BU gəlimli - gedimli dünyada acı da, şirin də yanaşı, qoşa addımlayır. Hər kəs bu acıdan, şirindən dada - dada Tanrının verdiyi ömür payını özünəməxsus yaşayır. Kimisinin izi qalır, kimisi izsiz gedir bu dünyadan. Yalnız öz mənəvi əbədiyyətini əməlin ölümsüzlüyündə qazananların izləri əbədi qalır, daim xatirələrdə, düşüncələrdə, xeyirxah əməllərdə yaşayırlar. Bu mənada ictimai - pedaqoji, mədəni fikrimizin xəritəsində Bilas Heydər oğlu Şadlinski üfüqləri də intəhasızdır. Yazıçı Şamxal Rüstəmin Bilas müəllimin yüz illik yubileyi münasibəti ilə tərtib etdiyi, onun həyat və fəaliyyətindən bəhs edən “Nəsillərə örnək insan” adlı kitabını vərəqlədikcə məndə bu şəxsiyyət haqqında bir yazı qələmə almaq fikri oyatdı. Bu məqsədlə Bilas müəllimin keçdiyi əzablı və mənalı həyat yolunu, onun zəngin dünyasını, həyatda yaşadıqları erməni zülmünü bu kiçik yazımla ədəbiyyata çevirib, əbədiyaşar olsun deyə qələmə almağı özümə borc bildim. Amma Şadlinskilər ailəsinin yaşadığı zülm və iztirabları, acı taleni, faciə və müsibətləri bu kiçik yazıda tam təsvir etmək mümkün deyil. Şadlinskilər nəinki Qərbi Azərbaycanda, Cənubi Qafqazda, bütün Şərqdə tanınmış soylardandır. Şadlinskilər sülaləsi XVl-XVll əsrlərdə yaşamış Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun dörd oğlunun Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan və Bala Sultan Şadlinskilərin nəslindəndirlər.
Bu soyun görkəmli nümayəndələri təkcə İrəvan Quberniyasında yaşayan soydaşlarımızın deyil, bütövlükdə xalqımızın milli - mənəvi hüquqlarının qorunmasının, mədəni inkişafının bütün ağırlığını şərəf və ləyaqətlə öz çiyinlərində daşımağı bacarıblar. Bu soyun tanınmış nümayəndələrindən biri də həyatın ağrı-acılarını, şirin anlarını içindən keçirən, fədakar ziyalı soydaşlarımızdan olan Bilas Heydər oğlu Şadlinskidir. Ömrünün böyük bir hissəsini erməni şovinizmi əhatəsində keçirib, həmin dövrdə təhsil sahəsində müxtəlif vəzifələrdə işləyib, bir sıra basqılara, təzyiqlərə baxmayaraq, hər zaman xalqına gərəkli olmağa çalışıb, əzmlə xidmət edib. Onun həyat tarixçəsi 1904-cü il iyunun 4-dən başlayır. O 1913-cü ildə, 1883-cü ildən Vedidə fəaliyyət göstərən rus-tatar məktəbinə gedir. Özünün əlyazma qeydlərini nəzərdən keçirdikcə həmişə yüksək səviyyədə, keyfiyyətli təhsil verən, ona dərs demiş əvəzsiz pedaqoqlar olan, həmin dövrün tanınmış maarif xadimləri, məktəbin müdiri və ana dili müəllimi İlya bəy Mahmudbəyovu, şəriət müəllimi Mirzə Mustafa Qəmərlinskini, rus dili müəllimi Əli Əzim oğlu İbrahimovu və başqalarını necə də böyük minnətdarlıq, məmnunluq hissləri ilə xatırladığının və yad etdiyinin şahidi olursan. Doğma yurdu Böyük Vedi kəndi Bilas müəllim üçün həm də ilk həyat məktəbi oldu. O, bu kənddə məktəbi bitirib, ilk həyat təcrübəsini, ilkin biliyi də bu kənddə qazanıb.Təfəkkürünü bu kəndin müdrik və yaşlı insanlarının deyimləri, duyumları və xatirələri ilə qidalandırıb. Bu kənddə aldığı yüksək ibtidai təhsil, topladığı acılı-şirinli xatirələr onun gələcək həyatının bütün mərhələlərində yeri gəldikcə köməyinə çatıb, eyni zamanda onun pedaqoji baxışlarının formalaşmasına da güclü təsir göstərmişdir. Bilas müəllimin acılı- şirinli, əzablı və mənalı həyat hekayəsinə diqqətlə nəzər saldıqda insanlıq kökləri əsasında qurulmuş, insanların bir-birinə olan saf məhəbbətini, ağsaqqallara hörməti, ictimai əmlaka olan düz, vicdanlı münasibəti, elin mənafeyini qorumaq qeyrətini və digər bu kimi insani keyfiyyətləri görürsən. Çünki o, hələ məktəbdə oxuyarkən ona dərs demiş əvəzsiz pedaqoqların hikmətli dünyasından bəhrələnib öyrənmişdi.
