1973-cü ilin məzunları 50 il sonra bir arada

...Bu gün hamımız uşaq kimi olmuşduq...Saçlarımızın ağarması, üzümüzdəki qırışlar yarım əsrlik bir zamanın möhürü idi. Nə az, nə çox, düz əlli ildən sonra baş tutan bu görüşümüzdə hərəmiz bir evin, bir ailənin uşağı yox, artıq rəhbəri, ağsaqqalı, ağbirçəyi idik.

 

Qəribə hisslər keçirirdim: sinif yoldaşlarımın heç biri  yaşlarına uyğun  davranışlar nümayiş etdirmirdi; əlli il bundan öncə bir-birləri ilə necə zarafatlaşırdılarsa, yenə  də elə idilər-sanki uşaqlıq heç bitməyib... Şirin xatirələr bir-birini əvəzləyirdi.  Olduqca xoş, təsirli bir görüş idi.  Uşaq vaxtı oturub-durmağım necə ağır idisə,  indi də o cür olmağa çalışırdım. Ancaq bacara bilmədim. 50 il üzünü görmədiyim, səsini eşitmədiyim sinif yoldaşlarımın qarşısında necə ciddi görkəm ala bilərdim?! Onlar danışdıqca mənə elə gəlirdi ki, bəlkə də çay süfrəsi arxasındakı  davranışlarımızı müşahidə edənlər bizi böyük yazıçı-dramaturq  Mirzə Cəlilin əsərlərindəki obrazlara bənzədirlər. Saqqallı, ağbirçək “uşaqlar”. Doğrudan da elə görünürdük, ancaq bunun kənardakılara necə təsir edəcəyinin fərqinə də varmırdıq. Çünki bu, bizim üçün xüsusi bir gün idi, bambaşqa bir aləmdə hiss edirdik özümüzü.

 

Açığını deyim,  hamı boy-buxunlu, şux qamətli görünmürdü. Zarafat deyil, 50 il keçir. İllər hamımızın zahirindən çox şeylər alıb götürüb. Yaşlanmışıq. Bu, üzücüdür.  Amma düşünəndə ki, əslində müdrikləşmişik və yaşlanma da bir tale qismətidir, o zaman bədbinliyi bir kənara qoyursan.  Ağarmış saçlar da, qırış düşmüş əllər də, üz də sənindir, həyatın hökmüdür!..

 

Aramızda dünyasını dəyişənlər də var. Əsl üzücü olan bax, budur! Ruhları şad olsun...

 

... Əlli il öncə sinfimizdə, məktəbimizdə olub-keçənləri  yaddaşımızda yenidən canlandırmaq  ovqatımızı yüksəltdi.  Etiraflar başladı: ən böyük qorxumuz   “2” almaq  idi; Sinfimizin adı  məktəbdə  nümunəvilər sırasında çəkilirdi. Çünki 30  şagirddən  20-si  ali təhsil ala bilmişdi. Bu, kənd məktəb üçün olduqca böyük göstərici idi. Əməkdar müəllim,  bu gün də  ingilis dilini  şagirdlərinə həvəslə öyrədən  Girami  Razzaqov  bu həqiqətləri hamımıza bir daha xatırlatdı.

 

Sonra növbə ilə hamı öz yaddaş boxçasını ortaya qoydu. Ənvər Əliyevin şer söyləməsi, maraqlı söhbətləri  əhval-ruhiyyəmizi bir az da qaldırdı. Söhbətinin sonunda təzəcə  çapdan çıxan  “Çörək  himni” kitabını da sinif yoldaşlarına hədiyyə etdi... Sona Xəlilova, Südabə  Rəhimova, Səmayə Bağırova, Ülkər Əsədova, Rəna Əhmədova, Hökümə Xəlilova, Şövqiyyə Rəhimova, Gülsənəm Ağalarova, Mənsumə Dadaşova,  Aslan Qafarov, Mehdi Abdullayevin və başqalarının  çıxışlarında  səslənən bir-birindən maraqlı xatirələr  hər birimizi əlli ilə əvvələ qaytardı.  Təhsil aldığımız  Neftçala rayon Xıllı qəsəbə tam orta məktəbini, sevimli müəllimlərimizi və şagird yoldaşlarımızı  ömrümüzün sonunadək unuda bilmərik. Bizə  oxumaq həvəsini o təhsil ocağı verib, nümunəvi, intizamlı olmağı  müəllimlərimiz öyrədib-  bunları  unutmaq olarmı?   On il təhsil aldığımız  orta məktəb  illəri ömrümüzün ən şirin, ən mənalı dövrü  olub...

 

“Məktəbimizin divarları  da  bu gün bizim  üçün doğmadır, əzizdir”,-deyə, Girami Razzaqov yenə söhbəti təhsil ocağına gətirdi:” Müəllimlərimiz bizim yaxın dostumuz, sirdaşımız idi.  Hamımızın  gələcəyi üçün narahat olan, bizə  həyatda  daim düzgün addım atmağı təlqin edən  ilahi bir varlıq idi  müəllimlərimiz! İngilis dili müəllimimiz Xanımana müəllim də belə fədakar müəllimlərdən idi. O, təkcə özünün deyil,  hər bir şagirdinin sevinci, kədəri, problemi ilə birgə yaşayırdı”.      Girami bu xatırlatması ilə hamımızı kövrəltdi...

 

...Qırx illik jurnalistlik fəaliyyətim dövründə  işimlə, mənə verilən tapşırıqlarla  bağlı müxtəlif xarakterli görüşlərdə, tədbirlərdə olmuşam, peşə borcumu layiqincə yerinə yetirməyə çalışmışam. Etiraf etməliyəm ki, heç bir görüşə  bu  əhval-ruhiyyə ilə  hazırlaşmamışam. Əlli il öncə, ömrümün uşaqlıq, yeniyetməlık  və gənclik illərinin yadigarları olan  əziz  sinif yoldaşlarımın  görüşünə  hansı hisslərlə hazırlaşdığımı sözlə ifadə etmək çox çətindir. Mən bu görüşə, sadəcə tələsmirdim, obrazlı desəm, Səməndər quşunun qanadları üstündə uçurdum...

 

...Hər bir görüşün sonundakı ayrılıq məqamı isə çox kədərli olur. Amma ayrılıq yeni bir görüşün başlanğıcıdır!...

 

Sifai SƏFƏROVA

 



14.06.2023 | 20:21