Azərbaycanın müasir tarixinin böyük bir mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bu dövr ərzində Ulu Öndər ictimai-siyasi fəaliyyəti ilə xalqın intibahına çalışmış, Vətəninin, dövlətinin mənafeyini daim müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulandığı kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

 

Söhbət təkcə müasir deyil, ümumilikdə Azərbaycan tarixinə adını əbədi həkk edən böyük dövlət xadimi və siyasətçidən - qüdrətli şəxsiyyət Heydər Əliyevdən gedir. Zəngin həyat yolu ilə məhsuldar fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayan, unikal şəxsiyyətində dərin həyat fəlsəfəsini ehtiva edən Ümummilli Liderin gördüyü müstəsna dərəcədə əhəmiyyətli işlər müasir gəncliyin öyrənməli olduğu irsdir. Bu irsin elmi şəkildə araşdırılması və gəncliyə çatdırılması isə mütəxəssislərin üzərinə düşən mühüm vəzifədir. Gənclərimiz elə məhz təməli Heydər Əliyev tərəfindən qoyulan, sonradan Heydər Əliyevin iradəsi ilə qorunaraq saxlanılan, güclü şəkildə inkişaf etdirilərək Azərbaycan gəncliyinə əmanət verilən azad, müstəqil, suveren Azərbaycan Respublikasında böyüyüb yetişibdir.

 

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti özündə müasir tariximizin bütöv bir epoxasını ehtiva edir. 1969-cu ildə onun respublika rəhbəri seçilməsi ilə həyatın ritmi dəyişdi, o vaxtadək bütün sahələrdə hökm sürən durğunluq və ətalət dirçəliş və canlanma ilə əvəzləndi. Ümummilli Lider hələ o zamandan respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin başlıca istiqamətlərindən biri elan etmişdi.

 

Təkcə onu demək kifayətdir ki, 1969-1974-cü illərdə ölkədə 198 elmlər doktoru, 1781 elmlər namizədi müdafiə edib, elmi-tədqiqat institutları, ali məktəblər, elm və təhsil müəssisələri yüksəkixtisaslı peşəkar kadrlarla təmin edilib. Bu illər ərzində ali təhsil müəssisələrinin sayı Azərbaycan Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi Pedaqoji İnstitutunun yaradılması ilə genişlənmişdir. Heydər Əliyevin birbaşa təşəbbüsü və qətiyyəti ilə ölkədə yaradılan, gələcək azərbaycanlı hərbi zabitlərin yetişməsində müstəsna rol oynayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təşkil edilməsi dahi şəxsiyyətin ölkə həyatının bütün sahələrinə həssaslıqla yanaşmasının nümunəsidir. Ulu Öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndi, Azərbaycan elmi SSRİ-də və dünyada kifayət qədər tanıdıldı, tədqiqat işlərinin səviyyəsi yüksəldi, istiqamətləri genişləndirildi, elm və təhsil müəssisələrində çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edildi.

 

Ümummilli Lider Heydər Əliyevin xalqımızın çağırışı ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə milli dövlətçiliyimizin çoxəsrlik tarixinə taleyüklü mühüm hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi - xaosun qarşısı məharətlə alındı. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi yeni cəmiyyət və  dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

 

Bütövlükdə, öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Belə ki, onun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.

 

Ümummilli Lider Heydər Əliyev xalqımızın yaddaşında müdrik siyasətçi, qətiyyətli iradəsi və əzmkarlığı ilə fərqlənən böyük şəxsiyyət olaraq, eyni zamanda həm də bütün dünyada görkəmli dövlət xadimi kimi tanınmışdır. Respublikanın rəhbəri olduğu dövrdə Ulu Öndər təcrübəli dövlət xadimi kimi ölkəmizin ictimai həyatının bütün sahələrində öz bilik və bacarıqlarını xalqının yaşayış rifahının yüksəldilməsinə yönəltmişdir.

 

Beləliklə, bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişaf yolunda inamla irəliləməsi, iqtisadi inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə  təmin etməyə qadir  bir dövlət kimi  müstəqil siyasət yürütməsi, irimiqyaslı layihələri həyata keçirməsi, büdcə gəlirlərini ildən-ilə əhəmiyyətli dərəcədə artırması, müdafiə qüdrətini gücləndirməsi və İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazanması Ulu Öndər  Heydər Əliyevin  böyük uzaqgörənliklə əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsidir. Ulu Öndərin siyasətinin təntənəsi kimi dəyərləndirilən möhtəşəm uğurlarımızın miqyası bundan sonra daha da genişlənəcək.

 

Elnurə KAZIMOVA,

Beyləqan rayonu Birinci Şahsevən kənd 1 nömrəli tam orta məktəbin direktoru