Şəxsiyyətlər var ki, tarix onları yetişdirir. Şəxsiyyətlər də var ki, onlar özləri tarix yaratmağı bacarır. Onlar mənsub olduğu cəmiyyəti düşünən, onun varlığı və xoşbəxtliyinin qorunması yolunda həyatlarını belə verən, xalqına sədaqətlə xidmət edən insanlardır. Zaman keçdikdə bu insanlar bir nəsil üçün deyil, neçə-neçə nəsillər üçün örnək və nümunə kimi həyat məktəbinə çevrilirlər. Heydər Əliyev xalqımızın Azərbaycana bəxş etdiyi məhz belə şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, milli dövlətçiliyimizin memarı və qurucusu, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı, güclü məntiqi, qüdrətli zəkası ilə seçilən görkəmli dövlət xadimi, təhsil quruculuğu strategiyasının ideya müəllifidir. Belə bir qüdrətli dövlət başçısının və dahi şəxsiyyətin nümunəsində müasir gənclərin tərbiyəsi onları azərbaycançılıq ideyalarını yaşadan vətəndaş kimi yetişdirməyə kömək edir. Gənclik cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin təminatına zəmanətdir. Gəncliyin hərtərəfli və harmonik inkişafı bu gün başlıca məqsəddir. Hər bir dövlətin və millətin tərəqqisində gənc nəslin təhsili və tərbiyəsi müstəsna əhəmiyyət kəsb edir. Ölkənin, xalqın gələcəyi, cəmiyyətin inkişafı və tərəqqisi bugünki gənclərin kimliyindən, onların bilik, bacarıq, dünyagörüşünün səviyyəsindən, eyni zamanda gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan Respublikası Gənclərinin I Forumunda Heydər Əliyevin nitqində gənc nəslə ünvanladığı dəyərli tövsiyələrində və nəsihətlərində atalıq qayğısı, gəncliyimizin parlaq gələcəyinə olan inamı özünü büruzə verir: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.
Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. ...Gənclər xalqımızın milli ənənələri, milli-mənəvi dəyərləri əsasında tərbiyələnməlidir. Gənclərin tərbiyə edilməsində, təhsillənməsində eyni zamanda ümumbəşəri dəyərlərdən istifadə olunmalıdır. Milli-mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir”.
Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində müasir gənclik Vətənə sədaqət və məhəbbət, millətini sevmək və ucaltmaq, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirmək, respublikanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə olunur, geniş dünyagörüşünə malik olmaqla özünü daim inkişaf etdirmək bacarığına yiyələnir. Müasir gəncliyin yeni təfəkkürə malik şəxsiyyət kimi formalaşmasında Heydər Əliyevin söz qüdrəti, diplomatik şücaəti, aydın və səlis nitqi böyük rol oynayır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan dilinə göstərdiyi diqqətdir. O, dilimizin söz ehtiyatlarına, fikri ifadə etmək imkanlarına görə zəngin olduğunu dəfələrlə qeyd etmiş, ana dilimizi müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti kimi dəyərləndirmişdir: “Hər bir xalqın milliliyni, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu Öndərin bu müdrik sözləri ana dilini sevmək, dəyərləndirmək və təbliğ etmək istiqamətində bir çağırışdır.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə ölkənin prioritet sahələrindən biri olan təhsilin davamlı inkişaf etdirilməsinə, onun forma və məzmununun yenilənməsinə, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə, gənc nəslin tələblərə müvafiq yüksək səviyyədə formalaşdırılmasına, təhsil islahatlarının həyata keçirilməsinə də diqqət göstərmişdir. Məhz Ulu Öndərin təşəbbüsü və qayğısı sayəsində keçmiş SSRİ-nin 50-yə yaxın şəhərlərinin 170-dən çox ali məktəblərində 250 ixtisas üzrə 15 min azərbaycanlı gəncin təhsil almasına şərait yaradılmışdır. Gənc nəslin proqressiv təhsilə yiyələnməsi, onların elmi cəhətdən potensial imkanlarının təmin edilməsi böyük liderin uğurlu siyasətinin tərkib hissəsi idi.