Bilas Şadlinski Vedi rus-tatar məktəbini bitirdikdən sonra o zamanlar qəza məktəbləri üçün müəllim kadrları hazırlayan İrəvan Müəllimlər Seminariyasına daxil olur. Amma 1918-ci il hadisələri zamanı bu təhsil ocağının da fəaliyyəti dayandırılır. Bu səbəbdən də Bilas müəllim təhsilini davam etdirə bilmir. Onu da qeyd edim ki, Abasqulu bəy Şadlinskinin yaratdığı “Qırmızı tabor”un tərkibində erməni şovinistlərinə qarşı mübarizədə İrəvan Müəllimlər Seminariyasının və Gimnaziyasının Azərbaycan şöbəsini bitirənlər mərdliklə vuruşmuşlar. Seminariyanın məzunları Fəraməz və Şəmdin bəy Mahmudbəyovlar, o cümlədən Bilas Şadlinski və başqaları “Qırmızı tabor”un tərkibində erməni daşnaklarına qarşı misilsiz qəhrəmanlıqlar göstərmişlər. Amma bütün bunlara baxmayaraq, ermənilərin azərbaycanlılara qarşı amansız şəkildə həyata keçirdikləri qanlı cinayətlər, soyqırımı Bilas müəllimin ailəsindən də yan keçmir. Digər soydaşlarımız kimi onlar da qətlə yetirilməkdən xilas olmaq üçün doğma yurdunu tərk etməyə məcbur olurlar. El yerindən tərpənib Araz çayına doğru üzlərini çevirir.Yaşlı adamlar həmişə söyləyərdi ki, Arazı keçmək üçün ora yığışan insanlar təlaş, səs-küy içində idi. İnsan seli, uşaqların ağlaşması, dəhşətli qışqırtı səsləri insanların canını lərzəyə salır, adamın bədənində qanı donurmuş. Bilas müəllimin ailəsi birtəhər ölümün cəngindən xilas olub, Arazın o tayına keçə bilir. Bu dözülməz və acınacaqlı durum Bilas müəllimin atası Heydər kişinin ağır xəstələnməsinə səbəb olur və o burada İranın Ərəblər kəndində dünyasını dəyişir. Yeri gəlmişkən onu da qeyd edim ki, erməni zülmündən xilas olmaq üçün canlarını götürüb o yerlərə pənah aparmış yüzlərlə soydaşlarımız həmin Ərəblər kəndində vəfat etmiş və orada dəfn edilmişlər.Təkcə 1918-1920-ci illərdə Türkiyəyə və İrana pənah aparan və cəmi iki ilə yaxın bir müddətdə o yerlərdə dünyasını dəyişən soydaşlarımızın sayı on minlərlədir. Hələ bu gün də erməni vəhşiliyi nəticəsində dünyasını dəyişmiş, o yerlərdə dəfn olunmuş soydaşlarımızın kütləvi məzarlıqları lazımi səviyyədə araşdırılıb aşkara çıxarılmamışdır.
