Müasir dövrdə İKT-nin inkişafı rəqəmsal texnologiyalardan təhsil sektorunda da daha geniş istifadəyə imkan yaradır. Rəqəmsal texnologiyalarla hazırlanmış test tapşırıqları kağız daşıyıcılardan fərqli olaraq daha canlı və rəngarəng olur, bu da şagirdlərin maraq dairəsinə uyğun tapşırıqların hazırlanmasında müəllimlərə kömək edir. Elektron böyük summativ qiymətləndirmə cari ildə 40 təhsil müəssisəsində keçirilmişdir və bu ildən etibarən bütün respublika üzrə qiymətləndirmənin elektron formatda virtual məktəb platforması üzərindən keçirilməsi planlaşdırılır. Qiymətləndirmə məktəbdə kompüterlər vasitəsilə İnformatika və STEAM kabinetlərində həyata keçirilir.
S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada 2021-2022-ci tədris ilindən təhsilalanların Kiçik summativ qiymətləndirilməsi kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edilərək aparılır. 2022-2023-cü tədris ilində isə bu qaydalarla qiymətləndirmə V-VIII siniflərdə Böyük summativ qiymətləndirmələrdə də tətbiq olunur.
Tətbiq nəticəsində əldə olunur:
1. Şagirdlərin rəqəmsal bacarıqlarını təkmilləşdirmək; Rəqəmsal texnologiyaların sürətlə inkişafı bəşəriyyət qarşısında yüksək tərəqqi üçün yeni yollar açır. İndi dünya Dördüncü Sənaye İnqilabına qədəm qoyur. Bu isə süni intellektdən geniş istifadə, istehsalın avtomatlaşdırılması, robotlaşma, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir. Təbii ki, rəqəmsallaşma, texnoloji yeniliklər ayrı-ayrılıqda hər bir dövlətin iqtisadiyyat, təsərrüfat, sənaye və digər sahələrinə öz müsbət təsirini göstərir. Heç şübhəsiz ki, Azərbaycanda da daim genişmiqyaslı islahatlar həyata keçirilir, innovativ layihələr, elektron xidmətlər təkmilləşdirilir və bütün sahələrdə rəqəmsallaşmış xidmətə keçid ön planda dayanır.
Məhz buna görə də zamanla ayaqlaşmaq üçün yüksək rəqəmsal bacarıqlara malik nəsil yetişdirməliyik. Belə şagirdlər yetişdirmək üçün hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bir çox məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələrinin rolu əvəzsizdir.
2. Qiymətləndirmə vəsaitlərini hazırlamaq üçün daha az vaxt sərf etməklə şagirdlərin qiymətləndirmə prosesinin virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılmasına nail olmaq; Müəllimlər summativ yazıb onu qiymətləndirərkən, orta ədədi qiymət çıxararkən buna çox vaxt sərf edir, yorularkən isə müəyyən xətalara yol verə bilirdi. Qiymətləndirmənin rəqəmsallaşması təhsilverənlərin də yükünü azaltmaqla onların daha çevik və xətasız hesabat verməsinə səbəb olub.
3. Valideynlər üçün övladlarının nailiyyətlərini izləmə imkanlarının əlçatan olması;
Şagirdlərin məktəb həyatının uğurlu olması üçün məktəb ilə ailənin birgə işi həlledici amildir. İstər məktəbdaxili, istərsə də sinifdənxaric işlərdə valideynlərin həvəskarlığı, can yandırması və fəal köməyi vacibdir. Valideyn daim övladının məktəbdə fəaliyyətini izləməli, hər hansı nöqsanlar olarsa, bu istiqamətdə işlər aparılmalıdır. Qiymətləndirmənin rəqəmsal olmağı valideynlərin də rəğbətini qazanıb, belə ki, valideyn övladının nəticələrini virtual məktəbə daxil olaraq daim izləyə bilər.
