Beynəlxalq müsabiqələr qalibi Abid Çələbiyevin uğur hekayəsi
Kamançanı xalq çalğı alətləri ansamblının canı adlandırırlar. Trio sayılan üçlüyün (tar, kamança və qaval) təqdim etdiyi musiqi nömrələrində də kamança əhəmiyyətli rol oynayır. Konsertlərdə bu üçlüyün müşayiəti ilə təqdim olunan muğam parçaları və xalq mahnıları öz təsir gücü ilə dinləyiciləri daha çox ram edə bilir.
Yeri gəlmişkən, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə paytaxtda keçirilən silsilə muğam müsabiqələrində trionun sağ qanadı sayılan kamançanın xüsusi rolu barədə münsiflər dəfələrlə maraqlı fikirlər səsləndiriblər. İfaçıları öz məharətilə gah zilə qaldıran, gah da bəmə endirən, canımıza ruh, qanımıza coşqunluq hissi qatan tarla bərabər kamança olur.
Haqqında söhbət açmaq istədiyim yeniyetmə kamança ifaçısı Abid Çələbiyev də uşaq yaşlarından ustad Habil Əliyevin mahnılarını ehtirasla dinləyib, onun ecazkar ifaçılıq məharətindən kifayət qədər bəhrələnib. Təsadüfi deyildir ki, yeniyetmə ifaçı ilk müəllimi də elə üzünü görmədiyi ustadının dizi üstündə nalə qoparan kamançanın olduğunu qürur hissi ilə söyləyib. Onunla gimnaziyada görüşüb bu ecazkar musiqi aləti ilə dostluğu barədə ürək sözlərini dinləmək qərarına gəldim. Niyə məhz tar yox, qarmon yox, başqa musiqi aləti yox, ancaq kamança olub onun seçimi?
Respublika və beynəlxalq müsabiqələr laureatıyam
2008-ci ildə Şəkidə anadan olmuşam. Şəki şəhər 7 nömrəli tam orta məktəbində təhsil almışam. Uşaq yaşlarımdan klassik və retro musiqiləri çox dinləmişəm, musiqi alətlərinə gəlincə isə xüsusilə kamança ilə daha çox maraqlanmışam. Elə bu arzu və istəklə də Şəki Şəhər Uşaq İncəsənət Məktəbində İlqar Mikayılovun kamança sinfində təhsil almışam. Hazırda isə Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında təhsilimi davam etdirirəm. Artıq mən respublika və beynəlxalq müsabiqələr laureatıyam.
Həyəcan hissi, birincilik sevinci...
...Belə ki, müxtəlif illərdə beynəlxalq müsabiqələrdə - Türkiyədə “Evde sənət var” musiqi yarışmasında. Londonda keçirilən “Golden Time” musiqi festivalında, Avstriyada “AUSTRİAN STARS” beynəlxalq musiqi müsabiqəsində, Tatarıstan və Rusiyada “Cantabilee presto”, İsraildə keçirilən “Gates of Hope” və “Qara Qarayev ”adına musiqi müsabiqələrində I yeri tutaraq C.Cahangirovun Rondo əsərinin virtouz ifaçısı diplomuna layiq görülmüşəm. Fransada keçirilən Adilia Aliyeva XVII beynəlxalq musiqi yarışmasında da I yeri tutdum. Paytaxtımızda və regionlarda keçirilən musiqi müsabiqələrində də həmişə məharətlə çıxış etmişəm. Habil Əliyev adına gənc kamança ifaçıları müsabiqəsində laureat adını qazandım. “Üç alov”, “Art Olimpia 2021-ci il”, “Payız əfsanələri 2021-ci il” musiqi müsabiqələrində I yerə yüksəldim. “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku” 2 nominasiya üzrə müsabiqədə I yerə layiq görüldüm. “Könlüm keçir Qarabağdan” Respublika müsabiqəsində də birincilik mənim oldu.
“Gənclərə dəstək” layihəsində
2022-ci ilin yanvarında yeniyetmə kamança ifaçısı Abid Çələbiyev bədii rəhbər və dirijor, Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin və Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə “Gənclərə dəstək” layihəsində, iyul ayında isə “Şuşa İli” çərçivəsində “Milli musiqi alətlərimiz - Milli sərvətimizdir” adlı layihədə, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətlərinin müşayiəti ilə təşkil olunan konsertlərdə məharətlə çıxış edib.
Teatra böyük marağım var
Qeyd edim ki, teatra da böyük maraq göstərirəm. İncəsənət Gimnaziyasının tədbirlərində böyük həvəslə çıxış edirəm. 2022-ci ildə İncəsənət Gimnaziyasının müəllim-şagird kollektivi ilə Türkiyənin Antalya şəhərində bir sıra tədbirlərdə öz aktyorluq məharətimi nümayiş etdirərək böyük təəssüratla vətənə döndüm. Bu yaxınlarda Başqırtıstanda keçirilən müsabiqəyə də qatıldım və II dərəcəli laureat adını qazandım. Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsinə həsr olunan proqramda da iştirak edərək uğur qazandım və Iğdır Universitetinin diplomuna layiq görüldüm.
...Göründüyü kimi, yeniyetmə istedadın bu yaş dövründə tək kamança ifaçılığı ilə deyil, eyni zamanda başqa sahələrdə də imza atdığı uğurlar onun gələcəkdə yaradıcılıq yolunda hansı pilləni fəth edə biləcəyi barədə ümidləri artırır. Bu ümidlərin reallaşacağı zaman isə şübhəsiz hələ qabaqdadır. Abid Çələbiyevi qarşıda çoxlu böyük səhnələr, müsabiqələr, daha məsuliyyətli yaradıcılıq yarışmaları gözləyir. İnanırıq ki, kamanından güc alacaq, pillə-pillə ucalacaq, ümidləri doğruldacaq bu oğlan.
Sifai SƏFƏROVA