...Bu gün hamımız uşaq kimi olmuşduq...Saçlarımızın ağarması, üzümüzdəki qırışlar yarım əsrlik bir zamanın möhürü idi. Nə az, nə çox, düz əlli ildən sonra baş tutan bu görüşümüzdə hərəmiz bir evin, bir ailənin uşağı yox, artıq rəhbəri, ağsaqqalı, ağbirçəyi idik.
Qəribə hisslər keçirirdim: sinif yoldaşlarımın heç biri yaşlarına uyğun davranışlar nümayiş etdirmirdi; əlli il bundan öncə bir-birləri ilə necə zarafatlaşırdılarsa, yenə də elə idilər-sanki uşaqlıq heç bitməyib... Şirin xatirələr bir-birini əvəzləyirdi. Olduqca xoş, təsirli bir görüş idi. Uşaq vaxtı oturub-durmağım necə ağır idisə, indi də o cür olmağa çalışırdım. Ancaq bacara bilmədim. 50 il üzünü görmədiyim, səsini eşitmədiyim sinif yoldaşlarımın qarşısında necə ciddi görkəm ala bilərdim?! Onlar danışdıqca mənə elə gəlirdi ki, bəlkə də çay süfrəsi arxasındakı davranışlarımızı müşahidə edənlər bizi böyük yazıçı-dramaturq Mirzə Cəlilin əsərlərindəki obrazlara bənzədirlər. Saqqallı, ağbirçək “uşaqlar”. Doğrudan da elə görünürdük, ancaq bunun kənardakılara necə təsir edəcəyinin fərqinə də varmırdıq. Çünki bu, bizim üçün xüsusi bir gün idi, bambaşqa bir aləmdə hiss edirdik özümüzü.
Açığını deyim, hamı boy-buxunlu, şux qamətli görünmürdü. Zarafat deyil, 50 il keçir. İllər hamımızın zahirindən çox şeylər alıb götürüb. Yaşlanmışıq. Bu, üzücüdür. Amma düşünəndə ki, əslində müdrikləşmişik və yaşlanma da bir tale qismətidir, o zaman bədbinliyi bir kənara qoyursan. Ağarmış saçlar da, qırış düşmüş əllər də, üz də sənindir, həyatın hökmüdür!..
Aramızda dünyasını dəyişənlər də var. Əsl üzücü olan bax, budur! Ruhları şad olsun...
... Əlli il öncə sinfimizdə, məktəbimizdə olub-keçənləri yaddaşımızda yenidən canlandırmaq ovqatımızı yüksəltdi. Etiraflar başladı: ən böyük qorxumuz “2” almaq idi; Sinfimizin adı məktəbdə nümunəvilər sırasında çəkilirdi. Çünki 30 şagirddən 20-si ali təhsil ala bilmişdi. Bu, kənd məktəb üçün olduqca böyük göstərici idi. Əməkdar müəllim, bu gün də ingilis dilini şagirdlərinə həvəslə öyrədən Girami Razzaqov bu həqiqətləri hamımıza bir daha xatırlatdı.
Sonra növbə ilə hamı öz yaddaş boxçasını ortaya qoydu. Ənvər Əliyevin şer söyləməsi, maraqlı söhbətləri əhval-ruhiyyəmizi bir az da qaldırdı. Söhbətinin sonunda təzəcə çapdan çıxan “Çörək himni” kitabını da sinif yoldaşlarına hədiyyə etdi... Sona Xəlilova, Südabə Rəhimova, Səmayə Bağırova, Ülkər Əsədova, Rəna Əhmədova, Hökümə Xəlilova, Şövqiyyə Rəhimova, Gülsənəm Ağalarova, Mənsumə Dadaşova, Aslan Qafarov, Mehdi Abdullayevin və başqalarının çıxışlarında səslənən bir-birindən maraqlı xatirələr hər birimizi əlli ilə əvvələ qaytardı. Təhsil aldığımız Neftçala rayon Xıllı qəsəbə tam orta məktəbini, sevimli müəllimlərimizi və şagird yoldaşlarımızı ömrümüzün sonunadək unuda bilmərik. Bizə oxumaq həvəsini o təhsil ocağı verib, nümunəvi, intizamlı olmağı müəllimlərimiz öyrədib- bunları unutmaq olarmı? On il təhsil aldığımız orta məktəb illəri ömrümüzün ən şirin, ən mənalı dövrü olub...
“Məktəbimizin divarları da bu gün bizim üçün doğmadır, əzizdir”,-deyə, Girami Razzaqov yenə söhbəti təhsil ocağına gətirdi:” Müəllimlərimiz bizim yaxın dostumuz, sirdaşımız idi. Hamımızın gələcəyi üçün narahat olan, bizə həyatda daim düzgün addım atmağı təlqin edən ilahi bir varlıq idi müəllimlərimiz! İngilis dili müəllimimiz Xanımana müəllim də belə fədakar müəllimlərdən idi. O, təkcə özünün deyil, hər bir şagirdinin sevinci, kədəri, problemi ilə birgə yaşayırdı”. Girami bu xatırlatması ilə hamımızı kövrəltdi...
...Qırx illik jurnalistlik fəaliyyətim dövründə işimlə, mənə verilən tapşırıqlarla bağlı müxtəlif xarakterli görüşlərdə, tədbirlərdə olmuşam, peşə borcumu layiqincə yerinə yetirməyə çalışmışam. Etiraf etməliyəm ki, heç bir görüşə bu əhval-ruhiyyə ilə hazırlaşmamışam. Əlli il öncə, ömrümün uşaqlıq, yeniyetməlık və gənclik illərinin yadigarları olan əziz sinif yoldaşlarımın görüşünə hansı hisslərlə hazırlaşdığımı sözlə ifadə etmək çox çətindir. Mən bu görüşə, sadəcə tələsmirdim, obrazlı desəm, Səməndər quşunun qanadları üstündə uçurdum...
...Hər bir görüşün sonundakı ayrılıq məqamı isə çox kədərli olur. Amma ayrılıq yeni bir görüşün başlanğıcıdır!...
Sifai SƏFƏROVA