4. Şagirdlərin beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi;
Təhsilin keyfiyyəti şagirdlərin nailiyyətləri ilə birbaşa əlaqəlidir. Bu səbəbdən, ölkəmizdə müxtəlif qiymətləndirmə tədqiqatları həyata keçirilir və şagirdlərin nəticələri həm ölkə, həm də beynəlxalq müstəvidə təhlil edilir. Keçirilən qiymətləndirmə tədqiqatları təhsildə vəziyyətin ümumi mənzərəsini görməyə imkan verir, ölkələri təhsil siyasəti, kurikulum və şagirdlərin öyrənmə sistemi üzrə istiqamətləndirir. Azərbaycanda qiymətləndirmə tədqiqatlarını Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur vahidi olan Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi həyata keçirir. Artıq ölkəmizin milli tədqiqatlarla yanaşı beynəlxalq tədqiqatlar sahəsində də kifayət qədər təcrübəsi var. Azərbaycanda keçirilən beynəlxalq qiymətləndirmələrə PISA (Programme for International Student Assessment), PIRLS (Progress in International Reading Literacy Study), TIMSS (Trends in International Mathematics and Science Study), ICILS (International Computer and Information Literacy Study) - Beynəlxalq Şagird Qiymətləndirilməsini misal göstərmək olar. 22 may 2023-cü il tarixində Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası TIMSS beynəlxalq qiymətləndirilməsini həyata keçirdi. Şagirdlərimizin məktəbdaxili rəqəmsal qiymətləndirilmələrində əldə etdikləri praktik biliklər sayəsində bu beynəlxalq qiymətləndirmənin uğurla həyata keçməsi təmin olundu.
5. Müəllimlərin sıx əməkdaşlıq şəraitində özlərini inkişaf etdirə bilməsi; Təhsilverənlərimiz rəqəmsal summativlər hazırlayarkəm öz İKT biliklərini inkişaf etdirir, ehtiyac duyduqları zaman informatika müəllimləri ilə sıx əməkdaşlıq edirlər.
Müasir texnologiyanın üstünlüklərini görən müəllimlərimiz gündəlik dərslərini hazırlayarkən texnologiyanın faydalarından istifadə edirlər. Bu da öz növbəsində təhsilalanlarımızın dərsə marağının artmasında önəmli rol oynayır.
6. Şagirdlərdə problemi həll etmək, situasiyadan çıxmaq, vaxtdan səmərəli istifadə etmə bacarıqlarının təkmilləşməsi; Rəqəmsal qiymətləndirmə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin edir.
7. Yarımilin sonunda təhlillərə ayrılan vaxta qənaət; Virtual məktəb platformasının üstünlükləri çoxdur, belə ki, platformada bütün sinifin statistikası dərhal formalaşdığı üçün əlavə təhlillərə gərək qalmır. Qiymətləndirmədən sonra müəllimlər sinfin statistikasını görür və sinif ilə bağlı gələcək planlarını buna uyğun qururlar.
8. Hər bir şagirdin qiymət cədvəlinin elektron formada səhifəsində görünməsi; Şagird nailiyyətlərinin ardıcıllığını əyani şəkildə görməklə təhlillər aparır və zəif tərəflərini müəyyən etməklə özünü inkişaf etdirir.
9. Elektron test bankının formalaşdırılması; Müəllimlərimiz rəqəmsal qiymətləndirmə üçün müxtəlif testlər hazırlayır ki, bu da vahid elektron test bankının formalaşmasına səbəb olur.
10. Ümumitəhsil müəssisələrində kağız israfının qarşısının alınması. Gimnaziyamızda fiziki tərbiyə, musiqi, təsviri incəsənət, çağırışaqədərki hazırlıq istisna olmaqla, bütün fənlər üzrə rəqəmsal qiymətləndirmə keçirilir. Təhsilalanın rəqəmsal summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır.
Qiymətləndirmədən sonra müəllimlər sinfin statistikasını görür və sinif ilə bağlı gələcək planlarını buna uyğun qururlar.
Nərmin ƏRƏBOVA,
S.Bəhlulzadə adına Xarici dillər Təmayüllü Gimnaziyanın informatika müəllimi