Heydər Əliyev Azərbaycan elminin inkişafına xüsusi qayğı ilə yanaşır, görkəmli alimlərimizin xidmətlərini daim dəyərləndirirdi. O qeyd edirdi ki, gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır. Heydər Əliyev Azərbaycanın güclü elmi potensialının olmasını zəruri hesab edir, elm və cəmiyyətin tərəqqisində gənclərin rolunu xüsusi vurğulayırdı.
Heydər Əliyev şəxsiyyətinin nümunəsi gənclər üçün mənəvi məktəbdir. Gənclər bu böyük şəxsiyyətin keçdiyi həyat yolunu öyrənərək, Azərbaycanın qüdrətli rəhbərinin fərdi xüsusiyyətlərindən mənəvi tərbiyə almış olurlar, vətən, xalq və millət sevgisinin, eləcə də qəhrəmanlığın, müdrikliyin, dərin zəkalı insanın, millət atasının, dünyaşöhrətli siyasi xadimin və dövlət başçısının - fenomen insanın böyüklüyünü dərk edirlər.
Dahi insanlara xas bütün keyfiyyətlərə məxsus, vətən məfkurəsini hər şeydən üstün tutan Heydər Əliyev nümunəsi gənclərə təfəkkür dərinliyi, ideya aydınlığı, yaradıcılıq fəaliyyəti, özünüinkişaf və özünütəkmilləşdirməyə maraq, işgüzarlıq və məsuliyyətlilik təlqin edir. Azərbaycan tarixində parlaq səhifələr açmış, xalqına məhəbbət dolu ürəyə sahib olan bu qüdrətli şəxsiyyət gəncliyin qüruru və vüqarıdır.
Ulu Öndər Heydər Əliyev tərəfindın əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, intellektual, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması, hüquqlarının müdafiəsi və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Gənclərin humanizm, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, həmçinin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, eləcə də cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması gənclər siyasətinin əsas prinsiplərindəndir.
Heydər Əliyev gənclərin idrak və təfəkkürünə yeni rövnəq verir. Bu rövnəq isə onları müdrik rəhbərin, nüfuzlu siyasət liderinin davamçısı kimi xoşbəxt, işıqlı gələcəyə səsləyir. Heydər Əliyev öz mənalı həyat yolu ilə gənclərə mübariz keyfiyyətlər aşılayır, onları müstəqil Azərbaycanın vətənpərvər övladları kimi tərbiyə edirdi.
Onun “mənən zəngin olun, tariximizi, ədəbiyyatımızı, dinimizi, incəsənətimizi sevin, dərindən öyrənin və qoruyun” - ifadələri gənclərin həyat örnəyi olacaq, əql və zəkalarını işıqlandıracaq, yollarında məşəl kimi yanacaqdır.
Tükənməz iradə, yüksək intellektual potensiala və güclü hafizəyə malik görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan gəncliyinə örnək olmaqla, ölkənin gələcək inkişaf yollarını göstərməklə böyük bir məktəb yaratmışdır. Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev onun yolunu uğurla davam etdirir, Azərbaycan gəncliyinə böyük etimad göstərir, onların hərtərəfli inkişafına dəstək olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumundakı (28-30.10.2014-cü il) çıxışında qeyd etmişdir: “Azərbaycan öz prioritetlərini və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik və müasir ölkədir. Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq”.
Bu il dahi şəxsiyyət və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Ölkədə və onun sərhədlərindən kənarda Heydər Əliyevin siyasi irsinə, zəngin həyat yolu və fəaliyyətinə həsr edilən konfrans, simpozium, sərgi, müsabiqələrin, respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin təşkili xalqımızın Ulu Öndərə minnətdarlıq duyğusunun təzahürü, əziz xatirəsinin əbədiləşdirilməsidir. Xalqımız Ümummilli Lider Heydər Əliyevi daim qürur və məhəbbət hissi ilə yad edəcəkdir. Gənc nəsil onun yaratdığı dövlətçilik irsini qoruyacaq və ideyalarına sadiq qalacaqdır. Azərbaycanlı olmağı ilə ömür boyu fəxr edən Heydər Əliyevin adı gənclərin qəlbində milli iftixar mənbəyi, müdriklik və mübarizlik simvolu kimi həmişə yaşayacaqdır.
Zülfiyyə ŞİRİYEVA,
Xalq Təhsili Muzeyinin direktor müavini