1920-ci ildə noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. 1918-1920-ci illərdə öz doğma yurd yerlərini tərk etmiş soydaşlarımızdan sağ qalanlardan bir qismi sovet hökumətinin ədalətli xalq hökuməti olduğuna, ölkənin tamhüquqlu vətəndaşları kimi yaşayacaqlarına inanaraq vətənlərinə geri dönür. 1922-ci ilin iyun ayında Bilas Şadlinskinin ailəsi də öz doğma ocağına geri qayıdır. Həmin ilin iyun ayının sonlarında Vedi Nahiyyə İnqilab komitəsinin sədri Saleh Güllücünskinin göstərişi ilə Böyük Vedi kənd qiraətxanasının müdiri təyin edilir.1923-cü ildə Böyük Vedidə təşkil edilmiş məktəbdə müəllim və komsomol özəyinin məsul katibi kimi fəaliyyətə başlayır.1925-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun nəzdində açılmış birillik hazırlıq kursuna daxil olur. Ümumiyyətlə, müəllim kadrların çatışmadığı ilk vaxtlarda azərbaycanlı məktəblərinin pedaqoji kadrlarla təmin edilməsində hazırlıq kurslarının böyük rolu olmuşdur. Həmin kursu uğurla başa vuran Bilas müəllimə ibtidai məktəblərdə dərs demək hüququ olan attestat verilir. 1923-cü ildən 1927-ci ilə qədər Qərbi Azərbaycanın Vedi rayonun Alməmməd, Taftan kənd ibtidai məktəblərinin müdiri vəzifəsində çalışır. Eyni zamanda savadsızlığın aradan qaldırılmasında, yaşlılar üçün savadsızlığı ləğvetmə kurslarının açılmasında, yeni əlifbanın təbliğində və tətbiqində böyük fəaliyyət göstərmişdir. 1927-1928-ci tədris ilində Böyük Vedi kəndli gənclər məktəbinin müdiri təyin edilir, eyni zamanda Vedi rayon komsomol komitəsinin büro üzvü və İrəvan Qəza Komsomol Komitəsinin üzvü seçilir. Bilas Şadlinski təkcə müəllim kimi deyil, həm də özünün ictimai, ədəbi-mədəni fəaliyyəti ilə də azərbaycanlı ziyalılar arasında tanınan, böyük nüfuza malik olan şəxsiyyətlərdən idi. O İrəvanda Azərbaycan dilində nəşr edilən yeganə mərkəzi mətbuat orqanı olan “Zəngi”, sonralar “Qızıl şəfəq” adı ilə işıq üzü görən qəzetlərin yerlərdə yayılmasında, tirajının artırılmasında, bölgədə Azərbaycan ədəbi-mədəni mühitinin canlanmasında da fəal iştirak edən ən aktiv ziyalılarımızdan biri kimi böyük rol oynayırdı. Mövcud dövrün tələblərinə görə yerlərdə fəaliyyət göstərən müəllimlər həm də qəzetin müxbiri hesab edilirdi. Həmin vaxtlarda “Zəngi” qəzeti səhifələrində Bilas müəllimin maarifin, kənd təsərrüfatının vəziyyəti, kəndin ictimai həyatı ilə bağlı yazıları dərc olunurdu. O pedaqoji fəaliyyətindəki uğurlarına görə 1932-ci ildə Xalq Maarif Komissarlığının və Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin fərmanı ilə zərbəçi müəllim adına layiq görülmüşdür.
