orta məktəbin müəllimi