Amma bunlarla yanaşı erməni məktəblərindən fərqli olaraq bütün azərbaycanlı məktəblərində mövcud olan problemlərin həlli qeyrətli ziyalılarımızın - Bilas Şadlinskinin, Mehdi Kazımovun, Mustafa Hüseynovun, Əkbər Rizayevin və başqalarının qarşısında duran ən mühüm vəzifələrdən biri idi. Azərbaycan məktəblərində mövcud olan problemlərin, milli ayrı - seçkiliyin aradan qaldırılması barədə azərbaycanlı ziyalılar dəfələrlə Ermənistanın müvafiq qurumlarına öz kəskin iradlarını bildirirdilər. Hələ 1935-ci ildə Ermənistan Xalq Maarif Komissarı Levon Arisyan Qəmərli bölgəsi üzrə təhsil işçilərini qəbul edərkən Bilas Şadlinski azərbaycanlı məktəblərində ana dilində kitab, dərslik, dərs vəsaiti, tədris proqramları, milli məktəblərin əlverişsiz bir şəraitdə fəaliyyət göstərməsindən danışaraq öz kəskin iradını bildirmişdi. Həmin dövrdə milli mənafeyi müdafiə etmək, erməni şovinist dairələrinə qarşı kəskin mövqe bildirmək böyük cəsarət, siyasi iradə tələb edirdi. Sözün əsl mənasında fədailik edən bu cür ziyalılarımızın səyi nəticəsində azərbaycanlı məktəblərində mövcud olan problemlər qismən də olsa aradan qaldırılırdı.
1935-ci ildə Aşağı Qəmərlidə qadınlar arasında savadsızlığın aradan qaldırılması kurslarının təşkilində, gənc qızların təhsilə cəlb edilməsində də Bilas müəllimin müstəsna xidmətləri olmuşdur. O 1939-cu ildə Moskvada keçirilən Zaqafqaziya Müəllimlərinin toplantısında nümayəndə kimi iştirak edir. 1939-cu ildə Böyük Vedi orta məktəbinə direktor vəzifəsinə təyin edilir. Qısa zaman ərzində məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və tədris prosesi üçün əlverişli şəraitin yaradılmasını təmin edir. Bilas müəllim hansı məktəbdə işləyibsə həmin təhsil ocağının ahəngdar fəaliyyət göstərməsini təmin etmək üçün erməni şovinist dairələri ilə döyüşə-döyüşə əzmlə çalışmışdır. Öz pedaqoji və ictimai fəaliyyəti ilə respublikada fərqlənən Bilas müəllim 1939-cu ildə “Əlaçı müəllim”, 1940-cı ildə isə “Əməkdar müəllim” fəxri adları ilə təltif olunur.
1946-1953-cü illərdə digər soydaşlarımız kimi Bilas Şadlinski Azərbaycana deportasiya edilərək Şəmkir rayonunun Çinarlı qəsəbəsində məskunlaşır. 1948-ci ildən Çinarlı qəsəbəsində pedaqoji fəaliyyətini davam etdirən Bilas müəllim orta məktəbdə müəllim, direktor müavini, Aşağı Seyfəlli kənd orta məktəbində direktor vəzifələrində çalışır. Həyatı heç vaxt pedaqoji fəaliyyətsiz təsəvvür edilməyən Bilas müəllim 1970-ci ildə respublika əhəmiyyətli fərdi təqaüdə çıxır. Bilas müəllim həyatının, fəaliyyətinin bütün sahələrində əsl müəllim idi. O daim bu adla fəxr etməklə yanaşı, həm də bu adın cəmiyyətdə yüksək nüfuz məqamında olmasına da ləyaqətlə xidmət etmişdir. Ömrü şam kimi əriyib, şagirdlərinin ömrünə qarışan Bilas müəllimin ömrü bu gün də ömürlərdə yaşayır. Onu da qeyd edək ki, doğma, müqəddəs sayılan bu peşənin uca zirvəsinə yüksəlmək də hər müəllimə qismət olmur. Yalnız seçilmişlərə nəsib olur. Abdulla Şaiq müəllim işlədiyi vaxtlarda tələbələrindən birinin xatirə albomuna yazır: “Yüksəlmək, həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə, özünü deyil, başqalarını yaşatmağa çalış! Zira ki, həqiqi bəxtiyarlar cəmiyyət üçün yaşayanlardır?! Bilas müəllim də belə yaşayanlardan olduğu üçün hər zaman böyük minnətdarlıqla yad edilən ziyalılarımızdandır.
Cəlal ZƏNGİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent